AZ | RU | EN
AZ | EN | RU

Bakıda həmkarlar ittifaqlarının beynəlxalq seminarı işə başlayıb

22 Nov 2016

2016-cı il noyabrın 22-də Bakıda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası Pan Avropa Regional Şurasının MDB ölkələrinin üzv təşkilatları üçün təşkil etdiyi Sağlamlıq və Təhlükəsizlik üzrə beynəlxalq seminarı öz işinə başlayıb.

Tədbir öncəsi qonaqlar Fəxri Xiyabana gedərək ulu öndər Heydər Əliyevin məzarını, daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın  məzarını ziyarət edərək üstünə gül dəstələri düzüblər. Qonaqlar Şəhidlər Xiyabanına gedərək xalqımızın azadlığı uğrunda canlarını  qurban verən şəhidlərin xatirəsini yad ediblər.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının ev sahibliyi ilə keçirilən seminar “Əməyin mühafizəsi, istehsalat təhlükəsizliyi, ekoloji risk və təhlükələrə dair həmkarlar ittifaqları siyasətinin əsas istiqamətləri” mövzusunun müzakirəsinə həsr olunub.

Seminarın açılışında Azərbaycan Həmkarlar İttifaqları Konfedersiyasının sədri, Milli Məclisin deputatı, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) vitse-prezidenti Səttar Nehbalıyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb və MDB  ölkələrinin üzv təşkilatları üçün növbəti regional görüşün Azərbaycanda keçirilməsini ölkəmizin həmkarlar ittifaqlarının əməyin mühafizəsi, işçilərin sağlamlığı, ekoloji risk və təhlükələri problemlərinin yeni həlli yollarının  axtarılıb tapılmasında  fəaliyyətinə verilən qiymət kimi dəyərləndirildiyini bildirib.
AHİK sədri məlumat verib ki, Beynəlxalq həmkarlar ittifaqları hərəkatının, Beynəlxalq Əmək Təşkilatının dəyərlərinə görə, bugünkü seminarda müzakirə ediləcək əməyin mühafizəsi məsələsi sosial müdafiə sahəsinə aiddir və iş yerlərində təhlükəsiz şəraiti, ekoloji təhlükəsizliyi təmin edən kompleks məsələləri əhatə edir. Bu da təsadüfi deyildir, belə ki, bədbəxt hadisələr nəticəsində baş verən ölüm halları ürək-damar və onkoloji xəstəliklərdən sonra üçüncü yeri tutur. 2014-cü ilin avqustunda Almaniyanın Frankfurt şəhərində keçirilmiş əməyin təhlükəsizliyi və mühafizəsi üzrə XX Ümumdünya Konqresində Beynəlxalq Əmək Təşkilatının baş katibi Qay Rayder qeyd edib ki, ““insanlar iş yerlərindəki bədbəxt hadisələr nəticəsində daha çox ölür, nəinki mühabələrdə...”  Ekspertlərin hesablamalarına görə, hər il 270 milyon insan bədbəxt hadisələrin qurbanı olur, 160 milyonu isə peşə xəstəliklərindən əziyyət çəkirlər. Dünya miqyasında peşə xəstəlikləri və istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində  birbaşa və dolayısı ilə dəyən ziyanın  miqdarı  2,8 trilyon ABŞ dolları həcmində ölçülür.

   Dünya ölkələri  ilə müqayisədə son illərdə MDB ölkələrində xəsarətlərin sayında azalmalar müşahidə olunur, bununla belə onun göstəricilərinin səviyyəsi  hələ də yüksəl olaraq qalır.  Statistik məlumatlara görə, 2015-ci ildə  ümumilikdə MDB ölkələri üzrə istehsalatda xəsarət alan işçilərin sayı,- həlak olanlar da daxil olmaqla,- 2010-cu ildəki 66 min nəfərdən 37 min nəfərə qədər azalıb. Bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirənlərin sayı 2010-cu ildəki 2,67 milyon adam-gündən 2015-ci ildə 1,5 milyon adam-günə qədər aşağı enib.

Azərbaycanda baş verən istehsalat xəsarətlərindən bəhs edərkən S.Mehbalıyev bildirib ki, burada da  mütləq göstəricilərə əsasən, xəsarətlərin azalması tendensiyası müşahidə olunur və 2010-cu ildəki 266 xəsarət alanların sayına nisbətdə 2015-ci ildə 160 nəfər olub. İstehsalat xəsarətləri səbəbindən müvəqqəti əmək qabiliyyətini itirməyə görə iş gününün itikisi 10,3 min adam-gündən 4,3 min adam-günə qədər azalıb.

