AZ | RU | EN
AZ | EN | RU

AHİK nümayəndə heyəti Ümumhəmkarlar İttifaqları Konfederasiyasının qurultayında iştirak edib

12 Sep 2017

2017-ci il sentyabrın 12-də Moskvadakı  Əmək sarayında Ümumhəmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK)  VIII qurultayı keçirilib. Qurultayın işində sıralarında 50 milyon işçini birləşdirən MDB müstəqil dövlətlərinin həmkarlar ittifaqları birliklərini  və beynəlxalq sahə həmkarlar ittifaqları birliklərini təmsil edən 131 nümayəndə iştirak edib.  

Qurultayda həmçinin MDB dövlət qurumlarının, sahibkarlıq təşkilatlarının, beynəlxalq və milli həmkarlar ittifaqı birliklərinin, KİV-in nümayəndələri də iştirak ediblər.

Qurultayı Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Prezidenti, Rusiya müstəqil həmkarlar ittifaqları Federasiyasının sədri M.Şmakov açaraq gündəlikdə duran məsələlər barəsində məlumat verib.

Hesabat məruzəsi ilə ÜHİK-in baş katibi V.Şerbakov çıxış edib. Qurultayda həmçinin ÜHİK-in nəzarət-təftiş komissiyasının hesabatı da dinlənilib.

Məruzə ətrafında müzakirələrdə çıxış edən  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev  qeyd edib ki, ÜHİK-in həmkarlar ittifaqı üzvlərinin sosial-iqtisadi maraqlarının müdafiəsində oynadığı rol əvəzsizdir. Biz bu dəstəyi gündəlik fəaliyyətimizdə daim hiss edirik.  Milli həmkarlar ittifaqı mərkəzlərini müntəzəm olaraq faydalı informasiyalar və metodiki tövsiyələrlə təmin edən ÜHİK əməkdaşlarına minnətdarıq. Hesabat dövründə ÜHİK  Azərbaycan həmkarlar ittifaqları sistemində bir çox istiqamətlər üzrə böyük iş aparıb. Dövlətimizin rəhbərləri ilə görüşlər keçirib, muzdlu işçilərin sosial-iqtisadi maraqlarının müdafiəsi, qeyri-formal iqtisadiyyat, əmək miqrasiyası, həmkarlar ittifaqlarında innovasiya, əməyin mühafizəsi, pensiya təminatı və sosial tərəfdaşlıq məsələlərini öyrənib-araşdırıb.  Hesabat dövründə bu araşdırmaların nəticələri iki dəfə ÜHİK-in Şurasında və İcraiyyə Komitəsində  müzakirə olunub. 

S.Möhbalıyev öz çıxışında ÜHİK-in MDB Parlamentlərarası Assambleyasındakı fəaliyyətini xüsusi olaraq vurğulayıb. Deyib ki, ÜHİK Assambleyada faktiki olaraq qanunvericilik təşəbbüsü hüququna malikdir.  MDB Parlamentlərarası Assambleyasının qəbul etdiyi  normativ sənədlər içərisində sosialyönümlü model qanunların dörddə biri  ÜHİK-in təşəbbüsü və bilavasitə iştirakı ilə ilə işlənib hazırlanıbdır. ÜHİK-in Parlamenlərarası Assambleya vasitəsilə  Beynəlxalq Əmək Təşkilatının (BƏT) müzdlu işçilər və həmkarlar ittifaqları üçün olduqca əhəmiyyətli olan 11 Konvensiyasının MDB ölkələri parlamentləri tərəfindən ratifikasiya edilməsi  təşəbbüsünə biz böyük dəsrək vermişik.  Azərbaycanda bu proses müvəffəqiyyətlə həyata keçirilir. Azərbaycan Milli Məclisi tərəfindən BƏT-in 11 Konvensiyasından  altısı artıq ratifikasiya olunub.  Ikisi isə Baş Kollektiv Sazişə müvafiq olaraq iki il ərzində ratifikasiya olunacaqdır.

