Azərbaycan nümayəndə heyəti Moskvada keçirilən qurultayda iştirak edib
20 May 2019
Mayın 20-22-də Moskvadakı “İzmaylov” Konsert Zalında Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının (RMHİF) X qurultayı keçirilib.
Qurultaya Rusiya Federasiyasının dövlət orqanlarının,
sahibkarlar birliklərinin, siyasi partiyaların, dini qurumların, elmi və
yaradıcı ictimaiyyətin, beynəlxalq və xarici həmkarlar ittifaqları mərkəzlərinin
nümayəndələri, dövlət dumasının deputatları dəvət olunmuşdular. Qurultaya
hesabat məruzəsi ilə RMHİF-in sədri Mixail Şmakov çıxış edib. O, öz məruzəsində
bildirib ki, ölkə hesabat dövründə sosial-əmək sferasında bir çox çağırışlarla
üzləşib. Bu çağırışlar əsasən makroiqtisadi vəziyyətin qeyri-stabilliyi,
neqativ xarici faktorlarla və digər amillərlə əlaqədar olub. Məruzəçi
sosial-iqtisadi blokdan başlamış maarifləndirici işin aktivləşdirilməsinə qədər
yığılmış problemlərin həllində həmkarlar ittifaqlarının mövqeyini açıqlayıb. Deyib
ki, bu mövqeyi müzakirəyə çıxarmaqla qurultayın işinin əsas istiqamətini müəyyənləşdirmiş
olacağıq.
M.Şmakov qeyd edib ki, büdcədən sosial sferaya ayrılan vəsait
lider ölkələrlə müqayisədə çox azdır. Biz çalışacağıq ki, sosial xərclərin payı
inkişaf etmiş ölkələrdəki həddə çatsın. Bu məqsədə nail olmaqdan ötrü dövlət
büdcəsində kifayət qədər pul var. Həmin pullar vətəndaşların cibinə,
istehsalatın maliyyələşməsinə getmək əvəzinə, “qızıl ehtiyatları sandıqlarında”
gizlədilir. Həmkarlar ittifaqı hesab edir ki, bu, düzgün deyil. Pul ölü yük
kimi yatıb qalmamalıdır. İctimaiyyət üçün səmərəli şəkildə işləməlidir.
Həmkarlar ittifaqları hesab edir ki, mütərəqqi vergi
sistemi və vergini aksiyalardan əldə edilən dividentlərə yönəltmək əlavə maliyyə
mənbəyi ola bilər. Təşkilatımızın yaşayış minimumundan aşağı gəlirlərə vergi tətbiq
etməmək təşəbbüsü hələ də aktual olaraq qalır.
RMHİF-nin ən mühüm məqsədi işçilərin layiqli əməkhaqqı ilə
təmin edilməsidir. İşləyən insan kasıb olmamalıdır.
Rusiya Federasiyası hökumətinin sədr müavini Tatyana
Qolikova sosial tərəfdaşlıq institutunun inkişafında, sosial, əmək sferasında
milli layihələrin reallaşdırılmasında həmkarlar ittifaqı ilə hökumətin əməkdaşlığını,
üçtərəfli komissiyada əmək və pensiyaya dair ciddi problemlərin həlli sahəsində
görülən işləri yüksək dəyərləndirib.
Qurultayda Beynəlxalq Əmək Təşkilatının Baş katibi Qay
Rayderin videomüraciəti səsləndirilib. Müraciətdə
RMHİF-ın və onun liderinin səmərəli fəaliyyəti barədə təqdiredici fikirlər söylənilib.
Qurultayın ikinci günü Rusiya Federasiyası Dövlət
Dumasının sədri Vyaçeslav Volodin çıxış edərək sahə həmkarlar ittifaqları
liderlərini parlamentin komitələrinin iclaslarında fəal və təşəbbüslə iştirak
etməyə çağırıb.
Mayın 22-də qurultayda Rusiya Federasiyasının Prezidenti
Vladimir Putin salamlama nitqi söyləyib. Qurultayın BƏT-in 100 illiyinin təntənəli
qeyd olunduğu bir vaxta düşməsini əlamətdar hadisə sayıb:
“Ölkədə sosial-əmək məsələlərinin sosial tərəfdaşlıq çərçivəsində
birgə həlli olduqca vacibdir. Biz Mixail Şmakovla işgüzar görüşlərimiz zamanı
bu məsələlər atrafında söhbətlər aparırıq”. Sonra ölkə başçısı həmkarlar
ittifaqının milli layihələrin tətbiqində, onların icrasına nəzarətin həyata
keçirilməsində iştirakına öz münasibətini diqqətə çatdırıb. Həmkarlar ittifaqı
liderlərinə məsləhət görüb ki, işçilərin, həmkarlar ittifaqlarının qanuni
hüquqlarını pozan işəgötürənlərə qarşı sərt mövqe nümayiş etdirsinlər. Belə
hallara laqeyd qalan region administrasiyası başçılarına qanunun aliliyi çərçivəsində
təsir göstərsinlər. Dövlət bütün səviyyələrdə həmkarlar ittifaqlarına, onların
qanuni tələblərinə kömək göstərməyə borcludur.
V.Putin çıxışını bu sözlərlə tamamlayıb: “Bizim işimiz
müxtəlifdir. Amma məqsədimiz birdir: vətəndaşlarımızın layiqli həyatını təmin
etmək. Biz birlikdə işləsək bu məqsədə asanlıqla çatarıq”.
Qurultayda Beynəlxalq Həmkarlar İttifaqları
Konfederasiyasının Baş katibi Şaran Barrou, Rusiya Sənayeçilər və Sahibkarlar
İttifaqının prezidenti Aleksandr Şoxin, RF əmək və sosial müdafiə naziri Maksim
Topilin, Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Vladimir
Şerbakov, Pan - Avropa Regional Şurasının prezidenti, Gürcüstan Həmkarlar
İttifaqları Birliyinin sədri İrakli Petriaşvilinin də çıxışları dinlənilıb.
Qurultayda təşkilati məsələyə baxılıb. Mixail Şmakovun RMHİF-in sədri vəzifəsinə
namizədliyi irəli sürülüb və dəstəklənib.
Qurultayda
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin I müavini İlyas
Əliyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi
sədrinin I müavini Hümbət Nağıyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Səbuhi İmanov, Aviasiya
İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Bəkir Yusifov da
iştirak ediblər.