AHİK-in V Məclisi keçirilib
08 Nov 2017
Noyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V Məclisi keçirilib. Məclisi giriş sözü ilə açan AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev gündəlikdə duran məsələ ilə bağlı məlumat verərək bildirib ki, 2018-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayının çağırılması məsələsi Məclis üzvlərinin müzakirəsinə verilir.
Məclis
yekdilliklə qərara alıb ki, AHİK-in V qurultayı 2018-ci il fevralın 5-də
Bakı şəhərində keçirilsin.
Məclisdə daha sonra “İlin peşəkar gənci” müsabiqəsi
qaliblərinin mükafatlandırılması mərasimi olub. Bu münasibətlə çıxış edən
S.Möhbalıyev qeyd edib ki, Məclisimizin bugünkü yığıncağı 10 noyabr “Ümumdünya gənclər günü” ərəfəsində
keçirilir. Bu barədə qərar Gənclər Təşkilatları Beynəlxalq Birliyinin (ÜDGF) 1945-ci il Londonda keçirilən
konfransında qəbul edilib. Ümumdünya gənclər gününün keçirilməsində əsas məqsəd
gənclərin problemlərinin daha qabarıq şəkildə nəzərə çatdırılması və onların həlli
yolunda tədbirlərin görülməsidir.
Tarixən hər
bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə
bağlayır. Savadlı, geniş dünya görüşünə malik gənclərin yetişdirilməsi,
onların məşğulluğu hər bir ölkə üçün
başlıca məsələdir. Dünyada işçi qüvvəsinin dörddə birini gənclər təşkil etdiyi
bir vaxtda işsizlərin yarısı məhz
onların payına düşür. Əmək bazarları gənclərin yaxşı perspektivli işlərlə təmin
edilməsində böyük çətinlik çəkirlər. Hazırda dünyada 29 yaşa qədər 3 milyarddan
çox insan var. Onların yarım milyarddan çoxu yoxsulluq şəraitində yaşayır. Hər
gün aclıqdan otuz min gənc ölür və yeddi min gənc QİÇS virusuna yoluxur.
Azərbaycan
Respublikası Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş
strukturuna malik əhalisi olan və əhali sayı sürətlə artan az sayda ölkələrdən
biridir.
Ümummilli
lider Heydər Əliyev 1996-cı ildə fevralın 2-nin Gənclər Günü kimi qeyd olunması
barədə sərəncam imzalayarkən demişdi: «Biz dövlətin və cəmiyyətin idarə edilməsində
gənc nəsil qüvvəsinə arxalanaraq, onların imkanlarından maksimum istifadə edəcəyik».
AHİK sədri
deyib ki, Ulu öndərin gənclərə olan bu böyük inamı onun hakimiyyətdə olduğu illərdə
də, sonrakı dövrlərdə də özünü doğrultdu. Gənclərin cəmiyyətimizin aparıcı qüvvəsinə
çevrilməsi üçün ölkə rəhbərliyi tərəfindən mühüm addımlar atılıb. Belə ki, Gənclər, İdman və Turizm
Nazirliyinin yaradılması, Azərbaycan gənclərinin ümumrespublika forumlarının
keçirilməsi, «Gənclər ili»nin elan edilməsi, "Dövlət gənclər siyasəti” və
«2015-2025-ci illərdə Azərbaycan Gəncliyinin İnkişaf Strategiyası» haqqında fərman
və fəaliyyət proqramlarının təsdiqi gənclərə ayrılan qayğının göstəricisidir.
BMT tərəfindən
dünya miqyasında gənclərin məşğulluğu üzrə şəbəkə yaradılıb və on üzv ölkə
lider müəyyən olunmub. Azərbaycan da həmin on lider ölkə sırasına daxil edilib. Respublika Prezidenti cənab İlham Əliyevin təbirincə
desək, «Gənclər… cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas
rol oynayırlar». Ən istedadlı, bacarıqlı oğlan və qızlar dövlət və hakimiyyət
orqanlarında məsul vəzifələrə irəli çəkilirlər. Mədəniyyət, idman, elm sahəsində
onların qarşısında geniş imkanlar açılıb.