Biz ÜHİK-in MDB ölkələrinin Statistika Komitələri ilə birgə əməkhaqqı, əməyin mühafizəsi, ətraf mühitin mühafizəsi, əhalinin sağlamlığı vəziyyətini təhlil etmək sahəsindəki səylərini  dəyərləndiririk. ÜHİK-in muzdlu işçilərin həyat səviyyəsinin yaxşılaşdırılmasına təsir göstərmək yolunda fəal səylərinə baxmayaraq bu sahədəki konkret nəticələr arxayınlaşmağa əsas vermir və qarşıdakı illərdə biz bu sahədə daha da qətiyyətlə işləməliyik.

AHİK sədri öz çıxışında hələ də həllini tapmamış bir sıra problemlərə, o cümlədən də əmək miqrantlarının hüquqlarının qorunması məsələsinə də toxunub və qeyd edib ki, həyat özü əmək miqrasiyası problemini  həmkarlar ittifaqlarının prioritet vəzifələri sırasına daxil etməyə vadar edir. Biz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında  bu problemi  həmyerlilərimiz olan çoxsaylı əmək miqrantlarınının çalışdığı ölkələrin həmkarlar ittifaqı mərkəzləri ilə əməkdaşlıq haqqında ikitərəfli müqavilələrin bağlanması ilə həll etməyə çalışıq. Bizim bir sıra sahə həmkarlar ittifaqları Rusiya, Özbəkistan, Qazaxıstan, Serbiya, Bosniya və Hersoqovina həmkarlar ittifaqları ilə belə müqavilələr imzalayıblar. Milli səviyyədə belə müqavilələr Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyası, Gürcüstan Həmkarlar İttifaqı Birliyi, Türkiyə və Ukrayna həmkarlar ittifaqı mərkəzləri ilə, Tacikistan, Qazaxıstan, Özbəkistan Həmkarlar İttifaqı Federasiyaları ilə imzalanıb. ÜHİK-in dəstəyi ilə Yekaterinburqda Sverdlovsk Vilayəti Həmkarlar İttifaqları Federasiyası  və AHİK arasında əmək miqrantlarının hüquqlarının müdafiəsi sahəsində , daha sonra isə çoxlu sayda həmvətənlərimizin yaşadığı  Həştərxan Vilayəti Həmkarlar İttifaqı Mərkəzi ilə müqavilələr bağlanıb.

ÜHİK-in yaxın illərdəki fəaliyyət perspektivlərinə toxunan S.Mehbalıyev  bildirib ki, ÜHİK-in vəzifəsi bundan sonra da həmkarlar ittifaqlarının gələcəyi naminə dövlətlərimizin və beynəlxalq sahə həmkarlar ittifaqı mərkəzlərinin birliyinə, həmrəyliyinə nail olmaqdır. Biz ÜHİK-dən hazırkı əmək münasibətlərinə uyğun  yeni normativ sənədlərin işlənib hazırlanmasını gözləyirik.
“Bu gün Azərbaycan hüquqi, demokt, bütün dünyaya açıq olan bir dövlət qurur” deyən AHİK sədri diqqətə çatdırıb ki,  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 2018-ci ilin fevralında özünün növbəti  V qurultayına hazırlaşır. Bu qurultaya biz üzv təşkilatlarımızın fəal mövqeyi, möhkəm sosialyönümlü qanunverici baza ilə gedirik.  Hesab edirik ki, qurultaya hazırlıq dövrünü  biz Azərbaycanda həmkarlar ittifaqı hərəkatının möhkəmlənməsinə yönəlmiş güclü ictimai-siyasi kampaniya kimi istifadə edə biləcəyik.

Qurultayda ÜHİK-in rəhbər orqanlarına seçkilər keçirilib. Mixail Şmakov yenidən Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Prezidenti, Vladimir Şerbakov isə ÜHİK-in baş katibi seçiliblər.

FAYDALI KEÇİDLƏR