AHİK sədri Ümum Həmkarlar İttifaqları Konfederasiyasının iclaslarında iştirak edib
19 Nov 2019
Noyabrın 19-da Moskvada Həmkarlar İttifaqlarının Əmək sarayında Ümum Həmkarlar İttifaqları Konfederasiyası Şurasının və İcraiyyə Komitəsinin iclasları keçirilib.
Əməyin mühafizəsi, ekologiya, əməkçilərin sağlamlığı və sosial təminatı məsələlərinə həsr olunmuş
Şura iclasında çıxış edən AHİK-in sədri,
Milli Məclisin deputatı, Beynəlxalq Həmkarlar ittifaqları Konfederasiyasının
vitse-prezidenti Səttar Möhbalıyev bu sahədə respublikamızda həyata keçirilən
işlər barədə məlumat verərək qeyd edib ki, Azərbaycan son illər ərzində istər
siyasi, istər iqtisadi, istərsə də sosial cəhətdən daha da möhkəmlənib. Dövlət
rəhbərinin ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına yönəldilmiş
sosial siyasətinin səmərəliliyi xeyli yüksəlib. Respublikamızda aparılan ciddi
iqtisadi islahatlar, şəffaflığın təminatına dair görülən işlər gəlirlərin əhəmiyyətli
dərəcədə artmasına, ölkənin iqtisadi göstəricilərinin və maliyyə imkanlarının
yüksəlməsinəimkan yaradıb. Neft gəlirlərinin düzgün bölgüsü, iqtisadiyyatın
qeyri-neft sektorunun inkişafı, neftdən
asılı olmayan yeni inkişaf dövrünə sürətlə keçidi üçün münbit zəmin yaranıb.
Son 8 ay ərzində
ölkəmizin prezidenti tərəfindən ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsini,
ölkə problemlərinin həll edilməsini, xüsusilə Azərbaycanın ərazi bütövlüyünü,
müstəqilliyini müdafiə edərkən əlil olmuş
şəxslər, şəhid ailələri, məcburi qaçqın və köçkünlər və yaşlı insanlar
üçün nəzərdə tutulmuş pensiya və müavinətlərin ciddi şəkildə artırılmasını nəzərdə
tutan əmr və sərəncamlar imzalanıb.
İşçilərin rifah halının artımına və onların sosial müdafiəsinin
yüksəldilməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi ümumiləşdirilmiş
göstəricilərin artımında öz əksini tapıb. 2018-ci ildə əhalinin gəlirləri 9,2
faiz artıb.
S. Möhbalıyev bildirib ki, cari ilin əvvəlində Azərbaycan
Respublikasının prezidenti iki böyük sosial islahatlar paketini təqdim edib.
Prezidentin sərəncamı ilə 2019-cü il martın 1-dən minimum əməkhaqqı 40 faiz
qaldırılaraq 180 manat olan (106 dollar) yaşayış minimumu səviyyəsinə
çatdırılıb. Bu məqsədlər üçün ölkə büdcəsinin xərcləri 300 milyon manatdan çox
olub ki, bu da 600 min insanı əhatə etmiş və ölkədə orta aylıq əməkhaqqının
artmasına gətirib çıxarmışdır. İkinci paket isə sentyabrın 1-dən minimum əməkhaqqının
250 manatadək (147 dollar) artırılmasını nəzərdə tuturdu ki, bu da 38,9 faiz
yaşayış minimumundan artıqdır.
Bu il pensiyaların minimum aylıq məbləği 70 faizdən çox
artaraq 200 manat (118 dollar) olmuş, müavinətlər – 2 dəfə, orta aylıq əməkhaqqı
35 faiz artmışdır. Nəticədə respublika üzrə orta aylıq əməkhaqqı 723 manat (425
ABŞ dolları) olmuşdur. Gizli iqtisadiyyatla aparılan ciddi mübarizə 100 mindən
çox iş yerinin aşkar olunmasına şərait yaradıb. Əlbəttə, əməkhaqqının 35 faiz
artması və orta aylıq əməkhaqqının 723 manata çatdırılması ölkə rəhbərliyinin
sosial siyasətinin bariz nümunəsidir.
AHİK sədri qeyd edib ki, bütövlükdə bu islahatlar 4
milyon 200 min adamı əhatə edir. Eləcə də nəzərə çatdırıb ki, minimum əməkhaqqının ölçüsü əməkqabiliyyətli insanın yaşayış minimumundan çoxdur. Ölkə üzrə
minimum əməkhaqqının, demək olar ki, 2 dəfə artmasına həmkarlar ittifaqlarının
uzunmüddətli, məqsədyönlü işi də öz təsirini
göstərib. Məlumdur ki, bəzi dövlət proqramlarına minimum əməkhaqqının
artırılmasına dair öhdəliklərin daxil edilməsi bizim təkidli işimizin nəticəsidir.
Həmkarlar ittifaqları ölkə rəhbəri tərəfindən qəbul edilən
qərarları BƏT-in 131-ci Konvensiyasında və Avropa Sosial Xartiyasında müəyyən
edlilmiş minimum əməkhaqqı üzrə dövlətin öz üzərinə götürdüyü öhdəliklərin tam
həcmdə yerinə yetirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirir. Belə
ki, bu qərarlar qəbul edilənədək ölkə üzrə minimum əməkhaqqı orta aylıq əməkhaqqının
30 faizini təşkil edirdisə, hazırda bu rəqəm 43 faizə çatdırılıb.
Azərbaycan son
artımdan sonra alıcılıq qabiliyyəti paritetinə görə minimum əməkhaqqı üzrə MDB
ölkələri məkanında və Cənubi Qafqazda birinci yerdədir.