Bütün bu kompleks ölçülər gənc işçilərin əmək
bazarında vəziyyətini stabil saxlayır.
2010-cu ildən bu günədək 360 min yeni iş yeri yaradılıb ki, bu müddətdə
işə düzələnlərin 70%-i gənc kadrlardır. Gənclər arasında işsizliyin səviyyəsi
15 faizdən 10,9 faizə enib. Ölkədə mövcud demoqrafik meyillər və inkişaf
perspektivləri, iqtisadi prioritetlər əsasında uzunmüddətli dövlət məşğulluq
siyasəti formalaşdırılır. AHİK sosial tərəfədaş kimi bu işlərdə fəal iştirak
edir.
S.Möhbalıyev
vurğulayıb ki, Azərbaycan həmkarlar ittifaqlarının əsas məqsədlərindən biri ölkədə əmək
bazarının inkişafı, işçi resurslarının keyfiyyətinin yüksəldilməsi, əmək
hüquqlarının təminatıdır. Gənclərin böyük bir qismi (24,4%). həmkarlar ittifaqı
sıralarında birləşir. Belə bir qüvvənin təlimləndirilməsi, ruhlandırılması və təşkilatın
işində yaxından iştirakının təmin edilməsi vacib məsələlərdən biridir ki, bu da
təşkilatımızın üzərinə böyük məsuliyyət qoyur. Çoxsahəli işlərin və bir çox tədbirlərin
birbaşa icraçısı AHİK-in və üzv təşkilatların nəzdində yaradılan “Gənclər
Şuraları”dır. Biz gənc Hİ liderlərinin dünya miqyaslı tədbirlərdə iştirakını
ildən ilə artırırıq. Onlar beynəlxalq miqyaslı tədbirlərdən əldə etdikləri
bilik, müsbət təcrübə və texnologiyaları iş yerlərində tətbiq etməli, bütün
saziş və kollektiv müqavilələrə gənclərin hüquq və mənafelərinə aid bölmə və
öhdəliklərin daxil edilməsi işini gücləndirməlidirlər.
AHİK gənclərin
istehsalata həm ixtisaslı kadr, həm də fəal ictimaiyyətçi kimi hazırlığı işində
stimullaşdırma metodlarından geniş istifadə edir. AHİK İK-nin «Gənclərlə iş üzrə
ən yaxşı ilk Hİ təşkilatı adı uğrunda», «Bu – mənim peşəmdir», «Gender bilikləri
və texnologiyası məktəbi», «İlin peşəkar gənci» və “Gənc həmkarlar ittifaqı
lideri məktəbi”- gənc işçilər üçün kompleks proqram haqqında qərarları bu məqsədləri
güdür. Həmin layihələrin yerlərdə icrası müxtəlif sahələrdə çalışan gənclərin
potensialının inkişafına, peşəkarlıq səviyyəsinin daha da artırılmasına və həmkarlar
ittifaqi üzvlüyünə motivasiyanin gücləndirilməsinə yönəldilir.
S. Möhbalıyev
bildirib ki, sahə həmkarlar ittifaqi orqanları tərəfindən “İlin peşəkar gənci”
fəxri adının verilməsi və “Gənc həmkarlar ittifaqı lideri məktəbi” layihəsində
fərqlənənlər barədə verilmiş təqdimatlar AHİK İcraiyyə Komitəsinin qərarları ilə təsdiq
edilib. “Bu gün fəxri ada və diplomlara layiq görülən gənclərimiz yüksək peşə
hazırlığı, ictimai həyatda fəal iştirakı, əmək intizamı, eyni zamanda yüksək
bilik səviyyəsi və sənət təcrübəsinə malik olmaları ilə seçiliblər.Biz onların
hər birini ürəkdən təbrik edir, həyatda və gələcək fəaliyyətlərində daha yüksək
nailiyyətlərə imza atmalarını
arzulayırıq.”
Tədbirin sonunda “İlin peşəkar
gənci” fəxri adını alan qaliblərə mükafatlar təqdim olunub.