Azərbaycan həmkarlar ittifaqlarının nümayəndə heyəti Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında iştirak edir
04 Dec 2018
Dekabrın 2-də Danimarkanın paytaxtı Kopenhagendə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) IV qurultayı öz işinə başlayıb.
Qurultayda 132 ölkədən 1200-dən artıq
nümayəndə iştirak edir. Qurultayın açılışı günü çıxış edən Danimarkanın baş
naziri Lars Lekke Rasmussen, Beynəlxalq Əmək Təşkilatının direktoru Qay Rayder,
Kopenhagen şəhərinin lord-meri Frank Censen, Danimarka Həmkarlar İttifaqları
Konfederasiyasının sədri Lizette Risqord, Beynəlxalq Həmkarlar İttifaqları
Konfederasiyasının prezidenti Joao Antonio Felisio nümayəndələri salamlayıblar
və qurultayın işinə uğurlar arzulayıblar.
Dekabrın 7-dək davam edəcək qurultayda AHİK-in sədri, Milli Məclisin deputatı,
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar
Möhbalıyevin rəhbərlik etdiyi Azərbaycan Həmkarlar İttifaqlarının nümayəndə
heyəti də iştirak edir.
Dekabrın 4-də Azərbaycan nümayəndə heyətinin
rəhbəri S. Möhbalıyev qurultay nümayəndələri qarşısında çıxış edib. Azərbaycan həmkarlar ittifaqları adından
qurultay iştirakçılarını salamlayan AHİK sədri qeyd edib ki, BHİK-in IV
qurultayı beynəlxalq həmkarlar ittifaqı hərəkatı üçün önəmli bir ərəfədə, ilk
milli həmkarlar ittifaqının 150, insan hüquqlarının ümumi bəyannaməsinin 70
illiyinin qeyd olunduğu bir vaxtda keçiriir. Bu baxımdan bizim üzərimizə əməkçi insanların
sosial-əmək hüquqlarının müdafiəsi sahəsindəki işimizi daha da gücləndirmək və
onu vaxtaşırı inkişaf etdirmək düşür.
“Biz bu ilin fevral ayında
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayını keçirdik və
konfederasiyamızın qurulmasının 25 illiyini də təntənəli şəkildə qeyd etdik. Bu
tədbirlərdə BHİK-in Prezidenti Joao Antonio Felisionun şəxsən iştirak etməsini
Azərbaycan həmkarlar ittifaqlarına göstərilən diqqətin təzahürü kimi
qiymətləndiririk və ona bir daha təşəkkür edirik”.
BHİK-in IV Qurultayının əsas
mövzusu «İşçilərin potensialının formalaşdırılması: Qaydaların dəyişilməsi»
bizim region və respublikamız üçün də aktualdır. Azərbaycanda işçilərin
sosial-rifahının yüksəldilməsi, sosial müdafiəsinin təşkili sahəsində atılan
addımlar bu sahədə müsbət irəliləyişlərin əldə olunduğunu göstərir.
Azərbaycan nümayəndə heyətinin
rəhbəri qurultay iştirakçılarına məlumat verərək bildirib ki, Azərbaycanın son
dövrlər əldə etdiyi nailiyyətlər hamımızı sevindirir. Keçən ilin yekunlarına
görə, respublikamızda əhalinin gəlirləri 8,3%, işçilərin orta aylıq əməkhaqqı
isə 5,7% artıb. Son 15 il ərzində ölkədə
1.900000 yeni iş yeri yaradılıb ki, onların da əksəriyyəti daimidir. Yoxsulluq
səviyyəsi 5,4, işsizlik səviyyəsi isə 5 faizə endirilib.
Respublikada iqtisadi sahədə
əldə olunmuş nailiyyətlər beynəlxalq strukturlar tərəfindən də layiqincə
qiymətləndirilib. Belə ki, Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan
iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 35-ci yerə yüksəldib. Dünya
Bankının «Doing Business 2019» hesabatında Azərbaycan hesabat indikatorları
üzrə göstəricilərini ən çox yaxşılaşdıran dünyanın 10 ölkəsindən biri olub.
Məlumdur ki, işçiləri
həmkarlar ittifaqı üzvlüyünə cəlb edən səbəblərdən biri həmkarlar ittifaqı
üzvlərinin hüquqi müdafiəsidir, həmkarlar ittifaqı üzvlüyünə motivasiyanın
keyfiyyəti əsasən işçinin hüquqi müdafiəsinin səviyyəsindən asılıdır. Qeyd
etmək istərdim ki, BHİK-in baş katibi Şaron Barou III qurultayda növbəti dörd il ərzində üzvlərin
sayının 20 milyon nəfər artırılacağının qarşıya məqsəd qoyulduğunu bildirmişdi.
