AZ | RU | EN
AZ | EN | RU

Azərbaycan həmkarlar ittifaqları respublikamızda aparılan sosial islahatları bəyənir və dəstəkləyir

06 Mar 2019

 Martın 6-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK)  «Respublikada aparılan islahatlar ölkə əhalisinin sosial müdafiəsinin təmin olunmasında və maddi rifahının yüksəldilməsində atılan mühüm addımdır» mövzusunda  yığıncaq keçirilib. Yığıncaqda AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev çıxış edib. 

Səttar Möhbalıyev öz çıxışında qeyd edib ki, ölkə əhalisinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi hər zaman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasətin başlıca prioritetlərindən olub. Onun birbaşa rəhbərliyi altında pensiya, ünvanlı yardım, əlilliyə görə müavinətlərin verilməsi və məşğulluq sahələrində şəffaflığın və sosial ədalətin tam təmin olunması, bürokratiya, süründürməçilik və korrupsiya hallarının aradan qaldırılması, məmur-vətəndaş təmasının minimuma endirilməsi ilə bağlı mühüm addımlar atılıb. Gömrük və vergi sisteminin şəffaflaşması, idxal-ixrac əməliyyatları üzrə statistik uçotun düzgün qurulması və xarici ticarət fəaliyyəti ilə məşğul olan şəxslərlə məmur təmasının minimuma endirilməsi, gömrük və vergi xidməti mədəniyyətinin yüksəldilməsi ilə bağlı müvafiq dövlət qurumları qarşısında konkret vəzifələr qoyulub. Bu vəzifələrin həyata keçirilməsi istiqamətində atılan addımlar əhalimizin sosial müdafiəsinin yaxşılaşdırılmasına, bürokratik əngəllərin aradan qaldırılmasına xidmət etməkdədir.

Ölkə Prezidentinin bilavasitə göstərişləri ilə həyata keçirilən islahatların nəticələri iqtisadiyyatımızın bütün sahələrində nəzərə çarpmaqdadır. Ölkəmizin kadr potensialından düzgün istifadə, onların yerləşdirilməsi, həmin sahələrdə nəzarətin gücləndirilməsi əsaslı müsbət dəyişikliklərə səbəb olub. Bu gün inamla demək olar ki, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Vergilər, Kənd Təsərrüfatı nazirliklərinin, Gömrük Komitəsinin vasitəsilə həyata keçirilən islahatlar ölkə iqtisadiyyatının inkişafına geniş imkanlar açıb. Məhz bu sahələrin uğurlu fəaliyyəti nəticəsində ölkəmizin maliyyə imkanları daha da genişlənib, vətəndaşlarımızın rifah halının yaxşılaşdırılmasına yönəlmiş qərarların qəbul edilməsinə şərait yaranıb. Yeni komplekslərin, müəssisələrin, infrastruktur obyektlərinin yaradılması iş yerlərinin açılmasına, büdcəyə vergi, gömrük daxilolmalarının əhəmiyyətli dərəcədə artması, sözsüz ki, uğurlu nəticələrə gətirib çıxarıb.

AHİK sədri qeyd edib ki, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə, sosial xidmətlərin vahid platforma və «bir pəncərə»dən şəffaf və vətəndaş məmnunluğu şəraitində göstərilməsi məqsədilə, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi və «DOST» Mərkəzinin yaradılması da vətəndaşlarımızın sosial təminatının gücləndirilməsinə xidmət edir.
Azərbaycanda sosial siyasətin fasiləsiz və davamlı şəkildə həyata keçirilməsi Prezidentlə cəmiyyətimiz arasında inam və etimad mühitini formalaşdıran ən təsirli faktordur. Hakimiyyətlə xalq arasında anlaşma və etimad məsələsində Azərbaycanın hətta inkişaf etmiş ölkələrin reytinqlərində ən yüksək pillələri tutması məhz sosial siyasətin dəqiqliyi və əhatəliyi hesabına əldə olunmuş nəticədir. Dünyada çox az ölkə tapılar ki, sosial siyasətin təzahür formalarının müxtəlifliyinə görə Azərbaycanla müqayisə oluna bilsin. Əməkhaqqı, pensiya və təqaüdlərin istehlak tələbinə uyğun artırılması və indeksləşdirilməsi, mütəmadi olaraq əhalinin real gəlirlərinin bazar səviyyəsinə uyğunlaşdırılması, aztəminatlı insanların, tələbələrin, əlillərin, şəhid ailələri və veteranların sosial müdafiəsinin təşkili, məktəb və xəstəxanaların tikintisi, səhiyyə, təhsil sahələrinin, sosial sığorta qaydalarının, ünvanlı sosial yardım və pensiya sisteminin təkmilləşdirilməsi və sair Azərbaycan dövlətinin çoxşaxəli sosial siyasətinin təzahür formalarının yalnız bir hissəsidir. Ölkədə sosial sahədə görülən işlərin miqyasını təsəvvür etmək üçün təkcə maaş və pensiyaların, o cümlədən minimum əməkhaqqının son 15 ildə bir neçə dəfə artırıldığına nəzər salmaq kifayətdir.

