AHİK-in nümayəndə heyəti rusiyalı həmkarlarının yubiley tədbirində iştirak edib
30 Oct 2019
Oktyabrın 30-da Moskva şəhərində Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının (RMHİF) Baş Şurasının iclası keçirilib.
Tədbiri giriş sözü ilə Federasiyanın sədri M. Şmakov
açaraq rəhbərlik etdiyi Federasiyanın X qurultayının qərarlarının yerinə
yetirilməsində həmkarlar ittifaqının vəzifələri, Federasiyanın fəaliyyət
proqramı, 30 illik yubileyi və digər məsələlər haqqında məlumat verib.
Tədbirdə iştirak edən AHİK-in sədri, Milli Məclisin üzvü,
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) vitse-prezidenti Səttar
Möhbalıyev çıxış edib.
S. Möhbalıyev bildirib ki, Rusiyanın həmkarlar ittifaqları
hərəkatı mürəkkəb və dolğun bir yol keçib. Ötən illər RMHİF-in yaranması və inkişafı, tam
yeni bir tarixi şəraitdə həmkarlar ittifaqlarının öz yerini tapması yolunda çətin
axtarış illəri olub. Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyası öz fəaliyyəti
dövründə sosial tərəfdaşlıq sistemi, sosial-əmək münasibətləri sahəsində qanunvericilik
bazası formalaşdırıb, əmək hüquqlarının və sosial təminatların müdafiəsinə yönəldilmiş
bir sıra irimiqyaslı aksiyalar keçirib. Bu gün Rusiya həmkarlar ittifaqı fəalları
vaxtilə əsası qoyulmuş ənənələri daha da zənginləşdirir, həmkarlar ittifaqı hərəkatının
inkişafı və işçilərin həyat şəraitinin yaxşılaşdırması istiqamətində işlər görür, onların hüquqlarının
qorunmasında nüfuzlu institut kimi RMHİF-in statusunu möhkəmləndirirlər.
Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyası sosial-əmək,
həmkarlar ittifaqının və zəhmətkeşlərin hüquqlarına riayət olunması sahəsində federal
və regional qanun layihələrinin işlənib hazırlanmasında iştirak edir, Rusiya
qanunvericiliyinin təkmilləşdirilməsi prosesinə fəal təsir göstərir. Federasiya həmçinin, MDB ölkələrinin həmkarlar
ittifaqları arasında əməkdaşlıq və dostluq münasibətlərinin inkişafına böyük
töhfələr verir. Federasiyanın sədri, Rusiyanın tanınmış həmkarlar ittifaqı
lideri, eyni zamanda, Ümum Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti,
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Mixail
Viktoroviç Şmakov dünya həmkarlar ittifaqı hərəkatında layiqli olaraq yüksək
nüfuz sahibidir.
AHİK sədri vurğulayıb ki, biz hamımız vahid həmkarlar
ittifaqı ailəsindən çıxmışıq və bir həmkarlar ittifaqı mərkəzində mövcud olan
problemlər qonşu ölkələrin milli həmkarlar ittifaqı mərkəzlərindəki problemlərlə oxşarlıq təşkil edir. Təbii ki, ötən illər ərzində hər birimiz həmkarlar
ittifaqı işinin bu və ya digər istiqamətlərində müsbət təcribələr əldə etmişik.
Bu gün, iqtisadi proseslərin qloballaşması şəraitində bir-birimizə ehtiyacımız
var, həmkarlar ittifaqı həmrəyliyinə ehtiyac duyuruq.
Ölkələrimiz və
xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətləri Azərbaycanda yüksək
qiymətləndirilir. Biz on illər boyu bir
dövlətdə yaşamışıq, tariximizdə çətin dövrlər olub. Ancaq həmin çətinliklərdən
ləyaqətlə çıxmışıq, dostluq və qarşılıqlı anlaşma ənənələrini qorumuşuq. Hər kəs
öz dünyasında yaşayır, ancaq hamımızı eyni səylər birləşdirir – demokratik dövlət
qurmaq, ölkələrimizin tərəqqisinə nail olmaq.
Azərbaycan həmkarlar ittifaqları Rusiya Müstəqil Həmkarlar
İttifaqları Federasiyasının aktiv fəaliyyətini həmişə böyük maraqla izləyir.
AHİK-in və RMHİF-in birgə fəaliyyətinin ötən 30 ili ərzində biz müsir şəraitdə
məqsəd və vəzifələrimizi, işimizin forma və metodlarını müəyyənləşdirmişik,
konstruktiv, işgüzar münasibətlər qurmuşuq. Konfederasiyamız üzv təşkilarların
mənafeyini rəhbər tutaraq xarici ölkələrin həmkarlar ittifaqları və beynəlxalq
həmkarlar ittifaqı təşkilatları ilə əlaqələri daim inkişaf etdirir və möhkəmləndirir.
AHİK 2000-ci ildən etibarən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının
üzvüdür.
S. Möhbalıyev daha sonra əlavə edib ki, AHİK özünün bütün
fəaliyyəti ilə beynəlxalq həmkarlar ittifaqı hərəkatının məqsəd və ideallarına
bağlılığını təsdiq edir. Biz Beynəlxalq
Əmək Təşkilatının Konvensiyalarının ölkə parlamenti tərəfindən ratifikasiya
olunması üçün məqsədyönlü iş aparırıq. Bu gün məmnunluq hissi ilə qeyd edə bilərik
ki, sosial istiqamətli 11 əsas Konvensiyadan 8-i artıq Azərbaycan parlamenti tərəfindən
ratifikasiya olunub. Pusiyanın və Azərbaycanın
həmkarlar ittifaqı mərkəzlərinin birgə səyləri ilə biz əməkçilərin hüquqlarının
qorunmasında daha fəal rol oynaya bilərik.
Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının
iştirakı ilə keçirilən mühüm tədbirlərdən bəhs edərkən xüsusilə qeyd etmək istərdim
ki, biz AHİK və RMHİF arasında, eləcə də onun üzv təşkilatları olan Sverdlov
Vilayəti Həmkarlar İttifaqları Federasiyası, Tatarıstan Respublikası Həmkarlar
İttifaqları Federasiyası, Həştərxan Vilayəti Həmkarlar İttifaqları Federasiyası
ilə qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında müqavilələr və sazişlər
imzalamışıq. Bizim birgə fəaliyyətimiz dövründə siz təkcə özünüzün təşkilatçılıq
potensialınızı deyil, həm də taktiki kamilliyinizi, şəraitə operativ münasibət
göstərmək, mübarizə formalarına yaradıcı yanaşmaq bacarığınızı ortaya
qoymusunuz. Mövqeyiniz həmişə ardıcıl və
qətiyyətli olub. Azərbaycan Həmkarlar İttifaqları xalqımızın Rusiyanın əməkçi
insanlarına olan dəyişməz dostluq, həmrəylik və qardaşlıq hisslərini bir daha təsdiq
edir.
Tədbirdə Azərbaycan həmkarlar ittifaqları nümayəndə heyətinin tərkibində AHİK sədrinin birinci müavini İlyas Əliyev və müavini Aqil Dadaşov da iştirak edib.