Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının beynəlxalq təşkilatlara MÜRACİƏTİ
12 Oct 2020
Rusiya tərəfinin təşəbbüsü əsasında oktyabrın 9-10-da Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin bəyanatı qəbul edilib.
Bəyanat Rusiya Federsiyasının Prezidenti Vladimir Putinin
müraciətinə cavab olaraq və Prezident Vladimir Putin, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş
naziri Nikol Panşinyan arasında əldə olunmuş razılığa əsasən hazırlanmışdır.
Bəyanatın birinci bəndində 2020-ci ilin 10 oktyabr
tarixi, saat 12.00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç
Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsrlər və
digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs
elan olunması nəzərdə tutulmuşdur.
Çox təəssüf ki, erməni tərəfi humanitar atəşkəsin elan olunmasına
baxmayaraq özlərinin mənfur xislətinə uyğun olaraq atəşkəsi pozmuş, bütün cəbhəboyu-Hadrut
qəsəbəsi, Fizuli və Cəbrayıl rayonları istiqamətindəki yaxın ərazilərdəki yaşayış
məskənlərini atəşə tutmuşlar. Hətta Azərbaycan ordusu tərəfindən azad edilmiş Suqovuşanda
ölmüş erməni əsgərlərinin cəsədləri toplanarkən erməni slahlı qüvvələri üzərinə
ağ bayraq sancılmış sanitar maşınını atəşə tutmuş, nəticədə tibb işçisi ağır yaralanmışdır.
Atəşkəs rejiminin qüvvəyə mindiyi andan ermənilər
tərəfindən Azərbaycan Respublikasının bir sıra rayonlarına 548 mərmi atılıb. Döyüş
meydanında məğlub olması ilə barışa bilməyən erməni tərəfi dinc əhaliyə məqsədyönlü
şəkildə hücum edir.
Oktyabrın 11-də gecə saat 4 radələrində cəbhə xəttindən
80 kilometr aralıda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə Ermənistanın
siyasi və hərbi rəhbərliyinin göstərişi ilə raket hücumuna məruz qalmışdır. Hücum
nəticəsində 9 mülki şəxs (o cümlədən 4 qadın) həlak olmuş, 34 nəfərdən çox dinc
sakin isə yaralanmışdır. 1949-cu il Cenevrə konvensiyasını kobud şəkildə
pozaraq dinc əhaliyə qarşı törədilən bu vəhşilik Ermənistanın XX əsrin əvvəllərindən
Azərbaycan xalqına qarşı başlatdığı soyqırım siyasətinin davam etdirilməsinin sübutudur.
Gəncə şəhərində dinc sakinləri hədəfə alması
Ermənistanın bu günə qədər olduğu kimi, yenə də beynəlxalq təşkilatların qəbul etdikləri
qətnamə və konvensiyaları heçə saydığı anlamına gəlir.
BMT başda olmaqla Avropa Birliyi, ATƏT-in üzv dövlətləri və
digər beynəlxalq təşkilatlar, bir sıra dövlətlər, o cümlədən ABŞ, Rusiya, Almaniya,
Fransa (bu ölkənin prezidenti E.Makronun xüsusi canfəşanlıq etdiyini vurğulamaq
gərəkir) atəşin dayandırılması ilə bağlı Azərbaycan dövlətinə və onun rəhbərinə
dəfələrlə müraciətlər etmişdilər. İndi bu qurumların və dövlətlərin atəşkəs əldə
olunanda Azərbaycanın dinc əhalisinə, o cümlədən Gəncə şəhərində yaşayan mülki
vətəndaşlara qarşı Ermənistanın törətdiyi vəhşiliklərə biganə qalmaları təəssüf
və təəccüb doğurur. İkili standartlara söykənən bu birtərəfli və ermənipərəst mövqe
də tərəfimizdən başa düşülən deyildir.
Ermənistan öz ərazisindən Azərbaycanın döyüş bölgələrindən
uzaq yaşayış məntəqələrini atəşə tutduğu halda, Rusiya tərəfi Ermənistan ərazisinə
hücum edildiyi təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işə qarışacağını
dilə gətirir... Bu da demokratiyanın yeni təzahürüdür. Ermənistan hakimiyyətinin
humanitar atəşkəsi kobudcasına pozması bu atəşkəsə çağırış edən ATƏT-in Minsk qrupunun
həmsədrlərinə, ilk növbədə vasitəçi rolu oynayan Rusiyaya qarşı hörmətsizlik kimi
başa düşülməlidir. Əgər bu qurumların Ermənistana heç bir təsir imkanları
yoxdursa, deməli əhəmiyyəti də yoxdur.
Halbuki, insanlığa sığmayan bu hərəklərə beynəlxalq təşkilatlar,
həmçinin ATƏT-in üzvü və əsas güc sahibləri olan dövlətlər təcili reaksiya verməli,
Ermənistana yerini göstərməli idilər.
Ermənistan isə bundan faydalanaraq Moskvada əldə edilmiş razılaşmaya
açıq-aydın hörmətsizlik göstərməklə Cənubi Qafqazı nəticələri faciəvi ola biləcək
müharibənin yeni mərhələsinə təhrik edir.
Biz - Azərbaycanda fəaliyyət göstərən həmkarlar ittifaqları
təşkilatları sizləri Ermənistanın bu anti humanist, anti bəşəri hərəkətlərini –
dinc əhaliyə, o cümlədən qadınlara, uşaqlara, əlillərə, qocalara qarşı törətdikləri
vəhşilikləri dayandırmaq üçün öz nüfuzumuzdan istifadə etməklə müvafiq addımlar
atmağa çağırırıq.
Ermənistanın bütün dünyanın gözü qarşısında bu qədər müharibə cinayətləri törətməsi
onlar üçün yaradılan cəzasızlıq mühitindən irəli gəlir. İnsani dəyərlərə söykənən
beynəlxalq hüquq və beynəlxalq humanitar qanunların, konvensiyaların tələblərinə
əməl edilməməsinə qarşı mübarizə aparılmasında yalnız bir standart – ədalət standartı
olmalıdır. Ermənistan tərəfindən addımbaşı bu prinsiplərin pozulmasına biganəlik
göstərilməsi isə bəşəri dəyərlərin əsaslarını laxladır.
Hesab edirik ki, siz bizim haqq səsimizi eşidərək Ermənistanın
Azərbaycanın dinc sakinlərinə, o cümlədən Gəncə şəhərində yaşayan mülki əhaliyə qarşı həyata keçirdiyi vandalizm
hərəkətlərini qətiyyətlə pisləyəcək, işğalçının
cəzalandırılması üçün lazımi addımlar atacaqsınız.
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası
12.10.2020-ci il