AHİK öz növbəsində bu şüarı dəstəkləyərək ötən dövr ərzində sıralarına 56571
nəfər yeni üzv birləşdirməyə müvəffəq olub.
Biz ölkə qanunvericiliyinin və BƏT-in konvensiyalarının verdiyi imkanlar
çərçivəsində həmkarlar ittifaqlarının bütün üzvlərinin müraciətlərinə operativ
reaksiya verir, həmkarlar ittifaqı üzvlərinin əmək və sosial hüquqlarının
qorunması və bərpası üçün bütün imkanlardan istifadə etməyə çalışırıq.
S.Möhbalıyev deyib ki, respublikamızda «2016-2020-ci illər üçün
Layiqli Əmək üzrə Ölkə Proqramı» qəbul edilərkən gender və gənclər siyasətinin
inkişafı, qeyri-rəsmi iqtisadiyyatla mübarizə, gənclərin məşğulluğu, üçtərəfli
dialoqun təkmilləşdirilməsi məsələlərinə dair təkliflərimiz nəzərə alınıb. AHİK
ölkə proqramında qarşıya qoyulmuş məqsəd və vəzifələri həyata keçirmək üçün öz
Konsepsiyasını qəbul edib ki, burada da inklüziv məşğulluğu genişləndirmək,
iqtisadiyyatı aktivləşdirmək, ölkədə qeyri-rəsmi məşğulluğu aradan qaldırmaq
tədbirlərinin həyata keçirilməsi öz əksini tapıbdır. Bu gün Azərbaycan
həmkarlar ittifaqları BMT-nin «Dayanıqlı inkişafın məqsədləri» proqramında
irəli sürülən vəzifələrin həyata keçirilməsi üçün özünün bütün imkanlarından
istifadə etməyə çalışır. Biz bu vəzifələrin həyata keçirilməsini texniki
inqilabın nailiyyətlərindən istifadə olunmasında və hökumətin qərarlarının
insanların rifahının yaxşılaşdırılmasına yönəldilməsində görürük.
Gündəmdə olan digər bir vacib
məsələ də əməyin gələcək sferasıdır. Bu gündən biz qarşılaşacağımız halları dəyərləndirməliyik.
Hesab edirəm ki, gözlənilən proseslər əmək münasibətlərinin forma və
xarakterinin yenidən baxılmasına gətirib çıxara bilər. Biz, həmkarlar ittifaqı
olaraq, vaxtında bu məsələyə hazır olmalıyıq.
Təəssüflə deməliyəm ki, bu gün
bir sıra ölkələrdə hökumətlər və biznes imperiyası böhrandan çıxmaq adı altında
əmək münasibətlərinin formasını dəyişməyə və həmkarlar ittifaqlarının muzdlu
işçilərin müdafiəsinin təşkilinə dair son illər ərzində əldə etdiyi uğurları
tamamilə heçə endirməyə cəhd göstərirlər. Bu, hər şeydən əvvəl işsizliyin
artmasına və real əməkhaqqının azalmasına, qeyri-stabil məşğulluğa və işçidə
özünə inamsızlığın yaranmasına şərait yaradır.
Çıxışının sonunda S.
Möhbalıyev vurğulayıb ki, BHİK və onun müvafiq strukturları bu inamsızlığın
aradan qaldırılması, alternativ siyasətin işlənib hazırlanması üçün müvafiq
addımlar atmalıdır.
BHİK-in öz diqqətini qlobal
iqtisadiyyatın əsas problemlərinə və üçtərəfli münasibətlərdə həmkarlar
ittifaqlarının bərabər tərəfdaş mövqeyinin qorunub saxlanmasına yönəltməsini də
vacib hesab edirəm.
BHİK, dünyanın ən iri
həmkarlar ittifaqı birliyi olmaqla, həmkarlar ittifaqı üzvlərinin yalnız 10%-ə
qədərinin mənafeyini müdafiə edir. Hazırda BHİK-in tərkibində olmayan nəhəng
həmkarlar ittifaqı birlikləri də mövcuddur. Hesab edirəm ki, BHİK qarşıya
qoyulan məqsədlərə çatmaq üçün bu qüvvələri də öz ətrafında birləşdirmək üçün
səy göstərməlidir.