AHİK-in sədri, BHİK və PARŞ-ın vitse-prezidenti, millət vəkili S.S.Möhbalıyevin «Bazar iqtisadiyyatı şəraitində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rolu» mövzusunda konfransda Çıxışı
29 Jun 2017
Hörmətli konfrans iştirakçıları, hörmətli qonaqlar! İcazə verin Sizi AHİK-in İcraiyyə Komitəsi və çoxminli həmkarlar ittifaqı üzvləri adından salamlayım, konfransın işinə uğurlar arzulayım
Burada müzakirə olunan məsələ respublika həmkarlar ittifaqları
üçün də müstəsna əhəmiyyətə malikdir. Çünki, əsas vəzifələrimizdən olan işçilərin
əmək hüquqlarının müdafiəsi bilavasitə əmək müfəttişliyinin necə fəaliyyət göstərməsindən
asılıdır.
Məlumdur ki, son illər Azərbaycan Respublikasında dayanıqlı
inkişaf mövcuddur. Əhalinin sosial-iqtisadi problemlərinin həlli istiqamətində mühüm
addımlar atılır. Əldə olunmuş bütün nailiyyətlər respublikamızın prezidenti cənab
İlham Əliyev tərəfindən ulu öndər H.Əliyevin iqtisadi siyasətinin uğurla davam etdirilməsindən
və dövlət idarəçiliyində innovasiyaların və unikal texnologiyaların tətbiqindən
qaynaqlanır.
Ölkə prezidenti tərəfindən aparılan bu uğurlu siyasət nəticəsində
respublikamız dünyanı bürüyən qlobal iqtisadi böhrandan az itki ilə çıxmaqla bazar
iqtisadiyyatının verdiyi imkanlardan maksimum yararlanaraq, bir sıra sahələrdə,
o cümlədən qeyri-neft sektorunda ciddi irəliləyişlərə nail olub.
Azərbaycanın stabil inkişafında ölkədə fəaliyyət göstərən
vətəndaş cəmiyyəti qurumlarının, o cümlədən həmkarlar ittifaqlarının da özünəməxsus
payı vardır.
Xüsusilə ictimai nəzarətin formalaşdırılmasında Azərbaycan
həmkarlar ittifaqları mühüm rol oynayır. Biz ictimai nəzarəti həmkarlar ittifaqlarının
texniki əmək müfəttişliyi, əməyin hüquq müfəttişliyi, etimadlı həkimlər, eyni zamanda
ilk təşkilatların həmkarlar ittifaqı komitələri nəzdində əməyin mühafizəsi komissiyaları
və əməyin mühafizəsi üzrə ictimai müvəkkillər vasitəsilə həyata keçiririk.
Həmkarlar ittifaqlarının texniki əmək müfəttişləri öz fəaliyyətini
dövlət idarə və nəzarət orqanları ilə sıx əlaqədə qurur, müəssisə və təşkilatlara
maneəsiz daxil olur, aşkara çıxarılmış nöqsanların aradan qaldırılmasına aid işəgötürənlərə
göstərişlər verir və icrasına nəzarət edirlər. Öz dəyərləndirmələrində müstəqil
və sərbəst olan texniki əmək müfəttişləri eyni zamanda qəbul etdikləri qərarlara
görə məsuliyyət daşıyırlar. Onlar dövlət nəzarəti həyata keçirən orqanlar qarşısında
işçilərin həyat və sağlamlığına, habelə ekologiyaya zərər vura bilən hər hansı istehsalatı
və işəgötürən tərəfindən qəbul edilmiş qərarın təsirini dayandırmaq və vəzifəli
şəxsləri məsuliyyətə cəlb etmək barədə məsələ qaldıra bilərlər.
Həmkarlar ittifaqlarının müdafiə funksiyalarını yerinə yetirərkən
biz Beynəlxalq Əmək Təşkilatının əmək sferasının gələcəyi barədə təşəbbüslərinə,
iş yerləri, bərabərlik, dayanıqlılıq və insan təhlükəsizliyinin müasir problemlərinin
həlli ilə əlaqədar tövsiyələrinə və tərəfdaşlarımızla sosial dialoq prinsiplərinə
söykənirik.
Muzdlu işçilərin qanuni hüquq və mənafelərinin qorunmasında
kollektiv müqavilələr və sazişlərin özünəməxsus yeri olduğunu hesab edirik.
İşçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Baş
Sazişdə nəzərdə tutulmuş tədbirlər çərçivəsində AHİK-in təklifi ilə «Texniki təhlükəsizlik
haqqında», «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəliyi nəticəsində peşə əmək
qabiliyyətinin itirilməsinin icbari sığortası haqqında» qanunlar qəbul edilib.