Çıxışda qeyd edilib
ki, fiziki şəxslərin problemli kreditləri
ilə bağlı tədbirlər haqqında fevral sərəncamı ölkə vətəndaşlarının həyat səviyyəsinin
yaxşılaşdırılmasına əhəmiyyətli dərəcədə kömək oldu. Dünya səviyyəsində neftin
qiymətinin 3-4 dəfə aşağı düşməsi nəticəsində
dövlət maddi itkilər verən şəxslərin problemli kreditlər məsələsinin həll edilməsinə
dəstək göstərərək, xarici valyuta ilə kredit alan fiziki şəxslərin maliyyə
itkilərini ödəmək məqsədilə onların
kreditlərinin dövlət tərəfindən ödənilməsi haqqında qərar qəbul etmiş,
kreditini ödəyənlərə isə 5 min dollara kimi (manat ekvivalentində) kompensasiya
verilib.
İşçilərin sosial-iqtisadi maraqlarının müdafiəsinə,
yaşayış səviyyəsinin yaxşılaşdırılmasına, eləcə də ədalətin bərpa edilməsinə
dair əsas tələblərlə yanaşı ölkə rəhbərinin prinsipial fərmanları ilə əməkçilərin
əmanətləri üzrə problemlər aradan qaldırılıb. Ölkə rəhbərliyinin qərarı ilə bu il oktyabrın
15-dən başlayaraq əhalinin müflisləşmiş banklarda 10 min ABŞ dollarınadək
sığorta olunmamış əmanətlərnin Əmanətlərin Sığorta Fondu tərəfindən
qaytarılması prosesi gedir. Bu prosedur 50 mindən çox adamı əhatə edəcəkdir.
Bundan əlavə respublika rəhbərliyinin digər qərarları ilə
2015-ci ildə baş verən iki
devalvasiyadan zərər çəkmiş banklardan valyuta ilə kredit götürənlərin əmanətlərinin
alınmasına yardım edilib. Nəticədə 850-900 min kreditora dəyən zərər dövlət tərəfindən
(milyard manata yaxın) ödənilib.
S. Möhbalıyev məlumat üçün bildirib ki, Ümumdünya
bankının digər nüfuzlu dünya strukturları və hökumətlərinin məlumatına əsasən,
Azərbaycan iqtisadiyyatı bu ili 3 faiz artımla başa vuracaq.
Azərbaycan həmkarlar ittifaqları sosial siyasətin həyata
keçirilməsi və stabil demokratik cəmiyyətin qurulması üçün əsas əhəmiyyət kəsb
edən sosial dialoqun təşəbbüskarıdır. Ümumi əhval-ruhiyyəni cəmləyərək onu əks
etdirən həmkarlar ittifaqları dövlət tərəfindən aparılan sosial iqtisadi siyasətə
cəmiyyətin reaksiyasını aşkara çıxarır və onun vaxtında təshih edilməsinə
yardım edir.
Həmkarlar ittifaqlarının fəal iştirakı ilə əhalinin məşğulluğuna
dair milli qanunvericiliyin bəzi əsasnamələri yenilənib, Əmək və İnzibati Xətalar
Məcəllələrinə, eləcə də digər qanunvericilik aktlarına düzəlişlər edilib, «Məşğulluq
haqqında» yenilənmiş Qanun qəbul olunub.
Respublikanın həmkarlar ittifaqlarının Azərbaycan tərəfindən
ratifikasiya olunmuş BƏT-in 131 saylı Konvensiyasının icrasında təkidli işi Azərbaycan
Respublikası hökuməti tərəfindən dəstəklənmiş, məsələ Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın
iclasında müzakirə olunmuş, ölkə qanunvericiliyinə daxil edilməsi üçün nəzərdə
tutulan zəruri dəyişikliklərə dair təkliflər Azərbaycan Respublikası Nazirlər
Kabinetinə göndərilib.
AHİK sədri daha sonra vurğulayıb ki, Azərbaycan həmkarlar
ittifaqlarının öz məqsədlərinə çatmaq üçün ən prioritet istiqamətlərindən biri
layiqli əməkhaqqı uğrunda mübarizədir. Məqsədyönlü dövlət siyasəti və sosial
partnyorların qarşılıqlı əməkdaşlığı nəticəsində bu sahədə son il ərzində əhəmiyyətli
nəticələr əldə edilib.
“Biz, həmkarlar ittifaqı olaraq ölkənin dayanıqlı
inkşafını öz fəal iştirakımızla əməyin gələcək sferasının inkişafına, əməkçilərin
sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına, işsizliklə mübarizəyə, gender bərabərliyinə
yönəlmiş «2030-dək Dayanıqlı İnkişafın məqsədləri»
Dövləti Proqramının həyata keçirilməsində görürük.”
Azərbaycan həmkarlar ittifaqları ölkənin sosial-iqtisadi siyasətini gələcəkdə də dəstəkləyəcək
və sosial-iqtisadi hüquqların müdafiəsi, əməyin minimal haqqının ödənilməsi, real əməkhaqqının əhəmiyyətli
dərəcədə yüksəldilməsi, milli qanunvericiliyin beynəlxalq normalara
uyğunlaşdırılması, əməkhaqqının vaxtında ödənilməsi, idarə və təşkilatlar
daxilində, eləcə də bütövlükdə sahələr üzrə gender əlamətlərinə görə əməkhaqqında
differensasiyanın aradan qaldırılması üzrə işi davam etdirmək niyyətindədir.