Belə ki, həmin müddətdə maaşlar 7, pensiyalar 9, minimum əməkhaqqı 6,5 dəfə artıb. Ötən il də Prezidentin müvafiq sərəncamları ilə bütün növ pensiyalar, təqaüdlər və sosial müavinətlər artırılmışdı.
S.Möhbalıyev çıxışında bildirib ki, uzun illər idi ki, həmkarlar ittifaqları olaraq, minimum əməkhaqqının mərhələlərlə yaşayış minimumuna çatdırılması məsələsi dövlət və hökumət orqanları ilə apardığımız danışıqlarda, partnyorlarla bağladığımız Baş Kollektiv Sazişdə öz əksini tapırdı. Bu məsələ AHİK-in və sahə həmkarlar ittifaqlarının qurultay və məclislərində də qaldırılırdı. Minimum əməkhaqqının ölkələr üzrə aylıq əməkhaqqının 60%-nə çatdırılması Dəyişdirilmiş Avropa Sosial Xartiyasının əsas tələblərindən biridir və biz tərəfdaşlarımızla birlikdə uzun illərdir bu məsələnin həlli yolları üzərində işləyirik. Bildirməliyəm ki, bu, respublikamızın bir neçə Dövlət Proqramında da öz əksini tapıb. Hesab edirəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin minimum əməkhaqqının məbləğinin yaşayış minimumu ilə bərabərləşdirilməsi barədə sərəncamı artıq bu məsələnin həllinə imkanlar açıbdır.

Cənab Prezidentin sərəncamı ilə martın 1-dən ölkə üzrə minimum aylıq əməkhaqqının 180 manat müəyyən edilməsi birbaşa əhalinin rifahının yüksəldilməsinə xidmət edir. Həmin sərəncamın imzalanması ölkədə çalışan 600 min nəfərin əməkhaqqının artırılması deməkdir. Yəni, qanunla dövlət sektorunda çalışan 450 min nəfərlə yanaşı, özəl sektorda çalışan 150 min nəfərin də əməkhaqqı da 180 manatdan aşağı olmayacaq.
 Bir sözlə, martın 1-dən özəl sektor üzrə bütün işəgötürənlər əmək müqavilələrində müvafiq dəyişikliklər edərək minimum əməkhaqqını 180 manata çatdırmalı və bu dəyişikliyi əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində qeydiyyatdan keçirib rəsmiləşdirməlidir.

AHİK sədri vurğulayıb ki, cənab prezident ölkədə əhalini narahat edən bütün sosial-iqtisadi məsələləri bilir və onları daim diqqət mərkəzində saxlayır. Onların həlli istiqamətində ciddi tapşırıqlar verir, nəticəsi ilə şəxsən maraqlanır. Məsələn, şəhid ailələrinə, istisnasız olaraq, birdəfəlik müavinətlərin verilməsi, bu kateqoriyaya aid insanlara müavinətin 242 manatdan 300 manata, həmçinin Əfqanıstan veteranlarının müavinətinin 220 manatdan 300 manata qaldırılması, məcburi köçkünlərlə bağlı geniş inşaat proqramlarının icrası bu istiqamətdə görülən işlərin tərkib hissəsidir.
Prezident İlham Əliyev bir neçə gün əvvəl «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin ayrılması haqqında» Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği cari il aprelin 1-dən 50 faiz artırılacaq ki, bu da dövlət başçısının məcburi köçkünlərin sosial problemlərinin həllinə göstərdiyi növbəti qayğının təzahürüdür.

