AZ | RU | EN
AZ | EN | RU

ATİAHİ Rəyasət Heyətinin iclası keçirilib

17 Apr 2019

Aprelin 17-də Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) Respublika Komitəsi Rəyasət Heyətinin iclası keçirilib. 

ATİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyevin sədrliyi ilə keçirilmiş iclasda Respublika Komitəsinin xidmətinə daxil olan bütün şəhər, rayon və rayon hüquqlu həmkarlar ittifaqı komitələrinin sədrləri iştirak edib.
 
S.Möhbalıyev əvvəlcə Rəyasət Heyətinin üzvlərini iclasın gündəliyi ilə tanış edib. Sonra gündəlik səsə qoyularaq qəbul edilib.
Gündəlikdə “2018-ci il ərzində Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində və üzv təşkilatlarında vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılmasının vəziyyəti barədə”, “Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin üzv təşkilatlarının 2018-ci ilin yekunları üzrə statistik hesabatları”,  “2018-ci ilin yekunlarına görə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin büdcəsinin yerinə yetirilməsi haqqında” məsələlər, eləcə də cari məsələlər öz əksini tapıb.

Birinci məsələ ilə bağlı TİAHİ sədrinin müavini Mirzə Cəfərzadə məlumat verib. Bildirib ki, bu müddətdə ittifaq üzvləri tərəfindən edilmiş müraciətlər diqqətlə araşdırılıb, onlara lazımi kömək göstərilib: “2018-ci il ərzində TİAHİ üzv təşkilatlarına və Respublika Komitəsinə ittifaq üzvlərindən maddi yardım, əmək hüquqlarının müdafiəsi, yollayışların alınması, müxtəlif sosial xarakterli bəzi məsələlər ilə bağlı daxil olmuş ərizələrin çoxu müsbət həll olunub”. 
RK-nın təşkilat şöbəsinin müdiri Emil Rüstəmov 2018-ci ilə dair ümumi illik statistik hesabat barədə məruzəni təqdim edib. Deyib ki, qeyd olunan dövr ərzində həmkarlar ittifaqı üzvlərinin sayında artım müşahidə olunub. Üzvlərin sayı 379053 nəfərə çatıb. Artım ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələrin sıralarımıza daxil edilməsi hesabına baş verib. Cari ilin yanvarın birinə olan məlumata görə üzvlərimizin 246882 nəfəri qadın, 132171 nəfəri isə kişilərdir. Həmkarlar ittifaqlarının seçkili orqanlarında 32681 nəfər həmkarlar ittifaqı fəalı qeydiyyata alınmışdır ki, onlardan 18798 nəfəri qadın, 5951 nəfəri isə gənclərdir.
Üçüncü məsələ haqqında isə RK-nın katibi, maliyyə şöbəsinin müdiri Mübariz Eyvazov danışıb. 
Gündəlikdə duran məsələlər ayrı-ayrılıqda müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

İclasın gündəliyində əks olunan məslələrlə bağlı TİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyev öz tövsiyələrini verib. RK sədri qeyd edib ki, istər Respublika Komitəsi, istərsə də üzv təşkilatlar daxil olan bütün müraciətlərə həssas yanaşmalı və ittifaq üzvlərinin problemlərinin aradan qaldırılmasına çalışmalıdır: “Edilən müraciətlərə laqeyd yanaşılmamalıdır. Hər bir insanı qəbul edib dinləmək lazımdır. Çalışmaq lazımdır ki, səlahiyyətlərimiz çərçivəsində problemlərin aradan qaldırılmasına köməklik göstərək. Xüsusən işdən azad olunmalar zamanı diqqətli olmaq lazımdır. Araşdırılma aparılmadan qəti qərar vermək olmaz”.
S.Möhbalıyev həmkarlar ittifaqı komitələrinin sədrlərini aktiv olmağa, müəyyən məsələlərlə bağlı təkliflər verməyə çağırıb.

FAYDALI KEÇİDLƏR