Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının III Məclisi keçirilib
28 Dec 2020
Derkabrın 28-də AHİK-in III Məclisinin onlayn iclası keçirilib. Məclisdə 2020-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyəti haqqında hesabat dinlənilib.
AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev
hesabat məruzəsi ilə çıxış edib.
Məruzəçi
bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
ilə başlamış geniş miqyaslı xarakter daşıyan islahatlar respublikada yüksək
dayanıqlı iqtisadi artımın təmin edilməsi, iqtisadiyyatın daha da şaxələnməsi,
özəl investisiyaların və təşəbbüslərin yüksək səviyyədə təşkili üçün zəmin
yaratdı.
Bu ilin 11 ayının sosial-iqtisadi göstəricilərinə görə
ölkəmizdə bir sıra sahələrdə, xüsusilə qeyri-neft sənayesində 11,4 faiz, kənd təsərrüfatında
2 faiz, informasiya-texnologiyaları və rabitə sektorunda 1,6 faiz artım qeydə
alınmışdır. Büdcə gəlirlərinin, vergi daxilolmalarının proqnozdan artıq icra
olunması iqtisadiyyatın dayanıqlığından xəbər verir. Bu bir faktdır ki, 2020-ci
ilin bütün çətinliklərinə baxmayaraq Azərbaycanda makroiqtisadi sabitlik müşahidə
edilib, inflyasiya 2,5 faiz, manatın məzənnəsi sabit olub. Bütün bu dayanıqlıq
Azərbaycan Prezidenti tərəfindən aparılan iqtisadi islahatların və onların hədəfli
icra edilməsinin nəticəsində mümkün olub.
Dünya Bankı Doing Business 2020-ci il hesabatı üzrə
apardığı araşdırmaların nəticəsini elan edib. Azərbaycan 191 ölkə üzrə 6 pillə
irəliləyərək 28-ci yerə layiq görülüb və dünyanın ən çox islahat aparan 10 ölkəsindən
biri elan olunub.
Respublikada iqtisadi artım 2020-ci çətin pandemiya ilinə
baxmayaraq yanvar-noyabr aylarına olan statisktik məlumatlara görə kənd təsərrüfatında
məhsul istehsalı 2019-cu illə müqayisədə 2% artmışdır. İşçilərin orta əmək
haqqı 2019-cu illə müqayisədə 14,7% artaraq 704,5 manat təşkil etmişdir.
Ümumilikdə isə respublika üzrə pensiyaların orta aylıq məbləği 01 iyul 2020-ci
il tarixinə olan statistik məlumata əsasən 297,9 manat, o cümlədən yaşa görə
pensiya növü üzrə 328,2 manat, əlilliyə görə pensiyanın orta məbləği 260,9
manat, ailə başçısını itirməsi ilə əlaqədar isə 239,9 manat təşkil etmişdir.
Dünya bankının oktyabr 2020-ci il məlumatına görə dünyanın bir sıra qabaqcıl
ölkələrində iqtisadi geriləmələr müşahidə edilmişdir. İnkişaf etmiş ölkələr
kimi, Azərbaycanda da 2021-ci ildə 3,4% iqtisadi artım olması gözlənilir.
2020-ci ildəki iqtisadi daynıqlıq 2021-ci ildə ölkə
iqtisadiyyatının artım mərhələsinə qədəm qoymasına imkan yaradıb. Təqdim olunmuş iqtisadi
proqnozlara görə 2021-ci ildə ölkəmizdə ÜDM-in 3,4 faiz artacağı, qeyri neft
sektorunun ÜDM-də payının 70,5 faizə çatacağı, inflyasiyanın 3,0 faiz olacağı,
manatın məzənnəsinin sabit olacağı proqnozlaşdırılır. Özəl sektorun iqtisadi
artımda və büdcə gəlirlərində iştirak payının artırılması üçün növbəti ildə də
mühüm stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.
