AZ | RU | EN
AZ | EN | RU

“Avropa Sosial Xartiyası prizmasından Azərbaycanda sosial, iqtisadi hüquqların möhkəmləndirilməsi”

02 Jun 2017

İyunun 2-də Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin "Avropa Sosial Xartiyası prizmasından Azərbaycanda sosial, iqtisadi hüquqların möhkəmləndirilməsi" mövzusunda milli parlament seminarı keçirilib.

Seminarı Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva açaraq gündəlik barədə məlumatı diqqətə çatdırıb.
 
Seminarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, BHİK və PARŞ-ın vitse-prezidenti, millət vəkili Səttar Möhbalıyev də çıxış edib. O deyib: “Azərbaycan 2004-cü ilin əvvəlində Dəyişdirilmiş Avropa Sosial Xartiyasına qoşulmaqla Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin daha birini yerinə yetirmiş və demokratik dəyərlərin tətbiqi istiqamətində mühüm addım atıb.
 
Avropa Sosial Xartiyasının ratifikasiyası Azərbaycan həmkarlar ittifaqları hərəkatı üçün çox mühüm hadisə olmuş və bütövlükdə ölkədə sosial-əmək münasibətlərinə müsbət təsir edir.
Xartiyada təsbit olunmuş prinsiplərin, daha dəqiq desəm, əmək, təhlükəsiz əmək şəraitinin, həmkarlar ittifaqlarında birləşmək, kollektiv danışıqlar aparmaq, sosial təminat, işləyən qadınların və əməkçi miqrantların hüquqlarının və sairənin gözlənilməsi həmkarlar ittifaqı təşkilatlarının daim diqqət mərkəzindədir.
Sosial Xartiya mahiyyətcə insan hüquqlarının qorunması üzrə Avropa Konvensiyasına oxşar bir sənəddir. Fərq ondadır ki, Xartiya insanların iqtisadi və sosial sahədəki hüquqlarına aiddir.
Xartiyanı ratifikasiya edərkən hər bir ölkə sosial sahədə vətəndaşların əsas hüquqlarının təmin edilməsi və gözlənilməsi üzrə öhdəliklər götürür.
 
Hər iki ildən bir üzv dövlət Xartiyanın tələblərinin icrasına dair Avropa Şurasına məruzə təqdim etməlidir. Bu hesabata xüsusi nəzarət orqanında-Müstəqil Ekspertlər Komitəsində baxılır, təhlil edilir, milli qanunvericiliyin Xartiyanın tələblərinə uyğunluğunu qiymətləndirir. Bundan sonra məruzə və Komitənin rəyi Nazirlər Kabineti üçün qərar hazırlayan Hökumət Komitəsinə göndərilir. Bu qurum konkret ölkələr üçün tövsiyələri əks etdirən son qərar qəbul edir.
 
Bundan əlavə, Xartiya dövlət tərəfindən bu sənədin yerinə yetirilməməsinə dair həmkarlar ittifaqlarının və işəgötürənlər təşkilatlarının Avropa Şurasının Müstəqil Ekspertlər Komitəsinə kollektiv şikayət vermək hüquqlarını nəzərə alan mexanizmi müəyyənləşdirir. İnsan Hüquqları üzrə Avropa Konvensiyasından fərqli olaraq burada kollektiv şikayət yalnız öz hüquqlarının pozulması hallarında verilməsi ilə şərtləndirilmir və mütləq müddətlər mövcud deyil.
 
Bu gün Azərbaycan həmkarlar ittifaqlarının sərəncamında BƏT-in konvensiyaları və tövsiyələri ilə bərabər, beynəlxalq normaların daha bir aləti - Avropa Sosial Xartiyası vardır. Onun əhəmiyyəti və təsiri üçtərəfli tərəfdaşlar tərəfindən nə dərəcədə əməli istifadə olunacağından asılıdır”.
 
Səttar Möhbalıyev deyib ki. Avropa Sosial Xartiyasının bünövrəsində belə bir məfkurə durur ki, demokratik cəmiyyət vətəndaşlıq və siyasi hüquqlardan əlavə əsas sosial və digər geniş əhatəli  hüquqları müdafiə etməlidir.
 