Ölkə başçısı  fevralın 21-də Əfqanıstanda müharibənin başa çatmasının 30 illiyi ilə əlaqədar Sərəncam imzalayıb. Sərəncamda Azərbaycan Əfqanıstan veteranlarına dövlət qayğısının artırılması, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin maddi-texniki bazasının gücləndirilməsi, habelə Birliyin fəaliyyətinin təkmilləşdirilməsi, cari məsələlərin həlli və tədbirlərin həyata keçirilməsinin təmin olunması məqsədilə Prezidentin ehtiyat fondundan İctimai Birliyə bir milyon manat ayrılması, şəhid vərəsələrinə 11 min manatlıq birdəfəlik ödəmələrin verilməsi qeyd olunub. Bu sərəncam da dövlətin insanlara qarşı həssas davranışının daha bir nümunəsidir.

Prezident İlham Əliyevin "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2019-cu il 25 fevral tarixli Sərəncamına uyğun olaraq, sosial müavinətin məbləğinin yaşa görə müavinət alanlar üçün 73 manatdan 130 manata, I qrup əlilliyə görə (ümumi səbəbdən əlillər üçün 82 manatdan, müharibə əlilləri üçün 101 manatdan, "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və "hərbi xidmət vəzifəsini  yerinə yetirməklə əlaqədar” əlilliyi olanlar üçün 94 manatdan) 150 manata, II qrup əlilliyə görə (ümumi səbəbdən əlillər üçün 61 manatdan, müharibə əlilləri, "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və "hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi olanlar üçün 81 manatdan) 130 manata, III qrup əlilliyə görə isə (ümumi səbəblərdən əlillər üçün 52 manatdan, müharibə əlilləri üçün 73 manatdan və "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və "hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi olanlar üçün 61 manatdan) 110 manata, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün 82 manatdan 150 manata, ailə başçısını itirməyə görə isə ailə üzvlərinin hər biri üçün 68 manatdan 80 manata çatdırılması nəzərdə tutulur.

Dövlət başçısının bu  Sərəncamı ilə müharibə əlillərinə də Prezidentin təqaüdünün məbləğinin I qrup əlilliyə görə 182 manatdan 250 manata, II qrup əlilliyə görə 158 manatdan 230 manata, III qrup əlilliyə görə 121 manatdan 210 manata çatdırılması təmin ediləcək. Həmçinin sənəd əlillik, ümumi xəstəlik hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara, Prezident təqaüdünün əmək pensiyası almaq hüququ olan I qrup əlillərə (gözdən əlillər istisna olmaqla) də şamil olunmasını və bu təqaüdün məbləğinin 73 manatdan 100 manata çatdırılmasını nəzərdə tutulur.

Bununla yanaşı, son aylarda dövlət başçısının imzaladığı fərman və sərəncamlara əsasən, 100 minə yaxın tələbənin təqaüdünün yüksəldilməsi, minimum əməkhaqqının 38 faiz artması, yəni 130 manatdan 180 manata çatdırılması, minimum pensiyaların 38 faiz artaraq 116 manatdan 160 manata qədər qalxması və bunun müqabilində 223 min insanın pensiya təminatının yaxşılaşdırılması dövlətin bu təbəqəyə göstərdiyi diqqətin əyani sübutudur.

S.Möhbalıyev diqqətə çatdırıb ki, uzun illər ərzində vətəndaşları narahat edən problemlərdən biri kimi vaxtilə tikilmiş və hansısa səbəblərə görə rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli binaların sənədləşməsi məsələsinin həlli haqqında imzalanan Fərman da minlərlə vətəndaşımızı sevindirdi. Çünki cənab İlham Əliyevin imzaladığı Fərman əsasında artıq bu məsələ həll olunmuş hesab edilməlidir. Yaxın gələcəkdə inanırıq ki, müvafiq dövlət orqanları bütün sənədləşmə işlərini apararaq məsələnin həllini təmin edəcəklər.
Cənab Prezident keçirdiyi son müşavirədə uzun müddətdir əhalini narahat edən problemli kreditlərlə bağlı bildirdi ki, bu gün, sadəcə anons vermək istəyirəm ki, «bu məsələ artıq yekunlaşmaq üzrədir”. Prezident verdiyi anonsdan dərhal sonra fevralın 28-də «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərman imzaladı. Bununla da bir daha sözünün arxasında əməl dayandığını dünyaya nümayış etdirdi.

