AZ | RU | EN
AZ | EN | RU

AHİK-in V Məclisi keçirilib

08 Nov 2017

Noyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V Məclisi keçirilib. Məclisi giriş sözü ilə açan AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev gündəlikdə duran məsələ ilə bağlı  məlumat verərək bildirib ki, 2018-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayının çağırılması məsələsi Məclis üzvlərinin müzakirəsinə verilir.

Məclis  yekdilliklə qərara alıb ki, AHİK-in V qurultayı 2018-ci il fevralın 5-də Bakı şəhərində keçirilsin.
Məclisdə daha sonra “İlin peşəkar gənci” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi olub. Bu münasibətlə çıxış edən S.Möhbalıyev qeyd edib ki, Məclisimizin bugünkü yığıncağı 10 noyabr “Ümumdünya gənclər günü” ərəfəsində keçirilir. Bu barədə qərar Gənclər Təşkilatları Beynəlxalq Birliyinin  (ÜDGF) 1945-ci il Londonda keçirilən konfransında qəbul edilib. Ümumdünya gənclər gününün keçirilməsində əsas məqsəd gənclərin problemlərinin daha qabarıq şəkildə nəzərə çatdırılması və onların həlli yolunda tədbirlərin görülməsidir.
Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır. Savadlı, geniş dünya görüşünə malik gənclərin yetişdirilməsi, onların  məşğulluğu hər bir ölkə üçün başlıca məsələdir. Dünyada işçi qüvvəsinin dörddə birini gənclər təşkil etdiyi bir vaxtda  işsizlərin yarısı məhz onların payına düşür. Əmək bazarları gənclərin yaxşı perspektivli işlərlə təmin edilməsində böyük çətinlik çəkirlər. Hazırda dünyada 29 yaşa qədər 3 milyarddan çox insan var. Onların yarım milyarddan çoxu yoxsulluq şəraitində yaşayır. Hər gün aclıqdan otuz min gənc ölür və yeddi min gənc QİÇS virusuna yoluxur.
Azərbaycan Respublikası Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik əhalisi olan və əhali sayı sürətlə artan az sayda ölkələrdən biridir.
Ümummilli lider Heydər Əliyev 1996-cı ildə fevralın 2-nin Gənclər Günü kimi qeyd olunması barədə sərəncam imzalayarkən demişdi: «Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəsil qüvvəsinə arxalanaraq, onların imkanlarından maksimum istifadə edəcəyik».
AHİK sədri deyib ki, Ulu öndərin gənclərə olan bu böyük inamı onun hakimiyyətdə olduğu illərdə də, sonrakı dövrlərdə də özünü doğrultdu. Gənclərin cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilməsi üçün ölkə rəhbərliyi tərəfindən mühüm addımlar atılıb.  Belə ki, Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, Azərbaycan gənclərinin ümumrespublika forumlarının keçirilməsi, «Gənclər ili»nin elan edilməsi, "Dövlət gənclər siyasəti” və «2015-2025-ci illərdə Azərbaycan Gəncliyinin İnkişaf Strategiyası» haqqında fərman və fəaliyyət proqramlarının təsdiqi gənclərə ayrılan qayğının göstəricisidir.
BMT tərəfindən dünya miqyasında gənclərin məşğulluğu üzrə şəbəkə yaradılıb və on üzv ölkə lider müəyyən olunmub. Azərbaycan da həmin on lider ölkə sırasına daxil edilib.  Respublika Prezidenti cənab İlham Əliyevin təbirincə desək, «Gənclər… cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar». Ən istedadlı, bacarıqlı oğlan və qızlar dövlət və hakimiyyət orqanlarında məsul vəzifələrə irəli çəkilirlər. Mədəniyyət, idman, elm sahəsində onların qarşısında geniş imkanlar açılıb.