Əmək hüququnun Xartiyanın birinci maddəsində yer alması təbii görünür. Lakin başqa cür də ola bilərdi. Xartiyanın işlənilməsi zamanı əmək hüququnun adıçəkilən sənədə dövlətlərin öhdəliyi qismində daxil edilib-edilməməsi barədə gərgin mübahisələr gedirdi. Dövlətlərin əksəriyyəti əmək hüququnun Xartiyaya niyyət bəyanatı qismində daxil edilməsinin tərəfdarı idi. Yalnız müzakirələrin son mərhələsində bu hüququn dövlətlərin öhdəliyi kimi əks etdirilməsi haqqında razılığa gəlinib.
 
Dövlətlərin tam məşğulluq məfkurəsinə tərəfdar olduqları heç bir şübhə doğurmur. Əmək hüququnun təfsirinə həsr edilmiş materiallarda verilən çoxsaylı nümunələrdən aydın olur ki, işsizlik probleminin həll edilməsi üçün nə dərəcədə əhəmiyyətli səylər göstərilir. Eyni zamanda o da mübahisə doğurmamalıdır ki, məşğulluq daha geniş məna daşıyan siyasi və iqtisadi kontekstin bir hissəsidir. Bu da bir tərəfdən məşğulluq sahəsində vəzifələr, digər tərəfdən isə iqtisadi məqsədlər (inflyasiyanın azaldılması, tarazlaşdırılmış büdcə və əməkhaqqı və s. arasında kompromisin tapılmasını tələb edir.
 
Avropa Komitəsi tərəfindən Xartiyanın 1-ci maddəsinin 1-ci bəndinə aid əsas prinsiplər çoxsaylı deyil: tam məşğulluğa nail olmaq məqsədindən imtina olunmamalıdır; görülən tədbirlər bilavasitə ehtiyacı olanlara yönəlməlidir, yəni yalnız makroiqtisadi səciyyəli tədbirlərin qəbul edilməsi kifayət etmir; bu mülahizə dinamik xarakter daşıdığı üçün həyata keçirilən tədbirlərin məşğulluq  sahəsində təsirinin ciddi şəkildə sənədləşdirilməsi vacibdir; məşğulluq sahəsində siyasət işlənərkən sosial tərəfdaşlarla məsləhətləşmələrin aparılması zəruridir.
 
Məşğulluq xidmətləri həmçinin peşəyönümü və peşə hazırlığı sahəsində siyasətin nəinki əsas amilləridir, onlar hətta əmək bazarındakı vəziyyətdən asılı olmayaraq müdafiə olunacaq fərdi hüquqların əsasını təşkil edirlər.
 
Hökumətlər tərəfindən bu sahədə müxtəlif tədbirlərə yönəldilən vəsaitlər müəyyən dərəcədə işsizliklə mübarizə məqsədinə xidmət edir. Çevik, yaxşı fəaliyyət göstərən əmək bazarının, həmçinin yüksək ixtisaslı fəhlə qüvvəsinin iqtisadi artımın başlıca amilləri olduğunu anlamaq isə daha əhəmiyyətlidir.
 
Məşğulluq sahəsində mövcud xidmətlər ayrı-seçkilik olmadan bütün işçilərə pulsuz təqdim edilməlidir
 
1-ci maddənin 3-cü və 4-cü bəndinin, habelə 9-cu və 10-cu maddələrin açıqlamaları çox hallarda dəqiqliklə təfsir olunmur, onların arasında sıx əlaqənin mövcudluğu isə bəzi məsələlərdə təkrarlanmaya gətirib çıxarır. Buna baxmayaraq, Avropa Komitəsi son illər ərzində bu sahədə baş verən əhəmiyyətli dəyişiklikləri nəzərə alan bir sıra dəqiq tələblərin formalaşmasına nail olub.
 
Məşğulluq sahəsində mövcud xidmətlər ayrı-seçkilik olmadan bütün işçilərə pulsuz təqdim edilməlidir. Keçmişdə Avropa Komitəsi diqqətini göstərilmiş xidmətlərin pulsuz olması faktının təsdiqlənməsinə yönəldirdi. Bu fikir indi də öz əhəmiyyətini itirməyib. Lakin son zamanlar Komitənin təcrübəsində məşğulluq xidmətinin keyfiyyətinə daha vacib yer ayrılır.
 