Fərmana əsasən, devalvasiya nəticəsində borcun artan və hesablanmış faiz hissələri dövlət büdcəsindən ödəndikdən sonra yerdə qalan məbləğ restukturizasiya ediləcək, yəni şərtlər dəyişdiriləcək.
Prezidentin bu fərmanı ilə 800 min nəfərin kredit problemi birdəfəlik həll edildi. İlham Əliyev vətəndaşla bank arasında etimad mühitini bərpa etdi, məhkəmə çəkişmələri vətəndaşın xeyrinə həll olundu.
Cənab İlham Əliyevin digər fərman və sərəncamları kimi, imzaladıgı bu sənəd də sosial sifariş olaraq birbaşa əhalinin problemlərinin həllinə, deməli, həm də rifahının yüksəlməsinə, güzəranının yaxşılaşmasına və layiqli həyat səviyyəsinin təmin olunmasına xidmət edir. Bu fərmanla bir daha sübut olundu ki, Azərbaycan dövləti qarşısında onun vətəndaşının mənafeyindən üstün heç nə yoxdur.
Digər tərəfdən, hamımız birmənalı şəkildə şahidik ki, qısa müddət ərzində bu qədər sosialyönümlü qərarların verilməsi dünyada görünməmiş bir hadisədir.

Bir tərəfdən bu, düşünülmüş və ardıcıl olaraq həyata keçirilən islahatların nəticəsidir, digər tərəfdən ölkə Prezidentinin cəsarətli və inamlı, ölkə vətəndaşlarının gələcəyinə  hesablanmış qətiyyətli siyasətinin təzahürüdür. Respublikamızın 2,5 milyondan çox vətəndaşı ölkəmizdə aparılan bu siyasətin nəticələrindən yararlanıb.
Ölkə Prezidenti cənab İlham Əliyevin əhalinin sosial rifah halının yaxşılaşdırılması məqsədilə imzaladığı bu və digər fərman və sərəncamlara görə,  AHİK-in sədri kimi, öz adımdan və sizin adınızdan ona öz dərin təşəkkürümü bildirirəm.
Çıxışda daha sonra bildirilib ki, Respublika Prezidenti cənab İlham Əliyev hər bir sahənin və orada çalışanların problemlərinin həlli istiqamətində çoxşaxəli addımlar atmaqla vaxtaşırı olaraq onların nümayəndələri ilə görüşlər keçirir. Mart ayının 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşdülər.

Görüşdə məqsəd mədəniyyət və incəsənət sahəsində görüləcək işlərin müəyyənləşdirilməsi ilə bağlı iştirakçıların fikirlərini dinləmək və fikir mübadiləsi aparmaq olmuşdur. İştirakçıları səbirlə dinləyən Prezident onlar tərəfindən qaldırılan məsələlərin həllinə diqqətlə yanaşaraq problemlərin aradan qaldırılması üçün yerindəcə müvafiq göstərişlər verdi. Göründüyü kimi, Prezident qaldırılan hər bir məsələyə dərhal reaksiya verməklə onların həlli üçün müvafiq addım atır.
Möhtərəm Prezidentimiz çətin vəziyyətə düşən vətəndaşlarını heç vaxt tək qoymayıb. Bu yaxınlarda Şamaxıda baş vermiş zəlzələ zamanı da o, bu xislətinə sadiq qaldı. Zəlzələdən zərər çəkmiş insanların yanında oldu, onlara təsəlli və problemlərinin həllinə dair operativ göstərişlər verdi. 92 yaşlı Saray nənəyə cənab Prezidentin göstərdiyi nəvaziş, yaşlı qadının ürəyini dağa döndərdi. Ona zəlzələnin törətdiyi fəsadları unutdurdu. Biz hamımız qayğıkeşliyi, insanpərvərliyi, təəssübkeşliyi möhtərəm Prezidentimizdən öyrənməliyik. O, bizim üçün bir örnəkdir.
S.Möhbalıyev bildirib ki, Azərbaycan həmkarlar ittifaqları da, xalqın tərkib hissəsi olaraq, öz növbəsində cənab Prezident tərəfindən yürüdülən sosial siyasəti dəstəkləyir və ona müvafiq addımlar atır.