Məruzədə qeyd
olunub ki, yola saldığımız ildə AHİK qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi
üçün bütün imkanlarını səfərbər
etmişdir. İl ərzində AHİK-in İcraiyyə
Komitəsinin 4 iclası keçirilmişdir. Keçirilmiş iclaslarda həmkarlar ittifaqlarının
illik statistik hesabatının, Konfederasiyanın yarımillik iş planlarının təsdiqi,
«Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi”
devizi ilə keçirilən respublika müsabiqəsinin
2019-cu il üçün yekunu, Pandemiya və Vətən müharibəsindən zərər çəkən vətəndaşlara,
habelə şəhid ailələrinə, qazilərə maddi yardım edilməsi, Ermənistanın Azərbaycana
qarşı törətdiyi təcavüz və təxribatlarla əlaqədar aprel 2016-cı il və iyul
2020-ci il tarixlərdə döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olan hərbi
qulluqçuların uşaqlarının AHİK-in üzv təşkilatları tərəfindən himayəyə götürülməsi
haqqında və digər cari məsələlər müzakirə
edilərək müvafiq qərarlar qəbul edilmişdir.
Pandemiyaya görə İcraiyyə Komitəsinin yığıncaqları və
beynəlxalq təşkilatlar (BƏT, BHİK, ÜHİK, Pan Avropa Regional Şurası) tərəfindən
keçirilən tədbirlər (vebinar, konfrans) onlayn qaydada baş tutmuşdur.
Pan Avropa Regional Şurasının rəhbər komitəsinin 29 aprel
tarixli iclası, Beynəlxalq Əmək Təşkilatının zəhmətkeşlərin fəaliyyəti üzrə
Bürosunun təşkilatçılığı ilə Şərqi Avropa ölkələri həmkarlar ittifaqı təşkilatları
üçün 14 mayda konfrans, ÜHİK-in prezidenti S.Şmakovun sədrliyi ilə 1 dekabrda
ÜHİK-in iclası və Pan Avropa Regional Şurası koordinasiya komitəsinin 8 dekabr
tarixli növbəti görüşü və digər tədbirlər də onlayn qaydada keçirilmiş, bu tədbirlərin
hamısında AHİK-in rəhbərləri iştirak və çıxış etmişlər.
Sosial partnyorlarla keçirilən müzakirələrin nəticəsində
19 martda Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş
Kollektiv Saziş imzalanmışdır.
Eyni zamanda cari ilin əvvəllərində respublikamızda səfərdə
olan Türkiyənin «Egitim Sen» və «Memur Sen» həmkarlar ittifaqının sədri Ali
Yalçın, Avroasiya Regional direktoru Syuzan Flokeni və Beynəlxalq Avrasiya təhsil
işçiləri həmkarlar ittifaqı Birliyinin sədri Talip Jeylanın rəhbərlik etdiyi
nümayəndə heyəti AHİK-də qəbul edilmiş, hər iki qurumla əməkdaşlıq məsələləri müzakirə
olunmuşdur.
S. Möhbalıyev pandemiya və 44 günlük Vətən müharibəsində
AHİK-in həyata keçirldiyi tədbirlər barədə məlumat verib. Bildirib ki, Azərbaycan dövləti ölkə Prezidenti İlham
Əliyevin tapşırığı əsasında, pandemiyaya qarşı mübarizəni əhalinin həyatının və
sağlamlığının qorunması, sosial müdafiəsinin təmin olunması və iqtisadi fəallığının
inkişaf etdirilməsi istiqamətlərində qurmaqla müsbət təcrübəyə nail olmuşdur.
Respublikamız pandemiyaya qarşı mübarizə, habelə zərərçəkmiş
kateqoriyalardan olan vətəndaşlara maliyyə dəstəyi göstərməsi üçün dövlət büdcəsindən
təqribən 2,5 milyard manat vəsait ayırmışdır. Bundan başqa, dövlət başçısının tapşırığı ilə dəstək tədbirlərinin
genişləndirilməsi nəticəsində bu vəsaitin məbləği 3,5 milyard manatı üstələmişdir. Təkcə məşğulluğa və sosial rifaha dəstək məqsədilə
600 milyon manat vəsait ayrılmışdır.
600 min işsiz insan, o cümlədən qeyri-formal məşğulluq
sahəsində fəaliyyət göstərən və müvəqqəti işini itirən, aztəminatlı təbəqəyə məxsus
olanlar sərtləşdirilmiş karantin müddətində 190 manat müavinət almışdır.