Peşəyönümü üzrə xidmətlər də pulsuz təqdim edilməlidir. Bu xidmətləri göstərən müəssisələrin işi yeni informasiya texnologiyalarının tətbiq edilməsi ilə əlaqədar mühüm dəyişikliklərə məruz qalıb. Onlar həm məktəb təhsili sistemi çərçivəsində, eləcə də əmək bazarı sahəsində fəaliyyət göstərməlidirlər. Qeyd olunan xidmətlərin rəhbər halqaları arasında zəruri qarşılıqlı əməkdaşlıq təmin edilməlidir. Avropa Komitəsi müxtəlif ölkələrdə bu sahədəki vəziyyəti bir sıra konkret göstəricilər əsasında, o cümlədən - peşə yönümlü xidmətlər üzrə sərf olunan vəsaitin səviyyəsi, onların ərazilər üzrə mövcudluğu, istifadəçilərin sayı və s. ilə qiymətləndirir.
 
Peşə hazırlığı məsələsinə gəldikdə isə, qeyd etmək lazımdır ki, Avropa Komitəsi son vaxtlar 10-cu maddənin hər bir bəndində olan tələblərin dəqiq ayrılmasına çalışmışdır. Birinci bənddə peşə hazırlığı sahəsində ümumi siyasət, habelə məktəb təhsili çərçivəsində həyata keçirilən ibtidai peşə tədrisi məsələsinə toxunur.
 
"Şagirdlik" məfhumu daha dəqiqliklə ikinci bənddə təfsir olunur. İşsiz gənclər üçün peşə hazırlığı üzrə kursların təşkili məsələsi isə 3-cü bəndin kontekstində nəzərdən keçirilir. Xartiyaya yeni daxil edilmiş 4-cü bənddə uzun müddət ərzində işsiz qalmış şəxslərin peşə hazırlığı məsələsi xüsusi işıqlandırılır.
 
Hər iki halda (peşəyönümü və peşə hazırlığı) digər sövdələşən tərəflərin vətəndaşlar ilə eyni rəftar etmək prinsipinin gözlənilməsi məsələsinə Komitə tərəfindən xüsusi diqqət yetirilir və bu sahədə bir sıra ölkələrdə ciddi problemlərin mövcudluğu qeyd olunur.
 
Dəyişdirilmiş Avropa Sosial Xartiyasını nəzərdən keçirərkən məlum olur ki, 1-ci maddədən əlavə respublikamızın qoşulduğu daha dörd maddədə bilavasitə və ya dolayısı ilə məşğulluq məsələlərinə toxunulur: maddə 9 (peşəyönümü hüququ), maddə 20 (cinsi əlamətə görə ayrı-seçkilik olmadan məşğulluq və peşə məsələlərində bərabər imkanlar və bərabər rəftar hüququ), maddə 24 (muzd bitdiyi təqdirdə müdafiə hüququ) və maddə 27 (ailə öhdəlikləri olan işçilərin bərabər imkanlar və bərabər rəftar hüququ). Bu maddələr mütləq hesab edilən birinci maddənin mülahizələrini tamamlayır və əhatə dairəsini dəqiqləşdirir.
 
Əhalinin tam və səmərəli məşğulluğunun təmin edilməsi bütün sivil ölkələrdə dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri hesab olunur
 
S.Möhbalıyev bildirib  ki, dünyada baş verən maliyyə-iqtisadi böhran iş yerlərinin azlığı və əmək bazarında qeyri-qənaətbəxş vəziyyətlə bağlı köhnə problemə yenidən baxılmasını tələb edir. Əhalinin tam və səmərəli məşğulluğunun təmin edilməsi bütün sivil ölkələrdə dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri hesab olunur.
 
Azərbaycan Respublikasında son illərdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri də əmək bazarının inkişafı və işçi qüvvəsindən səmərəli istifadə edilməsidir.
 
Vətəndaşların tam, azad və müstəqil surətdə məşğulluq növü seçmək və digər mühüm hüquqları ehtiva edən Konstitusiya, BƏT-in konvensiya və tövsiyələri, beynəlxalq standartlara cavab verən Əmək Məcəlləsi, "Məşğulluq haqqında" qanun və digər normativ-hüquqi sənədlər ölkə əhalisinin məşğulluğunun təminatının hüquqi bazasını formalaşdırır.
 