 Bütün bu kompleks ölçülər gənc işçilərin əmək bazarında vəziyyətini stabil saxlayır.  2010-cu ildən bu günədək 360 min yeni iş yeri yaradılıb ki, bu müddətdə işə düzələnlərin 70%-i gənc kadrlardır. Gənclər arasında işsizliyin səviyyəsi 15 faizdən 10,9 faizə enib. Ölkədə mövcud demoqrafik meyillər və inkişaf perspektivləri, iqtisadi prioritetlər əsasında uzunmüddətli dövlət məşğulluq siyasəti formalaşdırılır. AHİK sosial tərəfədaş kimi bu işlərdə fəal iştirak edir.
S.Möhbalıyev vurğulayıb ki, Azərbaycan həmkarlar ittifaqlarının   əsas məqsədlərindən biri ölkədə əmək bazarının inkişafı, işçi resurslarının keyfiyyətinin yüksəldilməsi, əmək hüquqlarının təminatıdır. Gənclərin böyük bir qismi (24,4%). həmkarlar ittifaqı sıralarında birləşir. Belə bir qüvvənin təlimləndirilməsi, ruhlandırılması və təşkilatın işində yaxından iştirakının təmin edilməsi vacib məsələlərdən biridir ki, bu da təşkilatımızın üzərinə böyük məsuliyyət qoyur. Çoxsahəli işlərin və bir çox tədbirlərin birbaşa icraçısı AHİK-in və üzv təşkilatların nəzdində yaradılan “Gənclər Şuraları”dır. Biz gənc Hİ liderlərinin dünya miqyaslı tədbirlərdə iştirakını ildən ilə artırırıq. Onlar beynəlxalq miqyaslı tədbirlərdən əldə etdikləri bilik, müsbət təcrübə və texnologiyaları iş yerlərində tətbiq etməli, bütün saziş və kollektiv müqavilələrə gənclərin hüquq və mənafelərinə aid bölmə və öhdəliklərin daxil edilməsi işini gücləndirməlidirlər.    
AHİK gənclərin istehsalata həm ixtisaslı kadr, həm də fəal ictimaiyyətçi kimi hazırlığı işində stimullaşdırma metodlarından geniş istifadə edir. AHİK İK-nin «Gənclərlə iş üzrə ən yaxşı ilk Hİ təşkilatı adı uğrunda», «Bu – mənim peşəmdir», «Gender bilikləri və texnologiyası məktəbi», «İlin peşəkar gənci» və “Gənc həmkarlar ittifaqı lideri məktəbi”- gənc işçilər üçün kompleks proqram haqqında qərarları bu məqsədləri güdür. Həmin layihələrin yerlərdə icrası müxtəlif sahələrdə çalışan gənclərin potensialının inkişafına, peşəkarlıq səviyyəsinin daha da artırılmasına və həmkarlar ittifaqi üzvlüyünə motivasiyanin gücləndirilməsinə yönəldilir.
S. Möhbalıyev bildirib ki, sahə həmkarlar ittifaqi orqanları tərəfindən “İlin peşəkar gənci” fəxri adının verilməsi və “Gənc həmkarlar ittifaqı lideri məktəbi” layihəsində fərqlənənlər barədə verilmiş  təqdimatlar  AHİK İcraiyyə Komitəsinin qərarları ilə təsdiq edilib. “Bu gün fəxri ada və diplomlara layiq görülən gənclərimiz yüksək peşə hazırlığı, ictimai həyatda fəal iştirakı, əmək intizamı, eyni zamanda yüksək bilik səviyyəsi və sənət təcrübəsinə malik olmaları ilə seçiliblər.Biz onların hər birini ürəkdən təbrik edir, həyatda və gələcək fəaliyyətlərində daha yüksək nailiyyətlərə imza atmalarını  arzulayırıq.”
Tədbirin sonunda “İlin peşəkar gənci” fəxri adını alan qaliblərə mükafatlar təqdim olunub. 

ПОЛЕЗНЫЕ ССЫЛКИ