AZ | RU | EN
AZ | EN | RU

Bakıda Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə konfrans keçirilib

18 Oct 2018

Oktyabrın 18-də Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi və Azərbaycan Həmkarlar İttifaqları Komfederasiyasının (AHİK) təşkilatçılığı ilə «Qeyri-rəsmi sektorun rəsmiləşdirilməsi üzrə Azərbaycan Respublikasının tədbirlər və fəaliyyət planının yerinə yetirilməsində həmkarlar ittifaqının rolu» mövzusunda konfrans keçirilib.

Konfransda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin birinci müavini İlyas Əliyev giriş sözü ilə çıxş edərək bildirib ki, konfransın müzakirə etdiyi «Qeyri-rəsmi sektorun rəsmiləşdirilməsi üzrə Azərbaycan Respublikasının tədbirlər və fəaliyyət planının yerinə yetirilməsində həmkarlar ittifaqının rolu» mövzusu müasir dövr üçün aktual olmaqla yanaşı bizim ölkə üçün xarakterikdir.
Məlumdur ki, qeyri-rəsmi sektorda çalışan işçilər sosial müdafiədən məhrumdurlar. Onların məşğulluq statusları dəqiq müəyyən edilmədiyindən öz əsas hüquqlarından tam həcmdə istifadə edə bilmirlər. Bu sahədə əmək şəraitinin, əmək gigiyenasının və əməyin mühafizəsinin olmaması gəlirlərin azlığı və qeyri-müntəzəmliyi ilə səciyyələnir. Bir qayda olaraq burada işçilərin çoxu böyük risklərə məruz qalır, işəgötürənlər tərəfindən sosial hüquqları təmin olunmur və bu səbəbdən də onların sosial müdafiəyə daha çox ehtiyacı olur.

Qeyd etmək lazımdır ki, qeyri-formal sektor yalnız zəif inkişaf etmiş ölkələrdə deyil, eyni zamanda inkişaf etmiş ölkələrdə də mövcuddur. Məsələn inkişaf etmiş 10-luq ölkələrindən Fransada ümumi daxili məhsulun 15 faizi, İtaliyada 27 faizi, Almaniyada 16 faizi, İspaniyada 22, faizi,Rusiyada isə 43,8 faizi gizli iqtisadiyyatın payına düşür. Qeyri-formal sektorun hesabına hər il ABŞ-da 337,3 mlrd, Braziliyada   280 mlrd, İtaliyada isə 238,7 mlrd ABŞ dolları dövlət büdcələrindən yayınır.

Azərbaycanda da mövcud qeyri-rəsmi iqtisadiyyat və ona aid hüquqi münasibət sosial partnyorlarımız kimi bizim də əhəmiyyətli dərəcədə narahatlığımıza səbəb olubdur. Qeyri-rəsmi iqtisadiyyat – zamanın reallığıdır və BƏT onu tam haqlı olaraq inkişafda olan ölkələrin spesifik xüsusiyyəti kimi qiymətləndirib. Aşağı həyat səviyyəsi, müxtəlif sosial qrupların gəlirində böyük fərqlər, işsizlik, sosial maraqların müxtəlifliyi, iqtisadi şəraitdən asılılıq, məlumatlandırmanın kifayət qədər olmaması və sair amillər insanları qeyri-rəsmi məşğulluğa yönəldir.
 İ.Əliyev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli «Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında» və «Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında» 28 aprel 2017-ci il tarixli fərmanı da rəsmi məşğulluğa keçidə və bu sahədə çalışan işçilərin sosial hüquqlarının müdafiəsinə yönəlib.

Qeyri-rəsmi sektorun azaldılması sahəsində ən mühüm addım  isə ölkə başçısının, möhtərəm prezidentimiz İlham Əliyevin 9 oktyabr 2017-ci il tarixli sərəncam ilə «Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı»nın təsdiq edilməsidir. Bu tədbirlər planının həyata keçirilməsində həmkarlar ittifaqları fəal iştirak edir.  Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının yanında yaradılan işçi qruplarında müxtəlif dövlət qurumlarının və sosial tərəfdaşların, eləcə də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının  hüquqşünasları təmsil olunurlar.
      Qeyri-rəsmi məşğulluğun qarşısının alınması məqsədilə «Məşğulluq haqqında» Azərbaycan Respublikası Qanununa bir sıra dəyişikliklər edilməsi üçün nəzərdə tutulan təkliflər çox olduğundan, qanun yenidən işlənərək Milli Məclisə təqdim olunub.  Dəyişikliklər əsasən qeyri-rəsmi məşğulluğunu qarşısının alınması sahəsində nəzarət mexanizminin gücləndirilməsi məqsədi güdür.

İ.Əliyev deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu layihəsi, «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli Qanununun tətbiqi barədə» Fərmanda dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin Fərmanının layihəsi hazırlanmış, baxılması üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına da göndərilmişdir. Biz bu qanun layihələrinə aid mövqeyimizi bildirmiş, rəy və təkliflərimizi təqdim etmişik. Heç şübhə yoxdur ki, qeyri-rəsmi iqtisadiyyatın, problemlərinin  həllində vətəndaş cəmiyyətinin bütün üzvləri iştirak etməlidir. Onlar ilk növbədə geniş ictimaiyyəti və xüsusi ilə bu sahədə çalışanları məlumatlandırmalı və işçilərin təşkilatlanmasına kömək etməlidirlər.