Biz əhalinin bütün təbəqələrinin, daha çox həssas təbəqəsinin sosial problemlərinin həlli istiqamətində fəaliyyət göstəririk. Cəmiyyətimizin gələcəyi olan gənclərə xüsusi diqqət yetiririk.
Əlaçı və ictimai işlərdə fərqlənən ali məktəblərin tələbələrinə həmkarlar ittifaqının vəsaiti hesabına «Adlı təqaüd», orta məktəb şagirdlərinin bir qisminə təqaüd veririk, imkansız ailədən olan 4 minə yaxın tələbə həmkarlar ittifaqının vəsaiti hesabına universitetlərdə pulsuz nahar edir.
Tələbələrin yemək xərclərinə 341 min manat, «Adlı təqaüd»lərə görə 201 min manat, müsabiqə qaliblərinin mükafatlandırılmasına 194 min manat, «Maarifçi» Tələbə Kredit Fondunun maliyyələşməsinə 100 min manat, gənclər üçün təşkil olunmuş «Ölkəmizi tanıyaq» layihəsinin maliyyələşdirilməsinə 483 min manat vəsait sərf olunub.

Həmkarlar ittifaqı təşkilatları tərəfindən ümumilikdə 66 aztəminatlı ailənin uşaqlarının təhsil haqqı ödənilib. 156 tələbəyə aylıq təqaüdlər müəyyən edilib. 49606 nəfər şəhid ailəsi üzvünə, qaçqın və məcburi köçkünlərə ərzaq və pul yardımları göstərilib.
Bundan əlavə, Konfederasiyanın ünvanına daxil olmuş 1580 ərizə müəlliflərinə 135,2 min manat, «20 Yanvar» hadisələrində şəhid olmuş şəxslərin ailə üzvlərinə 57,9 min manat, «Günəşli» yatağında itkin düşmüş və xəsarət almış neftçilərin ailələrinə 49,5 min manat, Silahlı Qüvvələrə Yardım Fonduna 50,0 min manat, Qarabağ müharibəsi əlillərinə 36,3 min manat, himayəyə götürülmüş ailələrə 169,1 min manat, mətbuat işçilərinə 17,2 min manat, Milli Elmlər Akademiyasında keçirilmiş müsabiqənin qalibləri olan gənc alimlərə 44,5 min manat,  Cəmşid Naxçıvanski adına liseydə təşkil edilmiş müsabiqə qaliblərinə 12,5 min manat yardım verilib.

Ümumilikdə, son beş il ərzində həmkarlar ittifaqları tərəfindən 31,2 milyon manat yardım göstərilib.
AHİK sədri bildirib ki, ölkə əhalisinin sosial müdafiəsinin təminatı və sosial problemlərinin həlli sahəsində hörmətli Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi islahatlar və görülmüş tədbirlər, həmkarlar ittifaqları olaraq, ən çox bizim maraq dairəmizə daxildir. Cənab Prezidentin bu istiqamətdə vaxtaşırı atdığı addımlar bizim tərəfimizdən daimi olaraq dəstəklənibdir və bu gün də dəstəklənir. Məhz bütün bunların nəticəsidir ki, Prezident seçkilərində çoxminli üzvlərimiz respublika həmkarlar ittifaqlarının ali orqanı olan qurultaylarımızda ölkəmizdə ilk dəfə olaraq cənab İlham Əliyevin ölkə prezidentliyinə namizədliyini irəli sürüb, sonrakı illərdə bütün seçkilərdə onu dəstəkləyibdir. Azərbaycan həmkarlar ittifaqları möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sosial-iqtisadi siyasətini bundan sonra da dəstəkləyəcək, onun fəal iştirakçısı olacaqdır.
Yığıncaqda mövzu ilə bağlı Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri H.Osmanov, Rabitə İşçiləri Hİ Respublika Komitəsinin sədri S.Orucov, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin III kurs tələbəsi, fakültə həmkarlar ittifaqı komitəsinin sədri Ş.Qurbansoy, Milli Elmlər Akademiyasının Memarlıq və İnşaat institutunun əməkdaşı P.Əliyeva, H.Əliyev adına Neft Emalı zavodunun Hİ komtəsinin sədri İ.Quliyev, Səhiyyə İşçiləri Hİ Bakı şəhər Nizami rayon şurasının sədri Q. Abdullayeva və Bakı şəhəri 6 saylı Musiqi məktəbinin həmkarlar ittifaqı komitəsinin sədri R.Ağayeva çıxış ediblər.
Tədbirin sonunda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.
 

