AZ | RU | EN
AZ | EN | RU

AHİK-in nümayəndələri Bolqarıstanda olublar

08 Feb 2019

Fevralın 8-9-da Bolqarıstan Əmək Konfederasiyasının (RODKREPA) onuncu qurultayı keçirilib. 

Paytaxt Sofiya şəhərindəki Milli Konqres Mərkəzində baş tutan qurultayı salamlama nitqi ilə Konfederasiyanın prezidenti Dimitar Manolov və fəxri sədri Konstantin Trençev açıblar.
Respublika prezidenti Rumen Radev, Baş nazir Boyko Borisov, əmək və sosial inkişaf, maliyyə nazirləri, ombudsman və başqaları çıxış edərək təşkilatın keçdiyi şərəfli yoldan danışıblar. Deyiblər ki, bu qurum hələ totalitar, sosialist rejimi dövründə üzərinə düşən vəzifəni güzəştsiz yerinə yetirmiş, iqtidarların təzyiqlərinə qarşı barışmaz mövqe nümayiş etdirmişdir. Çıxışlarda müasir Bolqarıstanda sosial-iqtisadi proseslərin tənzimlənməsində, işçilərin əmək hüquqlarının qorunmasında Konfederasiyanın, onun üzv təşkilatlarının yeri və rolu yüksək qiymətləndirilib.
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi xanım Şaran Barrou Bolqarıstan həmkarlar ittifaqının təkcə ölkə daxilində deyil, bütövlükdə Avropa məkanında böyük nüfuza malik olduğunu vurğulayıb. Onu milli maraqların daşıyıcısı kimi xarakterizə edib. Nüfuzunun səbəbini təşkilatın daim üzvlərin yanında olması ilə əlaqələndirib.

Qurultayın gedişi, hesabat məruzəsi və məruzə ətrafında çıxışlar da Konfederasiyanın ünvanına söylənən xoş sözlərin təsadüfi olmadığını sübut edib. Sonda təşkilati məsələyə baxılıb. Dimitar Manolov yenidən yekdilliklə Konfederasiyanın sədri seçilib.
Qurultaya 600 nümayəndə, dövlət rəsmiləri, beynəlxalq və xarici ölkə həmkarlar ittifaqları təşkilatlarından qonaqlar dəvət olunmuşdu.
Yeri gəlmişkən, Bolqarıstan Əmək Konfederasiyası 1989-cu il fevralın 8-də təsis edilib. Təşkilatın ilk prezidenti Konstantin Trençev olub. 150 min üzvü var. Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası və Avropa Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.
Qurultayda Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev və AHİK-in beynəlxalq əlaqələr şöbəsinin müdiri Fuad Məmmədov da iştirak ediblər.

 

FAYDALI KEÇİDLƏR