AHİK təxribatçı qüvvələrin əməllərini qətiyyətlə pislədi
15 Jul 2020
AHİK-in İcraiyyə Komitəsinin bu gün keçirilən onlayn iclasında iyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiyanın cəmiyyətimizdə vətənpərvəlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdiyi qeyd olunub.
AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev
çıxış edərək bildirib ki, aksiya iştirakçılarının vətənpərvərliyi, onların səfərbərlik
elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti sevindirici və
qürurverici haldır. Orduya dəstək hər bir vətəndaşın borcudur və bu məqsədlə
müxtəlif tədbirlər, aksiyalar keçirilə bilər.
Lakin təəssüf ki, bəzi qüvvələr bu məqamdan da istifadə
etməyə cəhd göstərdilər. Belə ki, gecə
saatlarında yaradılmış şəraitdən sui-istifadə halları müşahidə edildi, prosesə
siyasi məzmun verməyə, onu nəzarətdən çıxarmağa, neqativ emosiyaların
formalaşdırılmasına cəhdlər göstərildi. Eyni zamanda sosial şəbəkələr vasitəsilə
həm cəbhə xəttində, həm də paytaxtda arzuolunmaz proseslərin baş verməsi barədə
yalan məlumatlar yayıldı.
Hazırda sərhəddə hərbi əməliyyatlar getdiyi bir vaxtda
bir qrup şəxsin Bakının küçələrində iğtişaş yaratmaq cəhdləri, Milli Məclisin
binasına girərək vandallıq törətməsi, polislərə qarşı zor tətbiq olunması vətəndaşlıq
mövqeyinə və qanunlara ziddir, ən əsası isə şəhidlərin ruhuna hörmətsizlikdir.
S. Möhbalıyev deyib ki, ordumuza dəstək nümayişini xoş
niyyətli, vətənpərvər aksiya hesab edir. İştirakçıların səsləndirdikləri
Qarabağla, Milli Ordumuzla bağlı şüarlar, Ali Baş Komandana dəstək çağırışları,
əlbəttə, səmimi idi və xoş niyyət daşıyırdı.
Əfsuslar olsun ki, bu, təxribatsız ötüşmədi, təxribatçı qüvvələr yenə də fürsətdən istifadə
edə bildi, öz xain və çirkin əməlindən qalmadı. Bir qrup təxribatçı və onlara
uyanlar Milli Məclisin binasına basqın etdilər, mühafizəçilərə xəsarət yetirdilər,
binanın içərisinə daxil olub dağıntı törətdilər. Bu adamların həmin anda
ağılları başlarında idimi, yoxsa onlar nəyinsə və ya kiminsə təsiri altında
idilər?
Onlar düşündülər ki, Qarabağa gedən yol Milli Məclisdən
keçir. Onları sərhəddə və daxildə qoruyan əsgər və polislərin nəqliyyat vasitələrini
aşırıb, zərər yetirdilər. Bununla da həmin şəxslər bizləri müdafiə edərkən şəhid
olmuş qəhrəmanlarımızın ruhuna hörmətsizlik etdilər.
Biz Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
olaraq bildiririk ki, Azərbaycanı istəməyən, belə təxribat əməlləri ilə
insanları çaşdırmağa çalışanların niyyətləri gözlərində qalacaqdır.
AHİK İcraiyyə Komitəsinin üzvləri də çıxış edərək təxribatçıların
bu əməllərini qətiyyətlə pislədilər.