Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi “Həmkarlar İttifaqı – Bizim Təşkilatdır”mövzusunda “dəyirmi masa” təşkil edib
01 Feb 2019
Fevralın 1-də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi “Həmkarlar İttifaqı – Bizim təşkilatdır: Həmkarlar ittifaqlarının işində gənc üzvlərin maarifləndirilməsi” mövzusunda “dəyirmi masa” keçirib.
Tədbiri giriş sözü ilə açan Respublika Komitəsinin sədri
Cəmilə Səttarova gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində
bu təbəqənin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsindən danışıb. O, qeyd edib
ki, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı gənclər siyasətinin reallaşdırılması
işində öz imkanlarından maksimum dərəcədə yararlanır: “Gənc üzvlərin fəaliyyətinin
qiymətləndirilməsi, onlara göstərilən qayğı Respublika Komitəsinin daim
diqqət mərkəzindədir. RK-nın tərkibində yaradılmış Gənclər üzrə komissiya gənc
nəslin həmkarlar ittifaqlarının gələcək inkişafının strateji resursu olduğunu
bilərək, gənclərlə bağlı problemlərə hər zaman xüsusi qayğı ilə yanaşır.
Onların həmkarlar ittifaqına üzvlüyünə motivasiyasının yüksəldilməsini, təşkilatlarda
gənclərin iş fəaliyyətinin canlandırılmasını, istedadlı gənclərin yaradıcı
potensialının üzə çıxarılmasını dəstəkləyir və maraqlarının müdafiə edilməsi
istiqamətində müntəzəm olaraq baxış-müsabiqələr, yarışlar keçirir. Sahə gənclərini
təhsilinin artırılması üçün seminarlara, kurslara cəlb edirlər. Müsabiqələrdə
qalib gələn gənclər fəxri fərmanlara və mükafatlara layiq görülürlər”.
Komitənin “Gənclərlə iş üzrə”
komissiyasının sədri Zaur Həmidov həmkarlar ittifaqlarının sıralarına gənclərin
cəlb olunması üçün gənclər təşkilatlarının vəzifə və öhdəlikləri, onların
ictimai-siyasi fəallığı, yaradıcı və istedadlı gənclərin idarəetmə sahəsinə cəlb
edilib dəstəklənməsi ilə bağlı görülən tədbirlər, keçirilən forum və layihələr
barədə geniş məlumat verib.
Tədbirdə AHİK-in beynəlxalq əlaqələr şöbəsinin
müdiri Fuad Məmmədovun “AHİK-in beynəlxalq təşkilatlarla əlaqələri, gənclərin
beynəlxalq tədbirlərə cəlb olunması”, Gənclər Şurasının sədri Tural
Süleymanovun “Həmkarlar ittifaqlarının inkişafında gənclərin rolu”, mətbuat
və ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Elnur Musayevin “Həmkarlar
ittifaqı gənclərinin sosial şəbəkələrdə fəaliyyəti” və digər mövzularda
çıxışlar dinlənilib.
Tədbirin sonunda C. Səttarova çıxış edərək
iştirakçılar tərəfindən irəli sürülən təkliflərin Respublika Komitəsinin yaxın
günlərdə keçiriləcək rəyasət heyətinin iclasında müzakirə ediləcəyini bildirib.