AZ | RU | EN
AZ | EN | RU

Bakıda “Gənclərin məşgulluğu və İş dünyasının gələcəyi” mövzusunda beynəlxalq konfrans işə başlayıb

06 Nov 2017

Noyabrın 6-da Bakı Biznes Mərkəzində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) Pan Avropa Regional Şurasının (PARŞ) Gənclər Komitəsinin "Gənclərin məşğulluğu və İş dünyasının gələcəyi" mövzusunda beynəlxalq  konfransı öz işinə başlayıb. 

Tədbir öncəsi konfrans iştirakçıları Fəxri xiyabana gedərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.  Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarı önünə gül dəstələri düzüblər. Daha sonra  Şəhidlər xiyabanına  gedən qonaqlar Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini yad ediblər.

Konfransın işində iştirak edən AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının   və Pan Avropa Regional Şurasının  vitse-prezidenti, Milli Məclisin üzvü Səttar Möhbalıyev giriş sözü ilə çıxış edərək dünya ölkələrinin həmkarlar ittifaqı mərkəzlərindən olan qonaqları Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası adından salamlayıb.

AHİK sədri öz çıxışında bildirib ki, bugünkü  tədbir həlli vacib olan problemə həsr oluub. Biz birlikdə əmək sferasının mühüm iştirakçısı olan gənclərin məşğulluğu ilə bağlı məsələləri müzakirə edirik. Həm də iş dünyasının gələcəyi,  əmək münasibətlərində baş verəcək dəyişikliklər və çağırışlar baxımından işçilərin hüquq və mənafelərinin müdafiəsində həmkarlar ittifaqlarının rolu diqqət mərkəzində olacaq. Əminəm ki, konfransda yeni məşğulluq növlərində və  sektorlarda çalışan işçilərin həmkarlar ittifaqı sıralarına cəlb edilməsi istiqamətində də müvafiq təkliflər irəli sürüləcəkdir. Biz həmkarlar ittifaqlarının həmrəyliyini və sosial dialoqu əsas tutaraq  ölkələrimizdə  iqtisadiyyatin inkişafına töhfələrimizi verib  sosial-ədalət prinsipinin həyata keçirilməsində  daha aktiv iştirak etməliyik.

 S.Möhbalıyev vurğulayıb ki, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır. Savadlı, geniş dünya görüşünə malik gənclərin yetişdirilməsi, onların  məşğulluğu hər bir ölkə və beynəlxalq təşkilatlar üçün başlıca məsələdir. Bütün dünyada gənclərin problemləri əsasən eynidir - məşğulluğ, işədüzəlmə, layiqli əmək, sosial müdafiə, istirahət, əyləncə, mənzilə sahib olma, təhsilin səviyyəsi və s.
 Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesablamalarına görə, gənclər arasında qlobal işsizlik səviyyəsi 13,1 faizə çatıb və bu göstərici yaşlı əhali arasındakı işsizlikdən iki dəfə yüksəkdir. Dünya iqtisadi böhranı bir çox ölkələrin əmək bazarlarında gənclərin onsuz da mürəkkəb olan vəziyyətini bir az da gərginləşdirib.

    Heç şübhəsiz, bu günün əmək sferası 50 il bundan öncə mövcud olmuş dövrdən özünün mürəkkəbliyi və dinamikliyi ilə fərqlənir. Gələcək illərin əmək sferası da böyük dəyişikliklərlə üzləşəcək. Bu gün dünyada müşahidə olunan ictimai, siyasi və sosial ziddiyyətlər, işsizlərin sayının 201 milyonu aşması, ekoloji və təbii resursların tükənməsi fonunda gələcəkdə dünyanın necə dəyişəcəyi barədə bir çox fikirlər səslənir. Bu baxımdan Beynəlxalq Əmək Təşkilatının baş direktoru Qay Rayderin irəli sürdüyü “Əməyin gələcəyi” təşəbbüsü və bunun ətrafında qlobal müzakirələrin aparılması çağırışı böyük əhəmiyyət kəsb edir.

Məşğulluğun qlobal meylləri, əmək bazarının günü-gündən rəqəmsallaşması və məşğulluğun yeni formalarının mövcüdluğu, bu seqmentər üzrə əmək bazarına daxil olan gənclərin hüquqlarının qorunmasında problemləri üzə çıxarır. Texnologiyanın inkişafı, mobilləşmə həyat tərzimizi dəyişdiyi kimi iş sahələrini və vərdişlərimizi də rəqəmsal istiqamət üzrə dəyişir. Kompüterlər və robotlar istehsalatda və xidmət sahəsində getdikcə üzərinə daha mürəkkəb vəzifələr götürür, həm də bu iş yerlərinin azalmasına səbəb ola bilər. Bəs bu şəraitdə insanın rolu nədən ibarət olacaqdır? Bütün bu məsələlər Dünya İqtisadi Forumlarının, o cümlədən "İndustriya 4.0"-ün (dördüncü sənaye inqilabı) əsas mövzularındandır.