 
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə
MÜRACİƏT
 
Möhtərəm cənab Prezident!
Biz, Azərbaycan həmkarlar ittifaqlarının fəalları bütün həmkarlar ittifaqı üzvləri adından son vaxtlar sosial siyasət sahəsində atdığınız addımlara, iki ayda əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə ardıcıl imzaladığınız fərman və sərəncamlara görə Sizə dərin təşəkkürümüzü bildiririk. Bu sənədlər elə bir vaxtda imzalanmışdır ki, dünyanın iqtisadiyyatı oturuşmuş ölkələrində belə, iqtidarlar sosial problemlərin məngənəsində sıxılan vətəndaşlarına kömək göstərməkdə acizdirlər. Siz, sözün həqiqi mənasında, ölkəmizin sosial sferasında inqilabi dəyişikliklər etmisiniz. Etdiyiniz dəyişikliklər həm də dünya üçün bir model və nümunədir.

Təbii ki, bu sərəncam və fərmanların əsasında Sizin fenomen rəhbərlik, kompleks yanaşma, ən mühüm hədəfləri müəyyənləşdirə bilmək bacarığınız, dünyada mövcud olan təcrübələrə bələd olmağınız, onları təhlil edib yerli şəraitə uyğun daha mükəmməl layihələr təklif etmək istedadınız durur.
2014-cü il maliyyə böhranı Azərbaycandan da yan keçməmişdi. Dünyaya inteqrasiya olunmuş iqtisadiyyatımız müəyyən çətinliklərlə üzləşmişdi. Sizin təşəbbüsünüz və təşkilatçılığınız ilə böhrandan çıxış məqsədilə İqtisadi Yol Xəritəsi qəbul olundu. Yol xəritəsinə əsasən, Azərbaycanda geniş miqyasda islahatlar aparıldı. İslahatların uğurla başa çatmasından ötrü ən mühüm strukturlara gənc, enerjili, yaradıcı, savadlı kadrlar cəlb olundu.
 
Hörmətli cənab Prezident!
2018-ci ilin prezident seçkilərindən sonra keçirilmiş andiçmə mərasimində Siz, 2019-cu ilin ciddi islahatlar ili olacağını və bunun bilavasitə vətəndaşların yaşayış səviyyəsinin artırılmasına yönələcəyini vurğulamışdınız.
Həmişə olduğu kimi, Siz son iki ay ərzində də verdiyiniz sərəncam və fərmanlarla öz vədinizə sadiqliyinizi sübut etməkdəsiniz. Bununla Siz 2019-cu ilin bütün Azərbaycan üçün uğurlu başlanmasına səbəb oldunuz.
Həyata keçirilən çoxşaxəli islahatlar, əsaslı və gələcəyə hesablanmış proqramlar və tədbirlər nəticəsində ölkəmiz qibtə ediləcək uğurlar qazanmaqda davam edir. Təsadüfi deyil ki, Dünya Bankının hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan edilib. 2 il ərzində 190 ölkə arasında irəliləyərək 25-ci yerdə qərarlaşmağımız isə bu islahatların sistemli və dayanıqlı   olmasına dəlalət edir.

Cənab Prezident!
Xalqımız bu islahatların gedişinin canlı şahidi, iştirakçısıdır. Son illərdə kənd təsərrüfatına dövlət qayğısı geniş coğrafiyanı əhatə etdi. Xüsusilə strateji əhəmiyyət daşıyan sahələrə böyük investisiyalar qoyuldu. Daxili bazarı daha çox yerli kənd təsərrüfatı məhsulları ilə təmin etmək xətti götürüldü. Paytaxtda, Sumqayıtda, bölgələrdə sənaye parkları, məhəllələri salındı. Azərbaycan brendləri dünya bazarına çıxarıldı. Bütün bunlar və bir müraciətdə sadalanması mümkün olmayan digər təşəbbüslər Azərbaycanın iqtisadi qüdrətini artırdı, nəticədə əhalinin gəlirlərinin yüksəlməsinə müsbət təsir göstərdi, büdcədə nəzərdə tutulduğundan əlavə gəlirlər qazanıldı.