Türkiyədən, Rusiyadan, Kubadan, İtaliyadan və Çindən dəvət
edilmiş həkim briqadaları Azərbaycanda xəstələrin müalicəsi ilə məşğul olmaqla
yanaşı, öz təcrübələrini də yerli həmkarları ilə bölüşmüşlər. Az müddətdə modul tipli 10-dan çox xəstəxana istismara
verilmişdir. Bu tipli xəstəxanaların sayının artırılması nəzərdə tutulur. Bu
gün ölkənin 48 xəstəxanasında pandemiya xəstələrinin müalicəsi aparılır.
Azərbaycan həmkarlar
ittifaqları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci
vitse-prezident Mehriban xanım
Əliyevanın ölkə vətəndaşlarının, o cümlədən həmkarlar ittifaqı üzvlərinin
sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılması naminə qəbul
etdikləri qərarlarını, xalqın sağlamlığı və xoş güzəranı ilə əlaqədar atdıqları
bütün addımları yüksək qiymətləndirir. Bu münasibətlə AHİK-in İcraiyyə Komitəsi
öz iclasında qəbul etdiyi müraciətdə möhtərəm Prezidentimizə dərin minnətdarlığını
bildirmiş və hər zaman onun yanında olduğunu bəyan etmişdir.
Ölkəmizin digər müvafiq qurumları ilə yanaşı, koronavirus
infeksiyasının aradan qaldırılmasına yardımçı olmaq üçün AHİK və üzv təşkilatları
da imkanlarını səfərbər edərək müəyyən addımlar atmışdır. İlk növbədə pandemiya
dövründə koronavirus infeksiyasının yayılmasına qarşı Prezident İlham Əliyevin
qətiyyətli addımlarını dəstəkləyərək işəgötürən tərəfindən işçilərin sayının əsassız
azaldılmasının qarşısının alınması məqsədilə Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası daxil olmaqla, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyası adından işəgötürənlərə Bildiriş göndərilmişdir.
Martın 23-də üzv və tabelikdə olan təşkilatların rəhbərləri
ilə keçirdiyi müşavirədə profilaktik tədbirlərin əlaqələndirilməsi, görülən işlər
barədə məlumatların mütəmadi toplanması və maarifləndirici işlərin təşkili üzrə
İdarəetmə Qrupu (Operativ Qərargah) yaradıldı.
AHİK-in İcraiyyə Komitəsinin aprelin 23-də keçirilən
onlayn iclasında qeyd edilmişdir ki, həmkarlar ittifaqları bu çətin günlərdə ölkə
Prezidentinin yanında olmalı,
imkanlar çərçivəsində pandemiya şəraitində aztəminatlı ailələrin
ehtiyaclarının ödənilməsi üçün bütün imkanlarını səfərbər etməlidir.
AHİK Koronavirusla
Mübarizəyə Dəstək Fonduna 250 min manat və Naxçıvan Muxtar Respublikasında
koronavirusla mübarizəyə dəstək üçün 100 min manat vəsait köçürmüşdür. Heydər
Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə 13 aprel 2020-ci il
tarixdə müqavilə bağlamış, Birliyin hesabına 105 min manat vəsait
köçürülmüşdür. Aprelin 14-də “Kristal Abşeron” MMC və AHİK-in dəstəyi ilə həyata
keçirilən aksiyada “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri Goranboy,
Tərtər və Ağdam rayonlarında yaşayan aztəminatlı ailələrə müxtəlif ərzaq məhsullarından
ibarət 1000-dən çox sovqat paylamışlar. 27 iyul 2020-ci il tarıxdə “Regional
İnkişaf” İctimai Birliyinə əlavə olaraq
100 min manat, COVİD-19 infeksiyasına qarşı mübarizə məqsədilə Naxçıvan
Muxtar Respublikası Həmkarlar Şurasına 10 min manat da köçürülmüşdür.
