AHİK sədri Səttar Möhbalıyev Qarabağ müharibəsi veteranları və əlillər ilə görüşüb
09 Aug 2019
Avqustun 9-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Qurban bayramı ərəfəsində Qarabağ müharibəsi veteranları və əlillər ilə görüşüb.
AHİK sədri görüşdə iştirak edən müharibə
iştirakçılarını, onların ailələrini İslam dünyasının müqəddəs bayramı olan
Qurban bayramı münasibətilə təbrik edib. S.Möhbalıyev bildirib ki, ölkə rəhbərliyi
tərəfindən müharibə veteranları və şəhid ailələrinə göstərilən ehtiram və qayğı
artırılır, onların həyat şəraitinin, sosial təminatlarının yaxşılaşdırılması
üçün konkret tədbirlər görülür. Sosial islahatlar paketinin tərkib hissəsi
kimi, bu il Prezidentin aylıq təqaüdü şəhid ailələri üçün 242 manatdan 300
manata çatdırılıb, müharibə əlilləri üçün də sosial müavinət və təqaüdlər orta
hesabla 100 faiz artırılıb, I qrup əlilliyi olanlara (o cümlədən I qrup müharibə
əlillərinə) qulluq edənlər və müharibə veteranları üçün Prezidentin aylıq təqaüdü
təsis edilib. Şəhid ailələri və müharibə əlillərinə avtomobil verilir, onların
mənzillə təminatı davam etdirilir. Millət vəkili diqqətə çatdırıb ki, Ermənistanın
baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edərək orada təxribatçı
açıqlamalar verməsi regionu yeni təhlükələrlə üzbəüz qoyur. Ermənistan baş
nazir səviyyəsində beynəlxalq hüququn norma və prinsiplərini ayaq altına atır və
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk
qrupunun həmsədrlərinin vasitəçilik etdiyi danışıqlar prosesini məhv edir.
Yaranmış vəziyyətə görə tam məsuliyyət Ermənistan rəhbərliyinin üzərindədir.
Ölkə başçısının qeyd etdiyi kimi Azərbaycan öz ərazilərinin işğalı ilə heç zaman
barışmayacaq və işğal olunmuş torpaqlarımızın azad olunması və öz evlərindən
zor gücünə didərgin salınmış məcburi köçkünlərimizin bu torpaqlara geri
qayıtmasını təmin etmək üçün var gücü ilə səylərini davam etdirəcək. Son illərdə
görülmüş işlər, hərbi sahədə aparılan islahatlar, hərbi gücümüzün artırılması,
həm siyasi meydanlarda, həm də döyüş meydanlarında qələbələr bizi daha da
ruhlandırır, daha da gücləndirir. İqtisadi güc də, hərbi güc də bizim tərəfimizdədir.
Ordumuzun döyüş hazırlığı və təminatı yüksək səviyyədədir. Ən müasir
silahlarımız və texnikalarımız var. Prezident, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyevin diqqəti sayəsində son illərdə Azərbaycan Ordusu istər
döyüş qabiliyyətinə, istər maddi-texniki bazasına, istərsə də müasir silah-sursat
arsenalına görə dünyada lider yerlərdən birini tutur.
Millət vəkili Qarabağ müharibəsi veteranlarının və əlillərin
hər zaman AHİK-in diqqət mərkəzində olduğunu deyib. Onlarla mütəmadi olaraq
görüşlərin keçirildiyini, problemlərinin həllinə xüsusi həssaslıqla
yanaşıldığını, istirahət və müalicələrinin təşkili istiqamətində atılan
addımları da diqqətə çatdırıb. Görüşdə iştirak edənlər ölkəmizdə geniş vüsət alan
sosial müdafiə tədbirlərindən, həssas qrupların rifah halının yaxşılaşdırılması
üçün atılan mühüm addımları yüksək qiymətləndiriblər. Diqqət və qayğı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban
Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Onlar qeyd ediblər ki, AHİK sədri Səttar
Möhbalıyevdən çox razıyıq. Nə zaman müraciət etsək bizi qəbul edir, köməklik
göstərir.
Sonda görüş iştirakçılarının hər birinə bayram
münasibəti ilə maddi yardımlar edilib.