 Hörmətli İlham Əliyev!
Siz bu gəlirləri məhz əhalinin sosial ehtiyacları istiqamətinə yönəltdiniz. Bu bir tərəfdən Sizin dəfələrlə dediyiniz «siyasətimizin önündə insan amili durur» sözlərinizin təsdiqi idisə, digər tərəfdən iqtisadiyyatımızın tərəqqisinə verdiyiniz əvəzolunmaz töhfə idi. Siz dövlətin qüdrətini xalqın firavanlığında görürsünüz.
Xalq iqtisadi inkişafın faydasını öz həyatında görəndə potensialının imkanlarını əsirgəmədən çalışır.
Siz əməl Prezidentisiniz. Xalq artıq uzun illərdir əmindir ki, Sizin sözünüzün mayasında vicdan, məxsus olduğunuz xalqa məhəbbət durur. Yanvarın 28-də Prezident Sarayında şəhid ailələri ilə görüş zamanı onların hər birinə dərin hörmət göstərdiniz. Elə həmin gün şəhid vərəsələrinə birdəfəlik ödəmələrin əhatə dairəsini genişləndirən fərman imzaladınız. Beləliklə, birdəfəlik ödəmə alacaq şəhid vərəsələrinin sayı 12 min 268 nəfərə çatdı. Bu məqsədlə 135 milyon manat müəyyənləşdirildi. Sizin tapşırığınızla 2019-cu ildə bu kateqoriyadan olan insanlara daha 800-dən artıq mənzil verilməsi nəzərdə tutulub. Başqa bir fərmanınızla şəhid ailələrinin müavinətləri 242 manatdan 300 manata çatdırıldı.
Dövlət qayğısı təkcə şəhid ailələri ilə bitmədi. Əhalinin demək olar ki, bütün təbəqələri bu qayğıdan ardıcıl olaraq bəhrələndi. Belə ki, pensiyalar, təqaüdlər, minimum əməkhaqqı kifayət qədər təsirli miqdarda artırıldı.
Pensiyaların minimum məbləğinin 116 manatdan 160 manata, minimum əməkhaqqının 130 manatdan 180 manata çatdırılması dünyanın istənilən dövləti üçün qeyri-adi artım hesab edilə bilər.

Sizin fevralın 28-də problemli kreditlərin həlli ilə bağlı imzaladığınız fərman ilin əvvəlindən başladığınız yeni sosial siyasətin uğurlu davamı oldu. Bu fərmanın mahiyyətində əhalinin maliyyə cəhətdən nisbətən zəif təbəqəsi nəzərə alınmışdır. Banklara olan borcların müəyyən qisminin ödənilməsini dövlət öz üzərinə götürməklə onların həyat şəraitinin yaxşılaşmasına, dolayısı yolla, ailə büdcəsinin artmasına kömək etmiş oldu.
Çox hörmətli İlham Əliyev,
Sizin prezidentlik fəaliyyətinizdə sosial siyasət həmişə ön planda olub. Siz hər bir Azərbaycan vətəndaşının Prezidenti olmusunuz. Bu keyfiyyətinizə güvənərək vaxtaşırı xalqla görüşə gedirsiniz. İstər paytaxtda, istərsə də bölgələrdə xalq daima Sizi hərarətlə, onlara göstərdiyiniz qayğıya cavab olaraq məhəbbətlə qarşılayıb. Sizə güc, ilham verən də xalqın sevgisi və dualarıdır.
Möhtərəm cənab Prezident!
Həmkarlar ittifaqı təşkilatı olaraq biz Sizin sosial siyasətinizi bəyənir və dəstəkləyirik. Sizə xalqımızın rifahı, dövlətimizin inkişafı naminə cansağlığı və yeni uğurlar arzulayırıq.
 
Müraciət Azərbaycan həmkarlar ittifaqları fəallarının 6 mart 2019-cu il tarixdə keçirilmiş yığıncağında qəbul edilib.

FAYDALI KEÇİDLƏR