Əmək və Vergi Məcəllələrinə iş və istirahət rejimi, əməyin
mühafizəsi xidmətinin yaradılması üçün işçi sayı reqlamenti, zərərli iş şəraitində
işləyən işçilərə profilaktik qida məhsulları verilməsinə xərclənən vəsaitin vergidən
azad olunması ilə əlaqədar dəyişikliklər edilib. İsti və soyuq vaxtlarda işçilərə
fasilələr verilməsi şərtlərinə və işin saxlanması üçün temperatur reqlamentinə də
dəyişikliklər olunub.
Eyni zamanda istehsalatda intensivliyin güclənməsi, ortaya
çıxan yeni faktorlar: əməyin gərginliyinin artması, uzunmüddətli əsəb gərginliyi
və onunla bağlı əsəb-psixi gərginliklər və digər pozuntuların yarada biləcəyi fəsadlar
da diqqətimizdən kənarda qalmayıb. AHİK-in təşəbbüsü ilə «İstehsalatda bədbəxt
hadisələrin təhqiqatı və uçota alınması qaydaları» işlənmiş və 2000-ci ildən qüvvəyə
minib. Həmin qaydalarda istehsalat gərginliyi nəticəsində infarkt və insult
xəstəliyinin də istehsalat xəsarəti kimi uçota alınması nəzərdə tutulub.
Hələ 2014-cü ildə AHİK-in II Məclisi «Sağlam və təhlükəsiz
əmək şəraitinin yaradılmasında həmkarlar ittifaqlarının rolu» məsələsini müzakirə
edərək sahə həmkarlar ittifaqı orqanlarının və ilk həmkarlar ittifaqı təşkilatlarının
sosial tərəfdaşlarla birlikdə əməyin mühafizəsi sahəsində vəzifələrini, fəaliyyətinin
əsas istiqamətlərini müəyyənləşdirib.
Bu istiqamətlərdən biri də əmək şəraitinin yaxşılaşdırılmasına,
istehsalatın mədəniyyətinə və estetikasına, istehsalatda bədbəxt hadisələrə və peşə
xəstəliklərinə yol verilməməsinə həsr olunmuş baxış-müsabiqələrin və yarışların
keçirilməsidir. Qaliblərin maddi və mənəvi
cəhətdən həvəsləndirilməsi əlverişli və təhlükəsiz iş şəraitinin yaradılmasına marağı
artırır. Baxış-müsabiqələrin keçirildiyi bütün dövr ərzində 455 müəssisə və təşkilat
daha yaxşı göstəricilər əldə edib və qalib elan olunub.
Ümumdünya əməyin mühafizəsi gününə, «Layiqli əmək uğrunda
mübarizə günü»nə həsr olunmuş tədbirlər Azərbaycanda da geniş vüsət almış, bu tədbirlərlə
əlaqədar görüşlər, seminarlar, müşavirələr, konfranslar, dəyirmi masalar keçirilməsi
ənənəyə çevrilib.
Xüsusi işlənmiş tematik plan əsasında təkcə 2017-ci ilin ötən
dövrü ərzində həmkarlar ittifaqı orqanlarının əməyin mühafizəsi komissiyası üzvləri
və ictimai müvəkkilləri üçün ümumilikdə 2 min nəfəri əhatə edən 114 zona seminarı
keçirilmişdir ki, bu tədbirlərdə əməyin mühafizəsi ilə bağlı məsələlər öyrənilib.
26 sahə həmkarlar ittifaqını təmsil edən texniki əmək müfəttişləri
dövlət nəzarət orqanları, idarədaxili nəzarət xidmətləri ilə birgə təkcə 2016-cı
ildə 643 müəssisə və təşkilatda yoxlamalar aparmış, əməyin mühafizəsi və sanitar-gigiyena
qaydalarının pozulmasına dair 3619 pozuntu
halı aşkar etmiş və aradan qaldırılması barədə göstəriş vermişlər ki, bu da
2015-ci ilin göstəriciləri ilə müqayisədə 34,9% çoxdur.
Həyata keçirilən nəzarət tədbirləri nəticəsində aşkara çıxarılan
pozuntuların 92,4%-i müəyyən edilmiş vaxtda aradan qaldırılıb.
Həmkarlar ittifaqlarının əhatə dairəsində olan müəssisələrdə
2017-ci ilin 5 ayı ərzində ölümlə nəticələnən bədbəxt hadisələrin sayı ötən ilin
müvafiq dövrü ilə müqayisədə 31,6% (19 hadisəyə qarşı 13 hadisə) azalmışdır.
Hörmətli konfrans iştirakçıları!
