Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının beşinci qurultayına
05 Feb 2018
Hörmətli qurultay iştirakçıları!Sizi səmimi qəlbdən salamlayır və növbəti ali toplantınızın öz işinə başlaması münasibətilə təbrik edirəm.
Böyük tarixi inkişaf yolu keçmiş Azərbaycan həmkarlar ittifaqları müstəqillik illərində genişmiqyaslı fəaliyyəti sayəsində cəmiyyətin aparıcı təsisatlarından birinə çevrilmişdir. Bu gün respublikamızda ən kütləvi ictimai təşkilat olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vətəndaşların sosial hüquqlarının təmin olunmasında mühüm rol oynayır.
Müasir dövrdə hüquqi dövlət quruculuğu prosesini həmkarlar ittifaqları olmadan təsəvvür etmək qeyri-mümkündür. Azərbaycan hökuməti əmək münasibətlərinin tənzimlənməsi və insanların sosial məsələlərinin həlli sahəsində onların fəaliyyətini yüksək qiymətləndirir. Hazırda ölkəmizdə sosial tərəfdaşlıq sisteminin vacib subyektlərindən biri kimi çıxış edən həmkarlar təşkilatlarına öz işlərini zamanın tələbləri səviyyəsində qurması və funksional imkanlarının genişləndirilməsi üçün hərtərəfli şərait yaradılmışdır.
Azərbaycan Respublikasında dərin sosial-iqtisadi islahatların həyata keçirilməsi, vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi istiqamətində dövlət proqramlarının və infrastruktur layihələrinin uğurla reallaşdırılması yoxsulluq və işsizlik kimi ağır problemlərin səviyyəsinin minimuma endirilməsinə, əhalinin rifah halının yüksəldilməsinə imkan vermişdir. Enerji resurslarından əldə edilən gəlirlər, ilk növbədə, iqtisadiyyatın şaxələndirilməsinə, insan kapitalının və iqtisadi potensialın inkişafına yönəldilmişdir. Aparılmış islahatlar nəticəsində ölkəmizin ümumi daxili məhsulunda qeyri-neft sektorunun həcmi ildən-ilə artır, sahibkarlığın genişlənməsi üçün yaradılmış əlverişli mühit özəl bölmənin fəaliyyətinə müsbət təsir göstərir və çoxsaylı yeni iş yerləri açılır.
Əldə olunan bu uğurlar həm də vətəndaşların sosial mənafelərinin qorunması, əmək münasibətlərinin nizamlanması, cəmiyyətdə hüquqi mədəniyyətin yüksəldilməsi və ictimai həmrəyliyin möhkəmləndirilməsi ilə bağlı həmkarlar ittifaqlarının rolunu və məsuliyyətini daha da artırır. Həmkarlar təşkilatları bu reallıqdan çıxış edərək, müxtəlif mülkiyyət formasına malik olan müəssisə və şirkətlərdə öz fəaliyyətinin qurulması, işçilərin əmək, istirahət, müalicə və digər sosial tələbatlarının ödənilməsi üçün ardıcıl tədbirlərini davam etdirməlidir. Hesab edirəm ki, indiki dövrdə sahə həmkarlar təşkilatlarının işinin gücləndirilməsinə və tərəfdaşlarla səmərəli əməkdaşlığın dərinləşdirilməsinə daha çox diqqət ayrılmalıdır.
İnanıram ki, bugünkü mötəbər tədbirdə aparılacaq konstruktiv müzakirələr və qəbul ediləcək qərarlar ölkəmizin sosial-iqtisadi inkişafının müasir mərhələsində həmkarlar ittifaqlarının nüfuzunun artmasına, cəmiyyətimizin ahəngdar həyatının və vətəndaşların sosial rifahının təmin olunmasına sanballı töhfələr verəcəkdir.
Sizi bir daha ürəkdən təbrik edir, qurultayın işinə uğurlar arzulayıram!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 fevral 2018-ci il.