AZ | RU | EN

AHİK nümayəndə heyəti Ümum Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin işində iştirak edib

14 Apr 2017

2017-ci il aprelin 13-14-də Moskvada Əmək sarayında Ümum Həmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) İcraiyyə Komitəsinin və  Şurasının iclasları keçirilib. ÜHİK-in yaranmasının 25 illiyinə həsr edilmiş tədbiri giriş sözü ilə Konfederasiyanın prezidenti, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri M.Şmakov açlb.  Daha sonra gündəliyə daxil olunan məsələlər müzakirə edilib.

ÜHİK İcraiyyə Komitəsinin və Şurasının iclaslarında AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edib.  

Tədbirdə çıxış edən S.Möhbalıyev bütün iştirakçıları Ümum Həmkarlar İttifaqları Konfederasiyasının yaranmasının 25 illiyi münasibətilə təbrik edib və bildirib ki, Ümum Həmkarlar İttifaqları Konfederasiyasının  25 illik fəaliyyəti dövrü böyük və mühüm hadisələrlə zəngindir və  həmkarlar ittifaqlarımız arasındakı həmrəyliyin möhkəmlənməsində vacib mərhələ təşkil edibdir. Azərbaycan Həmkarlar İttifaqları daim  bu birliyin vəhdəti və  birgə fəaliyyəti üçün çalışıb, öz əməli işi ilə bu prinsipə sadiqliyini nümayiş etdirib. Ötən illərdə Azərbaycanın həmkarlar ittifaqlarının nümayəndələri Ümum Həmkarlar İttifaqları Konfederasiyasının keçirdiyi bütün tədbirlərdə fəal iştirak ediblər. Aramızda konstruktiv, işgüzar və dostluq münasibətləri yaranıbdır. ÜHİK  öz sıralarında  MDB ölkələrinin milli və beynəlxalq sahə həmkarlar ittifaqı mərkəzlərini fəal şəkildə birləşdirir. Bütün bu illər ərzində Ümum Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinə yüksək peşəkarlığa, gözəl təşkilatçılıq keyfiyyətlərinə malik, istənilən şəraitdə düzgün qərarlar qəbul etmək bacarığı olan həmkarlar ittifaqı xadimləri rəhbərlik ediblər. Biz beynəlxalq və regional həmkarlar ittifaqı mərkəzlərinin inkişafına verdikləri böyük töhfələrə görə ÜHİK-in prezidenti M.Şmakova, baş katibi V.Şerbakova, eləcə də Konfederasiyanın  bütün rəhbərlərinə öz minnətdarlığımızı bildiririk.

AHİK-in sədri qeyd edib ki, ÜHİK müntəzəm olaraq əmək və sosial qanunvericiliyin təkmilləşdirilməsi sahəsində üzv təşkilatların işinin əlaqələndirilməsində böyük səylər göstərir, bu məsələdə hamımıza metodiki köməkliklər edir, mərkəzlərimiz arasında informasiya mübadiləsinin yaxşılaşdırılmasında fəallıq nümayiş etdirir. Həmkarlar ittifaqı birliklərinin model nizamnamələrinin, konsepsiyaların, planların, müddəaların və ÜHİK-in digər sənədlərinin işlənib hazırlanmasında, birgə təlim seminarlarının, konfransların, görüşlərin keçirilməsində  işimizə konkret yardımçı olur.

Hesab edirəm ki, məhz bu sahədə ÜHİK ciddi nəticələrə nail olubdur.   Muzdlu işçilərin əməyinin və sosial-iqtisadi maraqlarının qorunması sahəsində ÜHİK-in işləyib hazırladığı  və MDB-nin Parlamentlərarası Assambleyasının qəbul etdiyi bütün model qanunlar həmkarlar ittifaqı orqanlarının fəaliyyəti üçün hüquqi bazaya çevrilibdir.  Muzdlu işçilərin və həmkarlar ittifaqlarının hüquqları uğrunda mübarizədə son illərin ən başlıca hadisələrindən biri  Ümumdünya Layiqli Əmək gününün qeyd edilməsidir.  Bu əlamətdar günlə əlaqədar tədbirləri AHİK Azərbaycan hökuməti və  işəgötürənlərlə birgə fəal surətdə həyata keçirir.

