Azərbaycan nümayəndə heyəti PARŞ-ın İcraiyyə Komitəsinin növbəti iclasında iştirak edib
22 Oct 2018
Oktyabrın 22-də Belçikanın Brüssel şəhərində Pan Avropa Regional Şurasının (PARŞ) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Tədbiri giriş sözü ilə təşkilatın prezidenti və Gürcüstan
Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti İrakli Petriaşvili açıb.
Gündəlik və İcraiyyə Komitəsinin ötən iclasının protokolu təsdiq olunub. Təşkilatın
icraçı katibi Anton Leppik fəaliyyət hesabatını və növbəti il üçün nəzərdə
tutulan iş planını tədim edib. Sonra gənclər və qadınlar komitələrinin
hesabatları dinlənilib və təsdiq edilib.
İclasda Beynəlxalq Əmək Təşkilatının (BƏT) Avropa
regionundakı fəaliyyəti ilə bağlı Avropa və Mərkəzi Asiya Regional ofisinin
direktoru Heinz Koller məlumat verib. Qeyd edib ki, BƏT son illər region ölkələrində
prioritet mövzularda çox sayda tədbir, seminar, elmi-praktik konfrans
keçirmişdir. O, bu ilin may ayında BƏT-in baş direktoru Qay Rayderin iştirakı
ilə Bakıda keçrilmiş konfransı xüsusi qeyd edib. Konfransın təşkilatçılarından
biri olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri,
Milli Məclisin üzvü, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK)
və PARŞ-ın vitse-prezidenti Səttar Möhbalıyevə tədbirin yüksək səviyyədə təşkilinə
görə bir daha təşəkkürünü bildirib. Deyib ki, BƏT-in regional ofisi, eyni
zamanda Avropa ölkələrində qəbul olunan beynəlxalq konvensiyaların icrasına nəzarət
etməklə, həmkarlar ittifaqı təşkilatlarına köməkliyini əsirgəməmişdir.
İclasda Beynəlxalq Həmkarlar İttifaqları
Konfederasiyasının (BHİK) dekabr ayında keçiriləcək qurultayına hazırlıq məsələsi
də müzakirə edilib. Çıxışlarda bildirilib ki, artıq iştirakçıların siyahısı
hazırlanmış, bütün texniki işlər başa çatdırılmışdır. Qurultayın ilkin gündəliyi
üzv təşkilatlara göndərilmişdir.
İclasda Avropa regionunda BHİK-in rəhbər orqanlarına
seçiləcək nümayəndələrin təqdimatı olub. Namizədlikləri təklif olunacaq vitse-
prezidentlər, Baş Şuranın rəhbəri və İcraiyyə Komitəsinin üzvlərinin siyahısına
baxılıb.
İcraiyyə Komitəsinin iclasında Avropada əməkhaqqı məsələləri
də müzakirəyə çıxarılıb. Avropa Həmkarlar İttifaqları Konfederasiyasının
prezidenti Luka Vesentini çıxış edərək mövzu ilə bağlı regionda aparılan işləri
görüş iştirakçılarının diqqətinə çatdırıb. BHİK-in Baş katibi Şaran Barrou
bildirib ki, rəhbəri olduğu qurum əməkhaqqı ilə bağlı problemlərə dair
kampaniyanı dünya miqyasında aparır.
Sonra Qazaxıstanda, Belarusda, Türkiyədə həmkarlar
ittifaqı təşkilatlarının üzləşdiyi çətinliklər və təşkilatın onlara edə biləcəyi
kömək haqqında geniş söhbət aparılıb.
Tədbirdə BHİK-in, PARŞ-ın vitse-prezidenti, İcraiyyə
Komitəsinin üzvü, AHİK-in sədri, Milli Məclisin üzvü Səttar Möhbalıyev çıxış edib.
O, gündəlikdə olan məsələlərə münasibət bildirib, təşkilatın fəaliyyəti üçün
bundan sonra da lazımi dəstəyi göstərəcəyini söyləyib.
İclasda AHİK-in sədr müavini Aqil Dadaşov, beynəlxalq əlaqələr
şöbəsinin müdir müavini Fuad Məmmədov da iştirak ediblər.