AHİK sədri öz çıxışında qeyd  edib ki, işçilərin əməyinin və sağlamlığının mühafizəsi daim Azərbaycan həmkarlar ittifaqlarının prioritet vəzifələrindən olmuş və  olmaqda davam edir. Yeni Əmək Məcəlləsinin qəbul olunması ilə və işçilərin sosial müdafiəsinin Baş Sazişlərdə nəzərdə tutulmuş tədbirlər çərçivəsində gücləndirilməsi məqsədi ilə AHİK-in verdiyi təkliflərə əsasən, Azərbaycan Parlamenti tərəfindən texniki təhlükəsizlik, istehsalatda baş vermiş  bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində  əmək qabiliyyətini itirməkdən icbari sığorta haqqında qanunlar qəbul edilib. İş və istirahət rejimi, əmək mühafizəsi xidmətində işləyənlərin say reqlamenti, zərərli iş şəraitində işləyənlərin profilaktik qida əldə etdiyi müəssisələrdən vergi tutulmaması ilə bağlı  Əmək və Vergi Məcəllələrinə düzəlişlər edilib, ilin isti və soyuq vaxtlarında işçilərə fasilələr verilməsi və işi dayandırmaq imkanı verən hərarət reqlamentinə dəyişikliklər edilib.

S.Mehbalıyev vurğulayıb ki, AHİK beynəlxalq hüquq normalarına əsaslanaraq Beynəlxalq Əmək Təşkilatının (BƏT) əməyin mühafizəsi sahəsində Konvensiyalarının və Tövsiyyələrinin ratifikasiya edilməsinə hazırlıq işlərində iştirak edir. Bir çox qanunvericilik və normativ aktlar üzrə AHİK-in təqdim etdiyi təkliflər “Analıq mühafizəsi haqqında” 183 saylı Konvensiyanın ratifikasiya edilməsini təmin edibdir. Hazırda BƏT-in əməyin mühafizəsi sahəsində Konvensiyasıyalarının ratifikasiya edilməsi istiqamətində sosial tərəfdaşlarla birgə iş aparılır. Bunlar: “Əmək və istehsalat mühitinin təhlükəsizliyi və gigiyenası haqqında” 155-ci Konvensiya, “Kənd təsərrüfatında əməyin gigiyenası və təhlükəsizliyi haqqında” 184-cü Konvensiya və “Əməyin təhlükəsizliyinin və gigiyenasının əsasları haqqında” 187-ci Konvensiyadır.

AHİK-in təşəbbüsü və yaxından iştirakı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə əməyin və sağlamlığın təhlükəsizliyi üzrə Milli strategiya layihəsi işlənib hazırlanıbdır və icra orqanları ilə razılaşdırılma mərhələsindədir.

Öz çıxışında insan sağlamlığı və ekologiya problemlərinə toxunan S.Mehbalıyev qeyd edib ki, həmkarlar ittifaqları sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində ekoloji problemlərin kompleks şəklində həlli üçün “yaşıl” texnologiyaların və standartların tətbiq olunması, layiqli əmək və həyat uğrunda mübarizənin mühüm hissəsi olan “yaşıl” iş yerlərinin yaradılmasının həlli yollarını arayıb müəyyən edirlər.

 AHİK və sahə həmkarlar ittifaqları bu və digər məsələlərin həyata keçirilməsində texniki müfəttişlərin, komissiyaların və əməyin mühafizəsi üzrə ictimai müvəkkillərin nəzarət funksiyalarının fəallaşması və gücləndirilməsi  istiqamətində tədbirlər görürlər.

S.Mehbalıyev çıxışının sonunda  bildirib ki, əmək şəraitinin yaxşılaşdırılması, təhlükəsiz iş yerlərinin yaradılması, əməyin mühafizəsinin təkmilləşdirilməsi, ətraf mühitə və ekologiyaya neqativ təsirlərin qarşısının alınması üzrə həmkarlar ittifaqlarının görəcəyi işlər BƏT-in, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələri nəzərə alınmaqla həyata keçirilməlidir. Bu ilin oktyabrında Azərbaycan hökuməti və Beynəlxalq Əmək Təşkilatı arasında əməkdaşlıq proqramı çərçivəsində  Azərbaycan Respublikasının Layiqli əmək üzrə 2016-2020 –ci illər üçün Proqramı təsdiqlənib. Həmin Proqramın müddəalarının yerinə yetirilməsi sosial tərəfdaşlarla və Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
Seminarın açılışında daha sonra sosial tərəfdaşların və beynəlxalq qurumların nümayəndələri də çıxış ediblər.
Seminar öz işini üç gün davam etdirəcəkdir.

FAYDALI KEÇİDLƏR