S.Möhbalıyev deyib ki, təşkilatçıların proqnozlarına görə, 2020-ci ilin sonuna yaxın yüksək inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə iş yerlərinin sayı beş milyon ədəd azalacaq. Bu, tək müəssisələrdə çalışan işçilərə aid olmayacaq. Proses həm də ofis əməkdaşlarını, eləcə də xidmət sahəsində işləyənləri əhatə edəcək. Araşdırmalara görə, dünya əmək bazarı təxminən yeddi milyon iş yerini itirəcək, onlardan üçdə iki hissəsi - inzibati və ofis vəzifələridir. Lakin İT (Ay-Ti) mütəxəssisləri bundan faydalana bilər. Süni intellekt və robotlaşdırmanın inkişafı sayəsində dünyada iki milyon yeni vakansiya yaranacaq. Növbəti dəyişikliklər qadınların məşğulluğuna da mənfi təsir edə bilər, çünki nümayəndələrinin sayı elmi, mühəndis-texniki ixtisaslar arasında və riyaziyyat ilə bağlı sahələrdə xeyli azdır.

Əmək sahəsindəki miqyaslı təhlükələrdən biri də – bir çox peşələrə tələbatın itməsinə  gətirib çıxaracaq. Yaxın gələcəkdə mühasib, əczaçı, sığorta agenti kimi digər peşələr sıradan çıxa bilər. Sərbəst əmək resurslarının yenidən optimal bölüşdürülməsi məsələsi indiyə qədər görünməmiş dərəcədə aktualdır. Digər tərəfdən texnoloji tərəqqinin sürətləndirilməsi ilə əlaqədar yeni peşələr meydana gəlir və bu gün bir çoxları qeyri-tipik, çevik və b. məşğulluq seqmentləri üzrə kənarda çalışırlar.  Həmçinin işçilərin əmək və sosial təminatlarının müdafiəsi kimi məsələlər həmkarlar ittifaqları tərəfindən böyük diqqət tələb edir. Bunlar əməkçilərin müdafiəsini yaxşılaşdırmağa və əmək bazarına aid olan gələcək məsələləri proqnozlaşdırmağa imkan verəcəkdir.

AHİK sədri iştirakçıların diqqətinə çatdırıb ki, Azərbaycan Respublikası Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik əhalisi olan və əhali sayı sürətlə artan az sayda ölkələrdən biridir. 2006-2016-ci illər ərzində əhalinin sayı 14 faiz artıb. Əhalinin 28,1 faizini 15-29 yaşda gənclər təşkil edir və demoqrafik yük əmsalı 1990-cı ilə nisbətən 1,7 dəfə azalaraq 40 nəfər təşkil edir. Azərbaycan işsizliyin azaldılması sahəsində uğurlu təcrübəyə malikdir və gənclərin məşğulluğu üzrə BMT-nin qabaqcıl ölkələrindən biridir.

Ümummilli lider Heydər Əliyev 1996-cı ildə fevralın 2-nin Gənclər Günü kimi qeyd olunması barədə sərəncam imzalayarkən demişdi: «Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanaraq, onların imkanlarından maksimum istifadə edəcəyik». Həqiqətən gənclərin cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilməsi üçün ölkə rəhbərliyi tərəfindən mühüm addımlar atılıb. 2007-ci il «Gənclər ili» elan edildi. «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramı, «2015-2025-ci illərdə Azərbaycan Gəncliyinin İnkişaf Strategiyası» imzalandı. Ölkədə fəaliyyət göstərən Azərbaycan gəncliyi,  Yoxsulluğun azaldılması və davamlı inkişafı üzrə regionların sosial-iqtisadi inkişafı, Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramları və digər mühüm sənədlər qəbul olunaraq  həyata keçirilir.