Ölkənin əmək və məşğulluq sahəsində qanunvericiliyi hazırlanarkən və təkmilləşdirilərkən BƏT-in ratifikasiya olunmuş konvensiyalarından, Avropa Sosial Xartiyasından, həmçinin Avropa Sosial Təminat Məcəlləsindən və digər sənədlərdən irəli gələn tələblər, beynəlxalq hüquqi normalar nəzərə alınır.
 
Son on beş il ərzində respublikada yeni iş yerlərinin yaradılması istiqamətində görülən işlər xüsusi qeyd olunmalıdır
 
Qeyd etmək lazımdır ki, respublikamızda məşğulluq problemlərinin həll edilməsinə istiqamətlənən kiçik və orta sahibkarlığa kömək, yoxsulluğun azaldılması və iqtisadi inkişaf, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları, Məşğulluq Strategiyası və digər mühüm sənədlər qəbul olunmuş və ardıcıl surətdə həyata keçirilir. Cari ilin mart ayında ölkə Prezidentinin sərəncamı ilə qəbul olunmuş "Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" sənəd bu sahədə mövcud problemlərin həll edilməsinə mühüm töhfə verəcək.
 
Son on beş il ərzində respublikada yeni iş yerlərinin yaradılması istiqamətində görülən işlər xüsusi qeyd olunmalıdır. Bu müddət ərzində ölkədə 1,6 milyondan artıq yeni iş yeri açılmış və onlardan təqribən 70%-i daimi iş yerləridir. Təqdirəlayiq faktdır ki, bu sahədə işlər hazırda da davam etdirilir.
 
Görülən tədbirlər nəticəsində dünyanı bürüyən maliyyə-iqtisadi böhran şəraitində Azərbaycanda işçilərin kütləvi şəkildə ixtisarlarına yol verilməmiş, əhalinin məşğulluq səviyyəsi 2005-ci ildəki 47,8%-dən 2015-ci ildə 48,4%-ə qədər yüksəlib.
 
Son illər ölkə iqtisadiyyatında həyata keçirilən islahatlar nəticəsində əmək bazarında müəyyən müsbət dəyişikliklərə nail olunub. 2010-2015-ci illər ərzində respublikada əmək ehtiyatları 6015 min nəfərdən 6336 min nəfərə qədər, yəni 320 min nəfər artıb. Buna əsas etibarilə əmək qabiliyyəti yaşında olan əhalinin hesabına nail olunub. Qeyd etmək lazımdır ki, əgər 2010-cu ildə yeniyetmələrin məşğulluğu müşahidə olunurdusa, son illər bu  göstərici artıq mövcud deyil.
 
Əhalinin işsizlik səviyyəsinin azaldılması və onların tam və səmərəli məşğulluğunun təmin edilməsi dövlətin qarşısında duran ən mühüm və xüsusi əhəmiyyət kəsb edən problemlərdən biridir. Rəsmi statistik məlumatlara əsasən, məşğulluq xidmətlərində işsiz statusu almış şəxslərin sayı 2016-cı ildə 33,0 min nəfər olmuş və 2015-ci ilə nisbətən 4,1 min nəfər artıb. Buna uyğun olaraq ölkəmizdə işsizlik səviyyəsi 0,7%-ə bərabər olub.
 
Lakin qeydə alınmış işsizlik səviyyəsinin göstəricisi BƏT-in metodologiyasına əsaslanaraq hesablanan  analoji göstəricidən xeyli fərqlənir. Belə ki, bu üsulla hesablanmış işsizlərin sayı 2010-cu ildə 258,3 min nəfərdən, işsizlik səviyyəsi isə 5,6%-dən 2016-cı ildə müvafiq olaraq 252,8 min nəfərə və 5,0%-ə enmişdir. Bu, MDB ölkələri arasında ən yaxşı göstəricilərdən biridir.
 