AHİK və onun tabeliyində olan təşkilatlar tərəfindən
yaradılan mobil qruplar bu dövr ərzində 54.328 aztəminatlı ailəyə 1.517.825
manatlıq, o cümlədən 76 şəhər və rayonda yaşayan 3900 ailəyə 68 ton ərzaq
sovqatları paylamışdır. Yaşı 65-dən çox olan 45.919 nəfər ehtiyac sahiblərinə,
imkansız həmkarlar ittifaqı üzvlərinə 3.152.625 manat məbləğində maddi yardım
göstərmiş, karantin rejimində istifadə edilməsi üçün həmkarlar ittifaqı təşkilatları
üzvlərinə 936.628 manatlıq qoruyucu vasitələr paylanmışdır. Eyni zamanda üzv təşkilatlarının
və onların üzvləri olan həmkarlar ittifaqı təşkilatlarının rəhbər işçiləri öz əməkhaqlarından
Koronavirusla Mübarizəyə Dəstək Fonduna ümumilikdə 458.920 manat vəsait
köçürmüşlər.
Koronavirusla mübarizədə əsas ağırlığın səhiyyə işçilərinin
üzərinə düşdüyünü nəzərə alan sahə həmkarlar ittifaqı bu kateqoriyadan olan
işçilərin pandemiya dövründə sosial problemlərinin həllinə xüsusi diqqət
yetirmişdir. Səhiyyə sahəsində fədakarcasına çalışan 7101 tibb işçisi ailəsinə 216.187 manat, 16.834 nəfər tibb
işçisinə isə 1.102.280 manat maddi yardım edilmiş, 191.404 manatlıq qoruyucu
vasitə paylanmışdır.
AHİK və onun üzv təşkilatları ümumilikdə aztəminatlı ailələrə 6.065.988
manat maddi yardım və ərzaq yardımları göstərmişlər. Bu tədbirlər hazırda da
davam etdirilməkdədir.
AHİK sədri daha sonra öz çıxışında qeyd edib ki, bu gün hər
birimiz Qələbə sevincini yaşayırıq. Uzun həsrətdən sonra işğal altında olan
torpaqlarımızın azadlığını görmək, Azadlıq meydanında Zəfər paradını izləmək hər
birimiz üçün çox sevindirici və qürurverici hissdir. Müzəffər ordumuzun 44
günlük müharibədə gücünü və qəhrəmanlığını görmək hamımıza nəsib oldu. Bunları
bizə bəxş edən şanlı Ordumuz və adını tariximizin səhifələrinə qızıl hərflərlə
yazan Ali Baş Komandanımız İlham
Əliyevdir.
Birinci vitse-prezident Mehriban Əliyevanın bu çətin günlərdə
Prezidentimizlə çiyin-çiyinə durması, işğaldan azad olunmuş torpaqlarımızda
dünyaya mesajlar verməsi, qazilərimizə göstərdiyi ana şəfqəti hamını
ruhlandırdı.
Döyüşlər getdiyi müddətdə Ermənistanın siyasi və hərbi rəhbərliyinin
göstərişi ilə bütün beynəlxalq
konvensiya və qanunlara zidd olaraq cəbhə xəttindən xeyli uzaqda olan Gəncə
və Bərdə şəhərlərinin, Tərtər, Goranboy, Naftalan, Ağcabədi və digər şəhər və kəndlərin
raket atəşinə tutulması nəticəsində 94 nəfər mülki əhali, o cümlədən 11 uşaq qətlə
yetirilmiş, 400-dən çox insan yaralanmış, 5 mindən çox ev tamamilə dağıdılmış və
ya ciddi zədə almışdır. Azərbaycan Ordusu isə bunun əksinə olaraq yalnız Ermənistanın
legitim hərbi nöqtələrinə atəş açaraq onları sıradan çıxartdı. Az müddətdə Azərbaycan
ordusu ermənilərin 30 il ərzində qurduğu istehkamları darmadağın edərək, uğurlu
əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi
işğaldan azad etdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan Ordusu ərazi bütövlüyümüzün təmin edilməsi yönündə öz vəzifəsini
layiqli şəkildə yerinə yetirdi.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun
üzv təşkilatları birinci Qarabağ müharibəsi dövründə olduğu kimi, Vətən müharibəsi
dövründə də şanlı ordumuza, əsgər və zabitlərimizə, eyni zamanda arxa cəbhədə fəaliyyət
göstərən vətəndaşlarımıza maddi və mənəvi cəhətdən dəstək vermək üçün bir sıra
tədbirlər həyata keçirmişdir.
