AHİK respublikanın 76 şəhər və rayonundakı 3900 aztəminatlı ailəyə 68 ton ərzaq sovqatı göndərdi
29 Apr 2020
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev respublikamızda koronavirusa qarşı mübarizə tədbirlərinə başlanıldığı ilk günlərdən ölkə vətəndaşlarının sağlamlığının, sosial təminatının qorunmasını əsas vəzifə kimi müəyyənləşdirib, bütün dövlət qurumlarına diqqəti bu sahəyə yönəltməyi tapşırıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da
Prezident İlham Əliyevin koronavirus pandemiyası ilə bağlı həyata keçirdiyi tədbirlərdə
yaxından iştirak edir.
Sosial dəstək tədbirləri çərçivəsində Azərbaycan həmkarlar
ittifaqları təşkilatları qısa müddət ərzində 1 milyon 600 min manatdan çox vəsait
xərcləmişdir. İndiyədək 17 mindən artıq aztəminatlı ailəyə ərzaq yardımları
göstərilmiş, 631 min 600 manat məbləğində vəsait bu məqsədlər üçün xərclənmiş,
148 min manat dəyərində qoruyucu vasitələr alınıb paylanılmışdır. Həmkarlar
ittifaqları Koronavirusla Mübarizə Fonduna ümumilikdə 398 min 600 manat vəsait
köçürmüşlər.
Bu günlərdə AHİK-in İcraiyyə Komitəsi xüsusi yardıma və
qayğıya ehtiyacı olan aztəminatlı ailələrə, təqaüdçülərə ərzaq yardımlarının
paylanmasını nəzərdə tutan yeni qərar qəbul etmişdir. Bu məqsədlə respublikanın
76 şəhər və rayonunda yaşayan 3900 aztəminatlı ailəyə ərzaq sovqatın
paylanılması qərara alınmışdır. Ümumi həcmi 68 ton olan ərzaq sovqatları hər
bir ailə üçün vacib olan gündəlik tələbat mallarından ibarətdir.
Aprelin 29-da Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının təşkil etdiyi maşın karvanı ərzaq sovqatlarını ünvanlarına
çatdırmaq üçün respublikanın şəhər və
rayonlarına yola düşmüşdür. Azərbaycanın bütün bölgələrini əhatə edəcək bu
aksiyada yerlərdəki həmkarlar ittifaqı fəalları da iştirak edəcəklər.
Koronavirus pandemiyası şəraitində həmkarlar ittifaqları
təşkilatları tərəfindən maddi və mənəvi yardımlar göstərilməsi gələcəkdə də
davam etdiriləcəkdir.