AZ | RU | EN
AZ | EN | RU

AHİK-in nümayəndə heyəti İstanbulda keçirilən beynəlxalq simpoziumda iştirak edir

13 Oct 2016

2016-cı il oktyabr ayının 13-də Türkiyənin İstanbul şəhərində “Məmur-Sen” Türkiyə Həmkarlar İttifaqları Konfederasiyası ilə  Statistik, İqtisadi və Sosial Araşdırmalar və İslam ölkələri üzrə Təlim Mərkəzinin ( SESRİC)  “İslam dünyasında həmkarlar ittifaqları” mövzusunda birgə təşkil etdiyi beynəlxalq simpozium öz işinə başlayıb. 

58 ölkənin 80 Həmkarlar İttifaqları Konfederasiyasını təmsil edən 116 nəfər iştirakçının qatıldığı tədbir İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin həmkarlar ittifaqları arasında interaktiv forum mahiyyəti daşıyır. Oktyabrın 17-dək davam edəcək simpoziumun əsas məqsədi İslam ölkələrində həmkarlar ittifaqına dair təcrübə və biliklərin bölüşülməsi və gələcəkdə iştirakçılar arasında davamlı əməkdaşlıq və birgə layihələr yaratmaqla ümumi problemləri həll edəcək yolların müzakirəsidir.

Tədbirdə iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) vitse-prezident, Milli Məclisin deputatı Səttar Mehbalıyev iştirakçıları salamlayaraq simpoziumun qarşısına qoyduğu məqsədlərə çatacağına, əməkdaşlığa güclü təkan verəcəyinə və uğurlu nətəcələr əldə edəcəyinə əminliyini ifadə edib və simpoziumun işinə uğurlar arzulayıb.

Simpoziumdakı çıxışında Azərbaycan həmkarlar ittifaqlarının tarixi, bu günü və qarşısında duran vəzifələr haqqında məlumat verən S.Mehbalıyev bildirib ki, bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası – Azərbaycan Respublikası işçilərinin ən iri həmkarlar ittifaqı birliyidir. Hal-hazırda onun ətrafında 1 milyondan çox insanı əhatə edən 27 üzv təşkilat və 6 tabe təşkilat birləşibdir.

Hər il Azərbaycan Respublikası Nazirlər Kabineti, AHİK, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Baş Kollektiv Saziş imzalanır. Burada işçilərin sosial-iqtisadi mənafeləri ilə bağlı məsələlər öz əksini tapır.

AHİK sədri onu da bildirib ki,həmkarlar ittifaqının təklifi ilə sosial partnyorlarla uzun sürən danışıqlardan sonra bu yaxınlarda, yəni sentyabrın 30-da respublikamızda sosial və iqtisadi məsələlər üzrə Milli Üçtərəfli Komissiya yaradılıb. Eyni zamanda həmin tarixdə «Layiqli Əmək üzrə Ölkə Proqramı» da qəbul edilib.  “Hesab edirik ki,  sosial və iqtisadi məsələlər üzrə Milli Üçtərəfli Komissiyanın yaradılması və proqramın qəbul olunması sosial tərəfdaşlarla əməkdaşlığın inkişafında mühüm rol oynayacaqdır” – deyə AHİK sədri bildirib.
S.Mehbalıyev çıxışında daha sonra vurğulayıb ki, qanunvericiliklə bağlı bizim təkliflərimizə ölkədə diqqətlə yanaşılır. Bunlardan qəbul edilmiş təkliflərin bəzilərini simpozium iştirakçılarının nəzərinə çatdırmaq istəyirəm. 1999-cu ildə Azərbaycan Respublikası Əmək Məcəlləsi qəbul olunarkən bizim tərəfimizdən 100-dən çox təklif verillib və onların əksəriyyəti Əmək Məcəlləsində öz əksini tapıb. Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən işəgötürən həmkarlar ittifaqı üzvünü bu təşkilatın razılığı olmadan işdən azad edə bilməz.

Azərbaycan Respublikasının «Həmkarlar ittifaqları haqqında» Qanununda və İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklə mülkiyyət formasından asılı olmayaraq işəgötürən işçilərin əməkhaqlarından tutulan həmkarlar ittifaqına üzvlük haqlarının mühasibatlıq vasitəsilə tutulmasını təmin edir və 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürür. Əks təqdirdə üzvlük haqqı köçürməməyə görə vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb olunurlar.  

