Azərbaycan Həmkarlar İttifaqlarının Beynəlxalq Təşkilatlara Müraciəti
05 Oct 2020
Sentyabrın 27-dən hərbi təxribatlara başlayan işğalçı Ermənistanın faşist xislətli rejimi «ənənəsinə» sadiq qalaraq yenə də çirkin simasını göstərir, kəndlərimizi, dinc əhalini nişan almaqdan çəkinmir.
Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin beynəlxalq
hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini
durdurmaması, Azərbaycanı özünümüdafiə hüququndan yararlanaraq, nəhayət, düşməni sülhə məcbur etmək, Ermənistanın təxribatlarının,
hərbi avantüralarının, ölkəmizə qarşı işğalçılıq siyasətinin qarşısını almaq məqsədilə
əks-hücum əməliyyatlarına başlamağa vadar etdi.
Ordumuzla döyüş meydanında rüsvayçı məğlubiyyətlər
yaşayan Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış
məntəqələrini, mülki obyektləri, fərdi və çoxmənzilli yaşayış evlərini, xəstəxanaları,
tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının
inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə
tutaraq dağıntı və yanğınlar törədir, dinc əhalini qətlə yetirir.
Ermənistan silahlı qüvvələri 2020-ci ilin oktyabrın 4-də
səhər saatlarından başlayaraq münaqişə zonasından xeyli kənarda yerləşən, Azərbaycanın
qədim tarixə malik, ikinci böyük şəhəri, çoxsaylı mədəniyyət turizm obyektləri
olan, əhalinin sıx məskunlaşdığı Gəncə şəhərinə raketlər ataraq 1 mülki vətəndaşın
ölümünə, 35 nəfərin yaralanmasına səbəb olmuşdur. Dağılan yaşayış binaları,
tarixi abidələrin uçqunları altında
xeyli insan xəsarət almışdır.
Ermənistan silahlı qüvvələri qəsdən və hədəflənmiş şəkildə
Beyləqan və Tərtər şəhərini, Füzuli rayonunun Horadiz şəhərini, Bərdə, Ağdam,
Ağcabədi, Cəbrayıl, Xızı və Bakı ətrafındakı
Abşeron bölgəsini, habelə mülki əhalinin
sıx məskunlaşdığı digər yaşayış məntəqələrini də ağır artilleriyadan və raketlərdən
istifadə etməklə atəşə tutub. Nəhəng su anbarı və elektrik stansiyasının yerləşdiyi
Azərbaycanın iri sənaye mərkəzlərindən olan Mingəçevir şəhəri də atəşə məruz
qalmışdır. Ermənilər tərəfinin məqsədyönlü atəşləri nəticəsində bu günədək 24
azərbaycanlı mülki şəxs qətlə yetirilib, 121 nəfər yaralanıb, 300-dən çox
yaşayış binası və mülki obyektlər dağıdılıbdır. Halbuki beynəlxalq humanitar
hüquq əsas prinsip kimi hərbi əməliyyatların gedişində kombatantlar və mülki şəxslərin,
hərbi və mülki obyektlərin aydın şəkildə fərqləndirilməsini tələb edir. Xüsusi
raket sistemlərindən istifadə etməklə mülki əhalini hədəf seçən işğalçı Ermənistan
dövləti isə BMT Nizamnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini, beynəlxalq
hümanitar hüquq normalarını, Cenevrə konvensiyalarını, xüsusilə müharibə zamanı
«Mülki əhalinin müdafiəsi haqqında» 1949-cu il 12 avqust tarixli Konvensiyanı,
«Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında» 1954-cü il 14
may tarixli Haaqa Konvensiyasının və insan hüquqları sahəsində digər beynəlxalq
sənədlərin müddəalarını kobud şəkildə pozmaqla öz təcavüzkar siyasətini,
müharibə cinayətlərini davam etdirir.
Azərbaycan ordusu dinc əhaliyə silah tuşlamır, bir güllə,
mərmi belə atmır. Azərbaycan döyüşçüləri yad torpaqlarda deyil, öz qədim
yurdunda sülhün bərqərar olması uğrunda erməni terrorçularına qarşı savaşır. Azərbaycan
mülki əhaliyə zərər dəyməməsi üçün səy göstərməklə beynəlxalq hüququn tələbləri
çərçivəsində özünü müdafiə hüququndan istifadə edir.
Təəssüflər olsün ki, Azərbaycan hökuməti, hüquq müdafiə və
qeyri-hökumət təşkilatları, ayrı-ayrı vətəndaşlar tərəfindən erməni silahlı
qüvvələri tərəfindən dinc əhaliyə qarşı törədilən cinayətlərlə
bağlı dünyanın aparıcı beynəlxalq təşkilatlarına, o cümlədən Birləşmiş
Millətlər Təşkilatına, ATƏT-ə, Avropa Birliyinə, Avropa Şurasına və digər beynəlxalq
təşkilatlara etdikləri müraciətlər cavabsız qalmaqdadır. Dinc əhali qırılır,
tarixi abidələr, mədəniyyət obyektləri dağıdılır, lakin başda Birləşmiş Millətlər
Təşkilatı olmaqla, beynəlxalq təşkilatlar
eyni zamanda münaqişənin nizamlanmasının birbaşa məsuliyyətini daşıyan ATƏT-in Minsk Qrupu susmaqda davam edir.
İkili standartlar sayəsində Ermənistanın cinayətlərinə göz yumulur, Azərbaycanın
haqlı səsi eşidilmir.
Biz həmkarlar ittifaqları olaraq dünyanın aparıcı dövlətlərini,
beynəlxalq qurumları, eləcə də beynəlxalq əməkçi təşkilatlarını Ermənistanın Azərbaycan
ərazisində törətdiyi cinayətlərə seyrçi qalmamağa, eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində mülki əhalinin
pozulmuş hüquq və azadlıqlarının bərpası istiqamətində üzərlərinə düşən zəruri addımları atmağa və müvafiq tədbirlər görməyə
çağırırıq.
Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası
05.10.2020-ci il