Qeyd etmək istəyirəm ki, həmkarlar ittifaqlarının bundan sonrakı
nəzarət-profilaktiki fəaliyyəti də Beynəlxalq Əmək Təşkilatının təməl prinsiplərinə
və tövsiyələrinə, Azərbaycan Respublikasının 2016-2020-ci illər üçün layiqli əmək
proqramına uyğun olaraq həyata keçiriləcəkdir.
Gələcək perspektivdə biz 2016-cı ildə AHİK-in təşəbbüsü ilə
yaradılmış sosial-iqtisadi məsələlərə dair Milli Üçtərəfli Komissiya çərçivəsində
sosial tərəfdaşlarla əməkdaşlığı davam etdirmək niyyətindəyik.
Komissiya yarandığı gündən layiqli əməyə nail olmanın effektiv
və çoxşaxəli mexanizminə çevrilib.
Hörmətli konfrans iştirakçıları!
Ölkədə əməyin mühafizəsi və nəzarət-profilaktika sahəsində
görülən çoxsaylı tədbirlərə baxmayaraq, 2006-cı ildən bəri əmək xəsarəti hallarının
aşağı salınmasına nail ola bilməmişik. Təkcə 2016-cı ildə, həmkarlar ittifaqlarının
əhatə dairəsində olan müəssisələrdə müxtəlif istehsalat xəsarəti alanların sayı
2015-ci illə müqayisədə 33,8% artaraq 95 nəfərə çatmışdır. Həmin dövrdə 49 istehsalat
xəsarəti ölümlə nəticələnmişdir, yəni 48,5% yüksəlib.
AHİK ölümlə nəticələnmiş bədbəxt hadisələrin analizi ilə bağlı
məqsədyönlü işə başlamışdır. Əvvəllər olduğu kimi, bədbəxt hadisələrin əsas səbəbi
yenə də təşkilati məsələlərdir.
Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
yanında fəaliyyət göstərən Əmək Müfəttişliyi Xidməti öz fəaliyyətini sosial partnyorlarla
koordinasiya şəraitində qurmaq üçün daha effektli addımlar atmalıdır. Qeyri-formal
iqtisadiyyatdan formal iqtisadiyyata keçidlə bağlı bu günədək toplanmış təcrübəyə
istinad edərək öz işini təkmilləşdirməli, əmək kollektivlərində kollektiv müqavilələrin
bağlanmasına, onun şərtlərinin icra edilməsinə xüsusi diqqət yetirməli, bu sahədə
müsbət beynəlxalq təcrübəyə üstünlük verməlidir. Təbii ki, bu məsələlərin həllində
Azərbaycan həmkarlar ittifaqları hər cür dəstəyə hazırdır.
Sosial tərəfdaşlarla əməkdaşlıq çərçivəsində nəzarət-profilaktika
işinin gücləndirilməsi, qanunverici və normativ hüquqi bazanın inkişaf etdirilməsi
istiqamətində müzakirələrin aparılması da ümumi işimizin xeyrinə olardı.
Həmçinin texniki əmək müfəttişliyinin və dövlət əmək müfəttişliyinin
keçirdiyi nəzarət profilaktika tədbirlərinə qoyulan məhdudiyyətin aradan götürülməsini
vacib hesab edirik. Fikrimizcə, texniki əmək müfəttişliyinə işçilərin həyatına və
sağlamlığına təhlükə yaradan istehsalın və avadanlığın dayandırılmasına göstəriş
verilməsi barədə sərbəst qərar qəbul etmək hüququ verilməlidir. Eyni zamanda dövlət
əmək müfəttişliyinin müvafiq icra hakimiyyəti orqanını xəbərdar etmədən nəzarət
funksiyalarını həyata keçirmək hüququ olmalıdır. Sosial tərəfdaşların bu məsələləri
üçtərəfli komissiya çərçivəsində müzakirə edəcəklərini umuruq.
Yeri gəlmişkən, komissiyada müzakirəsini təklif etdiyimiz
digər məsələlər haqqında konfederasiyamızın əməyin mühafizəsi şöbəsinin müdiri Vladimir
Arqutkin öz çıxışında ətraflı məlumat verəcəkdir.
Ümid edirəm ki, konfrans sosial tərəfdaşlar arasında layiqli
və təhlükəsiz iş yerlərinin yaradılması sahəsində daha məhsuldar əməkdaşlıq üçün
addım olacaq, əməyin mühafizəsi sahəsində çözüm gözləyən problemlərin səmərəli həlli
yollarının müəyyən edilməsinə təkan verəcəkdir.
Sizə məhsuldar iş arzulayıram.
Diqqətinizə görə minnətdaram.