Azərbaycan tələbələrinin II qurultayı keçirilib
21 Dec 2018
Dekabrın 21-də Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan tələbələrinin II qurultayı keçirilib.
Qurultayda dövlət və hökumət nümayəndələri, Milli Məclisin
deputatları, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və tələbələr
iştirak ediblər.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban Əliyevanın qurultay iştirakçılarına təbrik məktubunu Prezident
Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva
oxuyub.
Baş nazirin müavini Əli Əhmədov çıxış edərək əsası
ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam
etdirildiyini deyib. Əli Əhmədov gənclərin və tələbələrin Azərbaycan əhalisinin
əhəmiyyətli qismini təşkil etdiyini, onların ölkənin siyasi, iqtisadi, sosial həyatında
mühüm rol oynadıqlarını qeyd edib və qurultayın işinə uğurlar arzulayıb.
Təhsil naziri Ceyhun Bayramov ölkədə həyata keçirilən təhsil
və gənclər siyasəti barədə ətraflı məlumat verərək tələbə-gənclərin dövlətin hərtərəfli
diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib. Nazir “Azərbaycan Respublikasında
təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul edilməsindən ötən 5 il ərzində
ali təhsil sisteminin təkmilləşdirildiyini, universitetlərin kadr potensialı və
maddi-texniki bazasının gücləndirildiyini, ali təhsilin əlçatanlığı istiqamətində
mühüm addımlar atıldığını qeyd edib. Ötən dövr ərzində Azərbaycan Avropa Ali Təhsil
Məkanının bərabərhüquqlu üzvünə çevrilib, ali təhsil müəssisələrinin fəaliyyəti
Bolonya prosesinin tələblərinə uyğunlaşdırılıb.
Nazir qeyd edib ki, bu il qəbul imtahanlarında rekord
sayda - 41 minə yaxın gənc tələbə adını qazanıb, 3127 nəfər 600 baldan yüksək nəticə
göstərib, 29 abituriyent 700 bal toplayıb. 2090 nəfər 500-dən yuxarı bal
toplayan gənc müəllimlik ixtisasını seçib ki, bu da gənclər arasında müəllim
peşəsinə marağın artmasını sübut edir. Təhsilin əlçatanlığının təmin edilməsi məqsədilə
2019-2020-ci tədris ilində ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin
əhəmiyyətli şəkildə artırılması nəzərdə tutulub.
Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Bakı şəhərində
800 yerlik ən müasir infrastruktura malik tələbə yataqxana kompleksinin
inşasının başa çatdırıldığını deyən Ceyhun Bayramov bildirib ki, paytaxtda və
regionlarda yeni yataqxana komplekslərinin inşası, Sumqayıt və Gəncə şəhərlərində
mövcud yataqxana binalarının əsaslı təmiri və yenidən qurulması tələbələrin təhsil
imkanlarının əhəmiyyətli şəkildə genişləndirilməsinə imkan verəcək.
Təhsil naziri “2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3558 gəncin
dünyanın ən nüfuzlu universitetlərində təhsil aldığını deyib və bildirib ki,
hazırda Azərbaycanın ali məktəblərində 76 ölkədən 6 mindən çox əcnəbi tələbə təhsil
alır.
Qurultayda çıxış edən Azərbaycan Tələbə Gənclər Təşkilatları
İttifaqının sədri Şahin İsmayılov tələbə-gənclərlə bağlı həyata keçirilən layihələr,
görülən işlər barədə ətraflı məlumat verib.
Daha sonra Azərbaycan tələbələri haqqında hazırlanmış
film nümayiş olunub.
Qurultay tələbələrin çıxışları dinlənilib. Qurultayda Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin üzvü, Beynəlxalq
Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyev də
iştirak edirdi.