ATİAHİ Respublika Komitəsinin Rəyasət Heyətinin iclası keçirilib
07 Apr 2021
Aprelin 7-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin genişləndirilmiş onlayn iclası keçirilib.
İclasa ATİAHİ Respublika Komitəsinin sədri, millət vəkili
Səttar Möhbalıyev sədrlik edib. İclasın gündəliyinə daxil olan məsələlər
“ATİAHİ Respublika Komitəsinin 2020-ci ilə dair ümumi illik statistik hesabatı
barədə”, “2020-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsində və üzv təşkilatlarda vətəndaşların qəbulu, ərizə və
şikayətlərinə baxılmasının vəziyyəti barədə”, “2020-2021-ci ilin qış imtahan
sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan tələbələrə
ATİAHİ Respublika Komitəsinin adlı təqaüdünün verilməsi barədə”, “2020-ci ilin
yekunlarına görə ATİAHİ Respublika Komitəsinin büdcəsinin yerinə yetirilməsi
barədə”, “2021-ci ilin II rübü üçün sanatoriya-kurort yollayışlarının
bölgüsünün təsdiqi barədə” olub. Sədr iclasın gündəliyi ilə iştirakçılar tanış
etdikdən sonra gündəlik səsə qoyularaq qəbul edilib.
Gündəlikdəki birinci məsələ ilə bağlı ATİAHİ Respublika
Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov mərzə edib. 2020-ci ilin
yekunları ilə bağlı statistik məlumatları açıqlayan məruzəçi qeyd edib ki, ötən
il ittifaq üzvlərinin sayında artım müşahidə olunub. Belə ki, 2021-ci il yanvar
ayının 1-nə Respublika Komitəsinə təqdim edilən rəsmi statistik hesabatlara əsasən
üzv təşkilatlarda işləyən və təhsil alan 389422
nəfərinin ittifaq üzvü olduğu qeyd edilib. 2020-ci ilin 1 yanvar tarixinə
olan statistik hesabatda isə ittifaq üzvlərinin sayı 386591 nəfər göstərilib. Həmçinin
2020-ci ildə Respublika Komitəsinin xidmətində olan 5732 ilk təşkilatda həmkarlar
ittifaqı komitəsi ilə müdiriyyət
arasında kollektiv müqavilə bağlanıb. İttifaq üzvlərinin əmək, sosial, iqtisadi
hüquqları və qanuni mənafelərinin müdafiə olunmasına xidmət edən kollektiv
müqavilələr 296504 nəfər ittifaq üzvünü əhatə edib.
Gündəlikdəki ikinci məsələ ilə bağlı ATİAHİ Respublika
Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə məruzə edib. Bildirib ki, 2020-ci il ərzində
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının üzv təşkilatlarına və
Respublika Komitəsinə ittifaq üzvlərindən
maddi yardım, həmkarlar ittifaqı orqanının işi, əmək hüquqlarının müdafiəsi,
yollayışların alınması, müxtəlif sosial xarakterli məsələlər: müavinət, xəstəlik
vərəqəsinə görə ödəniş edilməsi, təqaüdün hesablanması, yataqxana ilə təminat və
digər məsələlərlə əlaqədar ümumilikdə 49418 ərizə daxil olmuşdur ki, bunların
da 48627-si müsbət həll edilib.
2019-cu illə müqayisədə 2020-ci ildə Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqının üzv təşkilatlarına və Respublika Komitəsinə
daxil olan ərizələrin ümumi sayı azalmışdır. Belə ki, 2019-cu ildə daxil olan
müraciətlərin sayı 61309 olub.
2020-ci il ərzində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqının üzv təşkilatlarına ittifaq üzvlərindən daxil olan müraciətlərin
44661-i maddi yardım, 4157-si sosial-iqtisadi məsələlər (yollayış, müavinət,
yataqxana məsələləri və s.), 143-ü həmkarlar
ittifaqı orqanının işi, 720-si isə əmək hüquqlarının müdafiəsi ilə bağlı olub.
Təhlil zamanı müəyyən edilib ki, il ərzində maddi
yardımla əlaqədar daxil olmuş 44661 ərizədən 44398-i, sosial-iqtisadi məsələlərlə
bağlı daxil olmuş 4157 ərizədən 2077-si, həmkarlar ittifaqı orqanlarının işi ilə
əlaqədar daxil olmuş 143 ərizədən 127-si müsbət həll edilib.
2020-ci ildə əmək hüquqlarının müdafiəsi ilə əlaqədar 720
ərizə daxil olmuşdur ki, onlardan da 665-i müsbət həll edilib. Həmçinin daxil
olan ərizələrin 60-ı işə bərpa ilə bağlı olmuş və onlardan 25 nəfər ittifaq
üzvü öz əvvəlki işinə bərpa edilib.
Gündəliyin üçüncü məsələsi ilə bağlı da Respublika Komitəsinin
sədr müavini M.Cəfərzadə məlumat vermiş, 2020-2021-ci ilin qış imtahan
sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan tələbələrə
ATİAHİ Respublika Komitəsinin adlı təqaüdünün verilməsi ilə bağlı qərar qəbul
edilib.
Gündəlikdəki növbəti məsələlərlə bağlı, “2020-ci ilin
yekunlarına görə ATİAHİ Respublika Komitəsinin büdcəsinin yerinə yetirilməsi
barədə” və “2021-ci ilin II rübü üçün sanatoriya-kurort yollayışlarının
bölgüsünün təsdiqi barədə” məsələlərlə bağlı ATİAHİ Respublika Komitəsinin
katibi, Maliyyə şöbəsinin müdiri Mübariz Eyvazov məlumat verib, müvafiq qərarlar
qəbul olunub.
İclasın sonunda S.Möhbalıyev çıxış edərək Rəyasət Heyətinin
üzvlərinə, eləcə də təşkilat sədrlərinə öz tövsiyələrini çatdırıb. Sədr qeyd
edib ki, ittifaq üzvlərindən daxil olan hər bir müraciət həssas yanaşılmalıdır.
Onları narahat edən problemlər həll edilməlidir.
Sədr həmçinin 44 günlük Zəfər Savaşı nəticəsində işğal
altından azad edilmiş ərazilərin bərpa edilməsi, o ərazilərdə mövcud olmuş
sanatoriya və istirahət mərkəzlərinin bərpası ilə bağlı məsələyə toxunaraq qeyd
edib ki, həmkarlar təşkilatları vəsaitlərindən
qənaətlə istifadə etməli, Qarabağın bərpa edilməsinə öz töhfələrini verməli, bu
istiqamətdə ölkə başçısı cənab İlham Əliyevin apardığı siyasətə dəstək
olmalıyıq.