Azərbaycan Həmkarlar İtifaqları Konfederasiyasının nümayəndə heyəti Polşada səfərdədir
03 Feb 2016
Ümumpolşa Həmkaqlar İttifaqıları Alyansının (OPZZ) dəvəti ilə Polşada səfərdə olan AHİK-in nümayəndə heyəti 2016–cı il fevralın 2-də Alyansın prezidenti Yan Qus tərəfindən qəbul ediliblər.
Alyansın prezidenti
rəhbərlik etdiyi qurumun adından qonaqları salamlayaraq onları öz ölkəsində
görməkdən məmnunluğunu ifadə edib. Alyansın prezidenti son dövrlərdə Polşa Həmkarlar
İttifaqı hərəkatında gedən proseslər haqqında Azərbaycan nüməyəndə heyətini məlumatlandırıb,
baş verən yeniliklər, hadisələr haqqında
fikirlərini çatdırıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, AHİK-in sədri,
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin
deputatı Səttar Mehbalıyev Polşaya növbəti səfərlərini Azərbaycan-Polşa həmkarlar ittifaqlarının
münasibətlərində yeni bir mərhələ kimi qiymətləndirərək əlaqələrin daha da möhkəmləndirilməsində
mühüm rol oynayacağına əminlik ifadə edib. S.Mehbalıyev bildirib ki, Azərbaycan
Həmkarlar İttifaqları beynəlxalq həmkarlar təşkilatları ilə əməkdaşlıq, Avropa
Birliyinə üzv olan ölkələrin həmkarlar təşkilatları mərkəzləri ilə dostluq əlaqələrinin
yaradılmasına və möhkəmləndirilməsinə mühüm önəm verir və fəaliyyətinin əsas
istiqamətlərindən biri hesab edir. 2000-ci illərdən başlanan Azərbaycan-Polşa həmkarlar
ittifaqları arasındakı qapşılıqlı əlaqələr AHİK nümayəndə heyətinin 2002-ci ildə
Polşa Həmkarlar İttifaqları Konfederasiyasının (“Solidarnost”) qurultayında
iştirakı, 2003-cü ildə AHİK-in II qurultayında Polşa Həmkarlar İttifaqları
Konfederasiyasının və Ümumpolşa Həmkarlar İttifaqları Alyansının (OPZZ) geniş tərkibli
nümayəndə heyətinin iştirakı ilə AHİK-in hər iki Polşa həmkarlar ittifaqı mərkəzləri
ilə sıx əməkdaşlığının əsası qoyuldu.Sonralar da, istər Azərbaycanda, istərsə də
Polşada həmkarlar ittifaqı mərkəzlərinin keçirdiyi tədbirlərdə nümayəndə heyətlərinin
qarşılıqlı şəkildə iştirak etməsi bu əlaqələrin və əməkdaşlığın inkişafına
böyük təkan vermiş oldu.
S.Mehbalıyev 2013-cü ildə AHİK-in növbəti
qurultayında OPZZ-in prezidenti Yan Qusun və “Solidarnost”un prezidenti Pyotr
Dudanın rəhbərlik etdikləri nümayəndə heyətlərinin iştirakını, eləcə də 2015-ci
ildə Ümumpoşa Həmkarlar İttifaqları Alyansının geniş tərkibdə nümayəndə heyətinin
Bakıya rəsmi səfərini məmnunluq hissi ilə xatırlayaraq deyib ki, bu səfərlər təşkilatlarımız
arasında əlaqələrin daha da güclənməsinə xidmət edir. Polşa nümayəndələrinin
Bakıya səfəri zamanı müxtəlif sahə birlikləri, müəssisələrlə tanışlıq görüşləri
keçirilib, həmçinin Azərbaycan tarixi, mədəni irsi ilə bağlı geniş məlumatlar
verilib, müzeylərə, mədəniyyət mərkəzlərinə səfərlər təşkil edilib.
AHİK sədri söhbət əsnasında xatırladıb ki, yaşadığımız
fevral ayı Azərbaycan xalqı üçün ən ağır aylardan biridir. Bu ayda 20-ci əsrin ən böyük faciələrindən
sayılan 26 fevral 1992-ci ildə baş vermiş Xocalı soyqırımı nəticəsində 106
qadın,63 uşaq və 70 nəfəri qoca olmaqla bütövlükdə 613 nəfər dinc sakin qətlə
yetirilmiş və Xocalı şəhəri yer üzündən silinmişdir. Bununla əlaqədar olaraq
BMT Təhlükəsizlik Şurasının Ermənistanın silahlı birləşmələrinin Azərbaycan ərazisindən
dərhal çıxarılması üçün 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələr
hələ də yerinə yetirilməyib.
Görüşün sonunda AHİK sədri S.Mehbalıyev səmimi qəbul
üçün nümayəndə heyəti adından təşəkkürünü
bildirib və ölkələrimiz, eləcə də həmkarlar ittifaqı mərkəzlərimiz arasında
dostluq və işgüzar əlaqələrin bundan sonra da səmərəli şəkildə davam edəcəyinə əminliyini
ifadə edib.
Azərbaycan Həmkarlar İttifaqlarının nümayəndə heyətu
fevralın 3-də Polşa Parlamentində də olub, parlamentin sosial-siyasət Komissiyasının üzvləri
ilə görüş keçirib. Parlamentin sosial-siyasət Komissiyasının sədr müavini İzabella Mrzygloska Polşa parlamentinin, eləcə də sosial-siyasət
Komissiyasının işi və fəaliyyəti barədə qonaqlara məlumat verib.
AHİK sədri
S.Mehbalıyev də öz növbəsində üzvü olduğu Azərbaycan Parlamentinin işi barədə
geniş məumat verib. Azərbaycanda sosial dialoq haqıında fikirlərini bölüşən
S.Mehbalıyev Hökumətlə sahibkarlar arasında bağlanan Baş Kollektiv Sazişdən, tərəflərin öhdəliklərindən danışıb, Polşanın beynəlxalq təşkilatlarda ölkəmizə həmişə dəstək verdiyini yüksək razılıq hissi
ilə nəzərə çatdırıb.
Görüşdə Azərbaycanın
Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri H.Həsənov da iştirak
edib.