AZ | RU | EN

Ali məktəb tələbələrinin XIII Respublika Universiadasının açılış mərasimi olub

21 Apr 2017

Aprel ayının 21-də Bakıdakı Əl Oyunları İdman Sarayında ali məktəb tələbələri arasında təşkil olunan XIII Respublika Universiadasının açılış mərasimi keçirilib. 

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev çıxış edərək bildirib ki, ali məktəb tələbələrinin XIII Respublika Universiadası Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Gənclər və İdman nazirliyinin, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə «Gənclik» Tələbə İdman Cəmiyyəti Respublika Şurası tərəfindən təşkil edilir. XIII Respublika Universiadasında ölkənin 23 ali təhsil müəssisəsinin tələbələrinin iştirakı nəzərdə tutulub. Yarışlar idmanın 11 növü üzrə keçiriləcək və ümumilikdə min nəfərdən artıq tələbəni əhatə edəcək.

Universiadanın keçirilməsində məqsəd tələbə gəncləri respublika və beynəlxalq səviyyəli  yarışlara hazırlamaq,  onları kütləvi şəkildə bədən tərbiyəsinə və idmana cəlb etmək, fiziki hazırlıqlarını möhkəmləndirməkdir. Eyni zamanda Universiadada qalib çıxmış tələbələr 2017-ci ilin avqust ayında Tayvanın paytaxtı Taypeydə keçiriləcək XXIX Ümumdünya Yay Universiadasında iştirak edəcəklər.

S.Möhbalıyev ulu öndər Heydər Əliyevin təhsilə və idmana daim böyük önəm verdiyini vurğulayıb, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında  Azərbaycanda həyata keçirilən uğurlu idman və gənclər siyasətindən danışıb, həmkarlar ittifaqı təşkilatlarının bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin edilməsi ilə bağlı gördüyü işlər haqqında iştirakçılara geniş məlumat verib.

Daha sonra AHİK sədri ali məktəb tələbələrinin XIII Respublika Universiadasını açıq elan edib və  tədbirdə iştirak edən tələbələrə uğurlu nəticələr arzulayıb.

Açılış mərasimində təhsil nazirinin müavini Mətin Eynullayev və digər çıxış edənlər də ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından bəhs edib, yarış iştirakçılarına uğurlar arzulayıblar.