Ölkə rəhbərliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ölkədə qeyri-rəsmi sektorun qarşısının alınması istiqamətində, o cümlədən işəgötürənlər və işləyənlər arasında münasibətlərdə müəyyən irəliləyişlər əldə edilib. Bu ilin beş ayı ərzində Əmək müqaviləsi bildirişi üzrə Elektron İnformasiya sistemində (ƏMBEİS) artım 43 min 434 əmək müqaviləsi təşkil edib. Keçən ilin eyni dövründə isə bu göstərici 21 min 506 müqavilə təşkil edib. Beləliklə, cari ildə əmək müqavilələri üzrə artımn tempinin müsbət saldosunun 2 dəfədən çox artması müşahidə olunub.
2017-ci ilin əvvəlinə 1 milyon 265 mindən çox müqavilə bağlanıb. 2018-ci il yanvarın 1-i vəziyyətinə isə 1 milyon 310 mindən çox müqavilə bağlanıb. Bağlanan əmək müqavilələri üzrə ən çox artım topdan və pərakəndə satış, eləcə də tikinti sahələrində olub.
Qeyd etdiyim nəticələrin əldə edilməsinə bizim son dövrlərdə Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə bu istiqamətdə, sosial tərəfdaşlarla, mövzu ilə bağlı respublikamızda keçirdiyimiz tədbirlərin müsbət təsirini xüsusilə qeyd etmək istərdim. BƏT-in dəstəyi ilə son illərdə qeyri-formal məşğulluğun azaldılması ilə bağlı Bakıda və regionlarda keçirilən 11  konfrans və seminarda 1000-dən çox həmkarlar ittifaqı fəalı iştirak edib.
Bütün bunlara baxmayaraq etiraf edilməlidir ki, qeyri-rəsmi əmək münasibətlərinin aradan qaldırılmasında hələ də çətinliklər mövcuddur.
Çıxışçı bildirib ki, son beş ildə respublikamızda iqtisadi fəal və məşğulluğa cəlb olunmuş əhalinin artmasına baxmayaraq qeyri-rəsmi sektorda hələ də kifayət qədər çalışan vardır. Bəzi xarici ekspertlərin rəylərinə görə respublikamızda əmək qabiliyyətli əhalinin təqribən 50-60 faizi qeyri-rəsmi məşğulluq sahələrində çalışırlar. Qeyd etməliyəm ki, rəqəmlərin dəqiqləşdirilməsinə ehtiyac vardır. Qeyri-rəsmi əmək münasibətlərində olan işçilərin dəqiq statistikasının olmaması bu kateqoriyaya aid olanların dəqiq müəyyənləşdirilməsinə  imkan vermir: “Bildirməliyəm ki, həmkarlar ittifaqları olaraq qeyri-rəsmi  sektorda işçilərin əmək hüquqlarının qorunmasında maraqlı tərəf kimi bu sahədə bütün imkanlardan istifadə etməyə qərarlıyıq. Qeyri-rəsmi sektordan rəsmi sektora keçid üçün ilk növbədə bu sahədə fəaliyyət göstərən işəgötürənlər öz bizneslərinin leqallaşdırılması üçün təşviq edilməlidirlər ki, bu da bir sıra sosial-iqtisadi məsələlərin həlli baxımından olduqca vacibdir.” 

Konfransda daha sonra BƏT-in Azərbaycan üzrə əlaqələndiricisi Yaşar Həmzəyev, Avropa İttifaqı Layihəsinin Azərbaycan üzrə rəhbərləri Audris Bitinas, Audra Mikalauskayte və digər qonaqlar çıxış ediblər.
AHİK-in şöbə müdiri N.Hüseynov “Qeyri-rəsmi sektorun rəsmiləşdirilməsi üzrə Azərbaycan Respublikasının tədbirlər və fəaliyyət planının yerinə yetirilməsində həmkarlar ittifaqının rolu” ilə  bağlı təqdimatla çıxış edib. Mövzuya dair sosial tərəfdaşların – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının nümayəndələri də çıxış ediblər.

Konfransda Beynəlxalq Əmək Təşkilatının “Qeyri-formal iqtisadiyyatda formal iqtisadiyyata keçid haqqında” 204 saylı Tövsiyyəsinin tələblərinin həyata keçirilməsində, qeyri-rəsmi məşğulluğun qarşısının alınmasında həmkarlar ittifaqının rolu, qeyri-rəsmi sektorun aradan qaldırılmasında pensiya təminatının rolu, qeyri-rəsmi sektorun rəsmiləşdirilməsində tibbi sığortanın rolu, qeyri-rəsmi sekrorun rəsmiləşdirilməsində vergi güzəştlərinin tətbiqi ilə əlaqədar islahatların rolu mövzularında çıxışlar dinlənilib.


FAYDALI KEÇİDLƏR