“Bu gün Azərbaycan həmkarlar ittifaqları Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prioritet hesab etdiyi istiqamətlər üzrə öz fəaliyyətini inkişaf etdirir”- deyə sözünə davam edən AHİK sədri deyib ki, qeyri-formal iqtisadiyyatdan formal iqtisadiyyata keçid, Layiqli Əmək, gənclər arasında işsizliyin aradan qaldırılması, gender problemləri, bütün diskriminasiya hallarının aradan qaldırılması, təhlükəsiz iş yerlərinin yaradılması və sairə kimi məsələlər bizim əsas istiqamətlərimizdir.

 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası fəaliyyət göstərdiyi 23 il ərzində dünyanın bir çox həmkarlar ittifaqları mərkəzləri ilə, o cümlədən Türkiyə, Polşa, Bolqarıstan, Belçika, Yaponiya, İrlandiya, İtaliya, Braziliya, Macarıstan, Norveç, İsrail, Çin və MDB ölkələrinin həmkarlar ittifaqları ilə əməkdaşlıq edir. Artıq on beş ildən çoxdur ki, AHİK dünya həmkarlar ittifaqlarının  ən böyük ictimai qurumu olan, 1949-cu ildə yaranmış, hazırda mənzil -qərargahı Brussel şəhərində yerləşən və özündə 153 ölkədən 167,5 milyon həmkarlar ittifaqı üzvünü birləşdirən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası Azərbaycan həmkarlar ittifaqlarının apardığı uğurlu sosial siyasətə, onun beynəlxalq aləmdəki işinə yüksək qiymət verir. Bu gün AHİK sədri Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidentidir.

Konfederasiya Azərbaycanın 1992-ci ildən üzvü olduğu Beynəlxalq Əmək Təşkilatı ilə yüksək səviyyədə əməkdaşlıq edir və onun keçirdiyi bütün tədbirlərdə dövlət orqanları ilə birlikdə fəal iştirak edir.

S.Mehbalıyev daha sonra bildirib ki, bu gün regionda Azərbaycan - Türkiyə münasibətləri xüsusi yer tutur. Ortaq dəyərlərə malik olan Azərbaycan-Türkiyə əməkdaşlığı möhkəm təmələ söykənibdir. Türkiyə və Azərbaycan Respublikaları, onların həmkarlar ittifaqları istər xoş, istərsə də ağır günlərində bir-birinin yanında olduqlarını dəfələrlə təsdiq ediblər. Ölkələrimiz arasında dostluq, qarşılıqlı anlaşma və hərtərəfli əməkdaşlıq davam etməkdədir.

O, bir daha vurğulayıb ki, “Cari ilin iyulun 15-də qardaş Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd ilə bağlı hadisələr Azərbaycanda da böyük narahatlıq və üzüntü ilə qarşılandı. Həmişə Türk xalqının və dövlətinin yanında olan Azərbaycan xalqı, o cümlədən həmkarlar ittifaqları da Türkiyənin Konstitusiyasına, demokratiyasına qarşı yönəlmiş bu cinayəti dərhal qətiyyətlə pislədiyini rəsmi qaydada bəyan etdi. Eyni zamanda hadisənin sabahı (16.07.2016) günü qardaş Türkiyə Həmkarlar İttifaqları Birliklərinin hamısına faks və elektron poçt vasitəsilə narahatlığımızı bildirdik. Bizim üçün çox xoşdur ki, qardaş türk xalqının dövlətinin və millətinin həyata keçirdiyi tədbirlər nəticəsində ölkədə vəziyyət qısa zamanda sabitləşərək əvvəlki qaydasına düşdü.

 “Mən bu günkü tədbirdən bir daha istifadə edərək dövlət çevrilişi cəhdinin qarşısının alınması zaman canlarını qurban verən şəhidlərin ailələrinə və yaxınlarına Azərbaycan həmkarlar ittifaqları üzvləri və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm”.

Sizə də məlumdur ki, AHİK İslam ölkələrindən Tunis, Misir, İraq, Pakistan, Əlcəzair və digər ölkələrlə də geniş əməkdaşlıq edir. Bu ölkələrə qarşılıqlı səfərlərimiz, işbirliyimiz, beynəlxalq tədbirlərdəki görüşlərimiz İslam dünyası həmkarlar ittifaqları ilə yaxın münasibətlərimizin təməlini qoyubdur.