Ölkə prezidenti, Ali Baş Komandan İ.Əliyevin xalqa müraciətlərində,
xarici ölkələrin media qurumlarına verdiyi müsahibələrdə müharibənin Azərbaycanın
öz ərazisində aparılma səbəbləri, bu ədalətli müharibədə ordumuzun qarşısında
duran vəzifələr, bəzi beynəlxalq təşkilatların tutduqları qeyri-obyektiv mövqelər,
postmüharibə dövründə Azərbaycan və erməni vətəndaşlarının dinc yanaşı yaşayış
şərtləri və digər məsələlərlə bağlı fikirlər səsləndirmişdir. Bütün bunlarla yanaşı, AHİK 27 sentyabr
2020-ci il tarixdə erməni silahlı qüvvələrinin
hərbi bölmələrinin bütün cəbhəboyu törətdiyi təxribatı qətiyyətlə pisləyən,
noyabrın 25-də isə Fransa senatının qəbul etdiyi üzdəniraq qətnaməsi barədə bəyanatlar, oktyabrın 5-də beynəlxalq təşkilatlara,
oktyabrın 7-də «Amnesty İnternational» təşkilatına, ABŞ Konqresinin Nümayəndələr
palatasına, oktyabrın 11-də və 17-də beynəlxalq təşkilatlara müraciətlər
ünvanlayaraq, dünyanın gözü önündə törədilən vəhşilik, barbarlıq aktlarının və
Azərbaycana qarşı ikili mövqenin sərgilənməsini Azərbaycan ictimaiyyətini və
işçilərin hüquqlarını müdafiə edən bir təşkilat kimi Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasını ciddi şəkildə narahat etdiyi bildirdi.
AHİK-in müraciətləri beynəlxalq həmkarlar ittifaqları ilə
yanaşı, 103 ölkədə fəaliyyət göstərən 499 xarici həmkarlar ittifaqı təşkilatlarına
və 59 beynəlxalq qurumlara da göndərilmişdir.
Bu müraciətlər və bəyanatlar respublikanın KİV-lərində yayılmış, AHİK-in rəsmi saytında
da yerləşdirilmişdir.
S. Möhbalıyev diqqətə
çatdırıb ki, AHİK-in İcraiyyə Komitəsinin 5 oktyabr tarixli qərarı ilə Azərbaycan
Silahlı Qüvvələrinə yardım fondunun hesabına 350 min manat vəsait ianə
edilmişdir. Bundan başqa İcraiyyə Komitəsinin digər qərarı ilə Naxçıvan Muxtar
Respublikasında yaşayan, döyüşlər nəticəsində
qəhrəmancasına həlak olmuş şəhid ailələrinə köməklik göstərilməsi məqsədilə
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına 50 min manat maddi
yardım edilmişdir.
AHİK-in üzv təşkilatları tərəfindən Vətən müharibəsi dövründə orduda döyüşən əsgər və zabitlərə, şəhid
ailələrinə, qazilərə maddi yardımlar edilmişdir. Yaralı əsgərlərin müalicə olunduqları hospital və xəstəxanalarda tibbi
avadanlıqlar, preparatlar alınmasına, əsgərlərin vacib geyim dəstləri ilə təmin olunmasına və digər məsələlərə 1.380.682
manat vəsait xərclənmişdir. Bundan əlavə,
Silahlı Qüvvələrə yardım Fonduna AHİK tərəfindən 402.000 manat, üzv təşkilatları
tərəfindən isə 603 min 875 manat olmaqla 1.005.875 manat köçürülmüşdür. Ümumilikdə Vətən
müharibəsi dövründə həmkarlar ittifaqları 2.386.562 manat vəsait xərcləmişlər.
Vətən müharibəsi nəticəsində qazilərimizin və şəhid ailələrinin
sayı da artmışdır. Bu gün həmin insanlara tələb olunan bütün yardımların göstərilməsi
yönündə xüsusi əhəmiyyət kəsb edən layihələr həyata keçirilir. Bu layihələrin
biri də «Yaşat» Fondunun yaradılmasıdır. AHİK İcraiyyə Komitəsinin qərarı ilə
«Yaşat» fonduna 300 min manat, Naxçıvan Muxtar Respublikasında şəhid ailələri və
qazilərə maddi yardım göstərmək məqsədilə Vilayət Həmkarlar İttifaqı Şurasına
100 min manat, üzv təşkilatlar tərəfindən 137 min 750 manat vəsait köçürülmüşdür.
