Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının əməkdaşları Horadiz qəsəbəsində və Cocuq Mərcanlıda Novruz şənliyi təşkil ediblər
15 Mar 2019
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) hərbi hissələrin şəxsi heyətinə hamilik yardımının həyata keçirilməsi ilə bağlı qərarına uyğun olaraq Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsi tərəfindən Dövlət Sərhəd Xidmətinin (DSX) Füzuli rayonunun Horadiz qəsəbəsindəki “N” saylı hərbi hissəsinin əsgər və zabitləri üçün Novruz bayramı münasibətilə mədəni kütləvi tədbir keçirilib.
Hərbi
hissədə keçirilmiş görüşdə əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü
uğrunda canlarından keçmiş qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik
sükutla yad edilib və dövlət himni səsləndirilib.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxışına ümummilli lider
Heydər Əliyevin “Azərbaycan ordusu dövlət müstəqilliyimizin dayağıdır” sözləri
ilə başlayıb. Bildirilib ki, Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ordu quruculuğunda
böyük irəliləyiş, inkişaf baş verib. Hazırda Prezident, Silahlı Qüvvələrin Ali
Baş Komandanı İlham Əliyev tərəfindən ordumuzun güclənməsi istiqamətində də
uğurlu siyasət həyata keçirilir.
M.Cəfərzadə vurğulayıb ki, AHİK-in və ATİAHİ Respublika
Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin təşəbbüsü ilə hər
il əlamətdar günlərdə hərbi hissələrdə əsgərlərlə görüşlərin təşkil edilməsi gənc
nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasına böyük təkan verəcək.
Bildirilib ki, əsgərlərə bayram sovqatı ilə bərabər, müxtəlif ləvazimatlar da gətirilib.
Çıxışlarda qeyd edilib ki, bu gün ölkəmizin hər yerində
olduğu kimi, orduda da Novruz bayramı böyük təntənə ilə qeyd edilir. Azərbaycan
Ordusu lazımi döyüş hazırlığına malikdır və qarşısına qoyulan hər bir tapşırığı
yerinə yetirməyə qadirdir.
Tədbirdə çıxış edən sərhədçilər Prezident İlham Əliyevin
Ali Baş Komandanlığı ilə Azərbaycan Respublikasının dövlət sərhədlərini
qorumaqdan şərəf və qürur duyduqlarını bildiriblər. Onlar ölkəmizin ərazi
bütövlüyünün bərpa olunacağına, işğal altındakı torpaqlarımızda Azərbaycanın
suveren hüquqlarının təmin və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsinin
təşkil ediləcəyinə əminlik ifadə ediblər.
Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Unversitetinin həmkarlar ittifaqı təşkilatlarının özfəaliyyət kollektivlərinin
maraqlı konsert proqramı ilə davam etdirilib.
Həmçinin komitənin əməkdaşları Cəbrayıl rayonunun şəhid
Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində olub, məktəbin müəllim-şagird
heyəti ilə görüşüblər. Şagirdlərə bayram hədiyyələri və dərs ləvazimatları təqdim
edilib.