Mən inanıram ki, hazırda keçirdiyimiz bu simpozium İslam ölkələrində həmkarlar ittifaqları təşkilatlarının bilik və təcrübəsinin qarşılıqlı şəkildə  ötürülməsinə və mövcud problemlərin həlli yolunda davamlı əməkdaşlığa vəsilə olacaqdır.

 S.Mehbalıyev Simpozium iştirakçılarının nəzərinə çatdırıb ki, Azərbaycan həmkarlar ittifaqları fəaliyyət göstərdiyi bu illər ərzində özünün əzəli vəzifəsi olan - işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsində informasiya mübadiləsinə böyük önəm veribdir.

“İnformasiya mübadiləsinə niyə önəm veririk? Mənim bunu sizə çatdırmaqda məqsədim var. Belə ki, müsəlman ölkələrini öz ətrafında birləşdirən, beynəlxalq münasibətlər sistemində xüsusi çəkiyə malik olan İslam  Əməkdaşlıq Təşkilatı müsəlman ölkələrinin uğurlu birlik modeli kimi artıq özünü təsdiq edib, üzv dövlətlər arasında qarşılıqlı faydalı əlaqələrin, siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişlənməsinə, İslam həmrəyliyinin güclənməsinə və xalqların mənafelərinin qorunması işinə mühüm töhfələr verib. Dünyada, o cümlədən bir çox müsəlman ölkəsində sabitliyə zərbə vuran müxtəlif neqativ  proseslər, digər tərəfdən isə barışığı, sülh və əmin-amanlığı təcəssüm etdirən islam dini haqqında yanlış rəy formalaşdirmaq cəhdləri bizi narahat etməyə bilməz. Bütün ərəb dünyasını sarsıdan siyasi hadisələr, o cümlədən Fələstin xalqının milli müstəqillik uğrunda mübarizəsi, Suriyada hərbi əməliyyatlar, Ermənistanın Azərbaycana hərbi təcavüzü və digər bu kimi problemlər İslam aləmində davamlı sülhün və təhlükəsizliyin təmin olunmasında, stabil inkişafa maneə yaradan, habelə səylərimizin vahid məqsəd uğrunda səfərbər edilməsini zərurətə çevirən  ciddi faktorlardır. Təəssüflə qeyd etməliyəm ki, Qərbin İslamofob dairələri müsəlman dünyasında baş verən dəyişiklikləri birtərəfli və qərəzli formada təqdim edir. Nəticə etibarı ilə maddi və mənəvi zənginliyə malik olan müsəlman ölkələri, tolerant  və multikultural  xarakteri ilə seçilən müsəlman xalqları, həm də sülh və barışıq dini olan İslam dini haqqında beynəlxalq ictimaiyyətdə qeyri-obyektiv və yanlış təsəvvür yaradılır. İnformasiya sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinə böyük ehtiyac olduğunu əyani şəkildə təsdiq edir. Hesab edirəm ki, İslam ölkələrinin həmkarlar ittifaqlarının informasiya vasitələrində obyektivliyin və həmrəyliyin təmin edilməsi, bu məqsədlə KİV-lərin fəaliyyətinin əlaqələndirilməsi, aktual mövzularla bağlı forum və konfransların təşkili üçün belə tədbirlərin keçirilməsinə ehtiyac vardır. Mən müsəlman ölkələrinin həmkarlar ittifaqları arasında informasiya mübadiləsinin səviyyəsinin yüksəldilməsi, müsəlman dünyasının yüksək mənəvi dəyərlərinin daha effektli təbliği və digər məsələlərin uğurla həllini təmin etmək üçün təklif edirəm ki, İslam ölkələrinin həmkarlar ittifaqları təşkilatlarının vahid mərkəzi yaradılsın”.

AHİK sədri ümid etdiyini bildirib  ki, təklifi simpozium iştirakçıları tərəfindən dəyərincə qiymətləndiriləcək və İslam ölkələrinin həmkarlar ittifaqı hərəkatı öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün var qüvvəsini sərf edəcəkdir.

Tədbir çərçivəsində Simpoziumda iştirak edən nümayəndə heyətləri üzvlərinin Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu tərəfindən qəbul ediləcəkləri də gözlənilir.

FAYDALI KEÇİDLƏR