Statistik məlumatların təhlili göstərir ki, işsiz qadınların 50,5%-ni, kişilərin isə 52,4%-ni 15-29 yaşında gənclər təşkil edir. İşsiz əhalinin 15,4%-i ali, 12,9%-i orta ixtisas, 4,1%-i ilk peşə ixtisas, 53,3%-i tam orta, 13,6%-i ümumi orta təhsillidir. Xüsusilə qeyd olunmalıdır ki, son on il ərzində işsiz statusu olan ali təhsilli şəxslərin xüsusi çəkisi 30,7%-dən 55,6%-ə qədər yüksəlib. İşsizlik dövrünün son beş il ərzində artması və orta hesabla 16,6 ay təşkil etməsi xüsusi narahatlıq doğurur. 2015-ci ildə 1 ildən çox işsiz qalan şəxslərin xüsusi çəkisi 87,8% təşkil edirdi.
 
Azərbaycan həmkarlar ittifaqları əhalinin məşğulluğu ilə bağlı problemləri daima diqqət mərkəzində saxlayır, öz üzvlərinin əmək hüquqlarını müdafiə edir, əmək, sosial, iqtisadi məsələlər barədə qanunvericilik aktlarının hazırlanmasında və həyata keçirilməsində iştirak edir. Baş Kollektiv Sazişdə məşğulluğa dair ayrıca bölmə mövcuddur. Bu məsələ ilə bağlı müxtəlif öhdəliklər yerlərdə bağlanılan kollektiv saziş və müqavilələrə daxil edilir.
 
Azərbaycan Respublikası ardıcıl olaraq Avropa Sosial Xartiyası üzrə götürülən öhdəlikləri yerinə yetirmək məqsədilə öz sosial sistemini, o cümlədən sosial sahədəki qanunvericilik bazasını təkmilləşdirir.
 
AHİK sədri çıxışında bildirdi ki, Azərbaycan Respublikası ardıcıl olaraq Avropa Sosial Xartiyası üzrə götürülən öhdəlikləri yerinə yetirmək məqsədilə öz sosial sistemini, o cümlədən sosial sahədəki qanunvericilik bazasını təkmilləşdirir. Sosial təminat sahəsində qanunvericiliyin təkmilləşdirilməsi Əmək Məcəlləsində, "Məşğulluq haqqında" qanunda dəyişikliklər edilməsi, pensiya sahəsində islahatların aparılması, sosial sistemin ünvanlılıq prinsipi əsasında qurulması, yoxsulluğun aradan qaldırılması sahəsində Dövlət Proqramının hazırlanması, səhiyyə və təhsil sahəsində islahatların həyata keçirilməsi bu məsələyə xidmət edir. Bununla yanaşı, bir şeyi də  sizin nəzərinizə çatdırmağı özümə borc bilirəm. Avropa Sosial Xartiyası 31 maddədən ibarətdir. Azərbaycanda bu maddələrin 18-i ratifikasiya olunub. Biz onsuz da bu maddələri və ratifikasiya olunmayan digər maddələrdə nəzərdə tutulan tələbləri yerinə yetirərək Avropa Şurası qarşısındakı götürdüyümüz öhdəlikləri həyata keçiririk. Ona görə də yerdə qalan maddələrin də ölkəmizdə ratifikasiya olunmasının məqsədəmüvafiqliyinə baxılması daha yaxşı olar. Çünki Azərbaycan əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi, maddi, sosial tələbatlarının ödənilməsi, layiqli həyat səviyyəsinin təmin edilməsi Xartiyanın müddəalarının əsasını təşkil edir. Məhz bu baxımdan mən bu məsələnin vacibliyini bir daha vurğulamaq istərdim.
 
Seminarda Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli, Avropa Sosial Hüquqlar Komitəsinin nümayəndəsi Lauri Leppik, İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev, Sosial İşlər, Sağlamlıq və Davamlı İnkişaf Komitəsinin sədr müavini Silviya Bonet, Avropa Sosial Xartiyası üzrə Alt Komitənin üzvləri Serxiy Kiral, Jan Skoberne və başqaları çıxış ediblər.
Tədbirə yekun vuran Hadi Rəcəbli seminarın çox səmərəli olduğunu və qarşıya qoyulmuş məqsədə çatdığını qeyd edib. Bildirib ki, Azərbaycan qoşulduğu 18 maddənin hamısı üzrə öhdəliklərini yerinə yetirib və ölkəmizin Avropa Sosial Xartiyasının əlavə maddələrinə də qoşulmaq imkanı var.

 

FAYDALI KEÇİDLƏR