Bu kampaniya bundan sonra da davam edəcəkdir. Bu, hamımızın borcudur.
AHİK sədri daha bir məsələyə toxunaraq bildirib ki, erməni
işğalından əvvəl Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeliyində
olan “Kurort” Səhmdar Cəmiyyətinin “Şuşa İstirahət Evi”, Kəlbəcərdə
“İsti-Su” sanatoriyası, “Azərbkolxozlararasısağlamlıq” Respublika Birliyinin
Qubadlı rayonunda 200 yerlik pansionatı və “Farel” balıqçılıq təsərrüfatı, Cəbrayıl
rayonunun Sirik kəndində 320 yerlik uşaq istirahət mərkəzi, Ağdam rayonunun
Gülablı kəndində “Gülablı” sanatoriyası və “Nur” uşaq istirahət evi, 255 yerlik
sanatoriyası, Azərbaycan Turizm və Ekskursiyalar Şurasının Şuşa şəhərində “Şəfa”,
Ağdamda “Şahbulaq” turist bazaları fəaliyyət göstərirdi. Azərbaycan Həmkarlar
İttifaqları İdman Təşkilatları İctimai Birliyinin də idman stadionları, şahmat
klubları, bəzi üzv təşkilatların isə obyektləri işğaddan azad olunmuş ərazilərdə
mövcud olmuşdur. Çox təəssüf ki, bu sağlamlıq ocaqları və idman
qurğuları erməni vandalizminin qurbanı olmuş və yerlə yeksan edilmişdir. Hesab
edirəm ki, bütün bunlar müvafiq orqanlar tərəfindən inventarlaşdırılmalı,
vurulmuş ziyan müəyyən edildikdən sonra onların
bərpası gündəmdə olmalı və lazımi addımlar atılmalıdır.
Təbii ki, azad olunmuş Qarabağda və ona bitişik
rayonlarımızda aparılacaq abadlıq, quruculuq və yenidənqurma işləri ilə bağlı
xeyli yeni iş yerləri açılacaqdır. Oraya ayrı-ayrı müəssisə və təşkilatlar tərəfindən
investisiyalar qoyulacaqdır. İnvestisiya qoyan müəssisələrin hamısında həmkarlar
ittifaqı təşkilatlarının yaradılması üçün də inzibati binaların tikintisi
həyata keçiriləcəkdir.
AHİK-in III Məclisi Konfederasiyanın sədri, millət vəkili
S.Möhbalıyevin hesabatını və çıxışları
dinləyərək qərara alıb ki, Həmkarlar ittifaqlarının üzvlərinin sosial problemlərinin
yaxşılaşdırılması, pandemiyadan zərər çəkmiş aztəminatlı və şəhid ailələrinə,
qazilərə göstərilən maddi və mənəvi yardımların davam etdirilməsi üzv təşkilatlara
tövsiyə olunsun. AHİK-in üzv və tabelikdə olan təşkilatlarına tapşırılıb ki, işğaldan
azad edilmiş ərazilərdə yerləşmiş və həmkarlar ittifaqının balansında olan
obyektlərin (sanatoriya, istirahət mərkəzləri, idman qurğuları və s.) bərpası,
tikintisi və gələcəkdə fəaliyyət göstərməsi üçün müvafiq tədbirlər görsünlər.
Eyni zamanda, Dağlıq Qarabağ ərazilərində aparılacaq bərpa,
tikinti və quruculuq işləri ilə bağlı yaradılacaq yeni iş yerlərində çalışan
işçilərin sosial-iqtisadi hüquqlarının təmin edilməsi məqsədilə həmkarlar
ittifaqı təşkilatının təsis olunması sahə həmkarlar ittifaqı respublika komitələrinə
tövsiyə edilib.
Məclisdə həmçinin AHİK İcraiyyə Komitəsinin və Məclisinin
tərkibində dəyişikliklər edilməsi haqqında qərar qəbul olunub.