S.Möhbalıyev öz çıxışında Ümum Həmkarlar İttifaqları Konfederasiyasının MDB Parlamentlərarası Assambleyasında səmərəli fəaliyyətini də xüsusi olaraq qeyd edərək deyib ki, ÜHİK faktiki olaraq bu qurumda qanunvericilik təşəbbüsləri hüququna malikdir.  Assambleyanın qəbul etdiyi normativ sənədlərin 50 faizindən çoxu sosial yönümlüdür və ÜHİK-in təşəbbüsü və birbaşa iştirakı ilə işlənib hazırlanıbdır. Beynəlxalq Əmək Təşkilatının (BƏT) muzdlu işçilər və həmkarlar ittifaqları üçün böyük sosial əhəmiyyət kəsb edən 11 Konvensiyasının  MDB ölkələrinin parlamentlərində ratifikasiya olunması haqda ÜHİK-in Parlamentlərarası Assambleya vasitəsilə irəli sürdüyü təklif  respublikamızın həmkarlar ittifaqları tərəfindən də tam şəkildə bəyənilərək dəstəklənib. Azərbaycanda bu proses uğurla gedir.  BƏT-in 11 Konvensiyasından 6-sı, yəni, 131, 132, 135, 144, 154,183 saylı konvensiyalar faktiki olaraq Milli Məclis tərəfindən ratifikasiya olunub.  2016-2017-ci illər üçün imzalanmış Baş Kollektiv Sazişə müvafiq olaraq 102, 168 saylı Konvensiyaların ratifikasiyası ilə bağlı təkliflər verilib,  qalan üç Konvensiya isə Respublika Üçtərəfli Komissiyasının iclasının müzakirəsinə təqdim olunmaq üçün öyrənilir.

AHİK sədri çıxışına davam edərək vurğulayıb ki, beynəlxalq sahədə ən uğurlu addımlardan biri ÜHİK-in və onun üzv təşkilatlarının 28 aprel – Beynəlxalq Əməyin Mühafizəsi Günündə iştirakıdır. Artıq 13 ildir ki, Azərbaycan həmkarlar ittifaqları da həmin tarixlə əlaqədar kütləvi tədbirlər keçirir, “Əməyin mühafizəsi üzrə ən yaxşı həmkarlar ittifaqı təşkilatı” adı altında müsabiqələr  təşkil edilir. Regionlarda hakimiyyət orqanları və işəgötürənlərlə birgə muzdlu işçilərin sağlamlığının, əməyinin və təhlükəsizliyinin mühafizəsi işində çalışan mütəxəssislərlə seminarlar aparılır. Son illərdə Azərbaycan həmkarlar ittifaqları olkənin əmək qanunvericiliyinin təkmilləşdirilməsi prosesinə real töhfələr verib. Bizim təşəbbüs və təkliflərimizlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, “Həmkarlar ittifaqı haqqında “, “İnzibati Xətalar” və s. qanunlara 100-dən artıq dəyişikliklər edilib.

Həmkarlar ittifaqlarının miqrasiya siyasətinin həyata keçirilməsində ÜHİK-in aparıcı rolunu önə çəkən S.Möhbalıyev qeyd edib ki,  miqrasiya məsələləri sahəsində əməkdaşlıq çərçivəsində  AHİK  Rusiyanın Sverdlovsk vilayətinin həmkarlar ittifaqı Federasiyası və Həştərxan vilayətinin birləşmiş həmkarlar ittifaqı birliyi ilə  Müqavilə imzalayıb. Həmin vilayətlərdə Azərbaycandan olan çoxlu miqdarda əmək miqrantı cəmləşib. Biz adı çəkilən vilayətlərin həmkarlar ittifaqı mərkəzlərinin rəhbərliyinə həmin regionlardakı Azərbaycan diasporu ilə sıx əməkdaşlıq etdiklərinə, onların problemlərinin həllində yardımçı olduqlrına görə dərin minnətdalığımızı bildiririk. Problemlə bağlı bizim hər bir müraciətimiz ÜHİK tərəfindən diqqət və dəstəklə qarşılanır.

Çıxışının sonunda AHİK sədri bir daha tədbir iştirakçılarını ÜHİK-in yaranmasının 25 illiyi münasibətilə təbrik edib və əminliyini ifadə edərək bildirib ki,  əmək adamlarının qanuni hüquq və maraqlarının qorunmasında MDB ölkələrinin həmkarlar ittifaqı mərkəzlərinin qarşısında yeni, daha mürəkkəb vəzifələr durur və həmin vəzifələrin yerinə yetirilməsi Ümum Həmkarlar İttifaqları Konfederasiyası ilə birgə səylərin nəticəsində öz həllini tapacaqdır.

ÜHİK-in İcraiyyə Komitəsinin və Şurasının iclaslarında Azərbaycan həmkarlar ittifaqı nümayəndə heyətinin tərkibində AHİK sədrinin birinci müavini İlyas Əliyev və müavini Aqil Dadaşov da iştirak ediblər.