Azərbaycanın gənclərin məşğulluğu üzrə şəbəkəyə daxil olan ölkələrə qoşulması BMT tərəfindən müsbət qarşılanıb. Bütün bu tədbirlər ona gətirib çıxardı ki, ölkə Prezidenti cənab İlham Əliyevin təbirincə desək, hazırda «Gənclər… cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar». Ən istedadlı, bacarıqlı oğlan və qızlar dövlət və hakimiyyət orqanlarında məsul vəzifələrə irəli çəkilir. Mədəniyyət, idman, elm sahəsində onların qarşısında geniş imkanlar açılıb. 2010-cu ildən bugünədək 360 min yeni iş yeri yaradılıb ki, bu müddətdə də işə düzələnlərin 70%-i gənc kadrlardır. Gənclər arasında işsizliyin səviyyəsi 15 faizdən 10,9 faizə enib. Ölkədə mövcud demoqrafik meyillər və inkişaf perspektivləri, iqtisadi prioritetlər əsasında uzunmüddətli dövlət məşğulluq siyasəti formalaşdırılır. Konsepsiya layihəsinin hazırlanması üçün 21 qurumun nümayəndələrindən ibarət İşçi qrupu yaradılıb və fəaliyyət göstərir. Konsepsiyanın prioritet istiqamətləri sırasına makroiqtisadi siyasət və sahibkarlığın inkişafı, infrastruktur layihələrində və dövlət investisiya xərclərində məşğulluq amilinin formalaşdırılması, demoqrafik yükün əmək bazarına və məşğulluq siyasətinə təsirinin qiymətləndirilməsi daxildir. Həmçinin rəqabətədavamlı kadr potensialının yaradılması, əmək bazarının inkişafı üzrə informasiya təminatının yaxşılaşdırılması, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, sosial məsuliyyətin artırılması və sosial tərəfdaşlığın inkişaf etdirilməsiı və digər prioritet istiqamətlər yeni Konsepsiyada əhatə olunacaqdır.

S. Möhbalıyev bildirib ki, Yeni Məşğulluq Konsepsiyası layihəsinin hazırlanmasında əsas partnyorlarımız BƏT, Dünya Bankı və BMT-nin Əhali Fondudur. Məhz bu əməkdaşlıq nəticəsində Bakıda keçirilən təlim-seminarı və tədbirlərdə ölkənin əmək bazarında baş verən vəziyyət, müşahidə olunan meyllər, əldə olunmuş nailiyyətlər və mövcud problemlər, onların həlli yolları, həmçinin növbəti illər üçün müəyyən olunmuş prioritetlər geniş müzakirə olunub. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sosial tərəfdaş kimi bu işlərdə, dövlət məşğulluq siyasətinin hazırlanması və təkmilləşdirilməsində fəal iştirak edir.

Respublika iqtisadiyyatında çevik məşğulluğun müxtəlif formaları mövcud olduğundan AHİK, öz səylərini əmək qanunvericiliyindəki əsas anlayış və təyinatların dəyişdirilməsi yollarının axtarışına yönəldib. Əhali, onun işləyən hissəsi konkret iş yerinə, işəgötürənə, iş və istirahət vaxtına, məzuniyyətə və həmkarlar ittifaqlarının sayəsində müəyyənləşdirilmiş əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının olmasına adət edib. Bu gün isə biz müşahidə edirik ki, adamlar internetdəki elanlar vasitəsilə iş tapır, virtual şəkildə muzd barədə sövdələşir və işi yerinə yetirməyə başlayır. O, öz işəgötürənini görmür, ofisdə konkret iş yeri olmur. Onun yalnız bank kartı olur ki, oradakı məbləğ də işəgötürənin arzusu və istəyinə görə dəyişir. Bu gün çoxları evdə işləməyə daha çox üstünlük verir, artıq “8 saatlıq iş günü” anlayışı aktual deyil, “iş yerinin şəraiti” anlayışı da öz əhəmiyyətini itirməkdədir.

Gənclərin böyük bir qismi həmkarlar ittifaqı sıralarında birləşir. Bu üzvlük təşkilatımızın üzərinə böyük məsuliyyət qoyur. AHİK bütün gəncləri inkişaf strategiyası çərçivəsində yeni ideyalarını ortaya qoymağa çağırıb. Gənclər siyasəti Həmkarlar İttifaqı rəhbər orqanlarının (Qurultay, Məclis və İcraiyyə Komitəsi) sənədlərinə istinadən həyata keçirilir. Gənclərin təşkilatlanması istiqamətində çoxsahəli tədbirlər görülür. Bunların isə əsas icraçıları AHİK-in və sahə Hİ respublika komitələrinin nəzdində yaradılan “Gənclər şuraları”dır. “Şuralar” gənclərin Hİ-nin rəhbər orqanlarında təmsil olmalarına, müəssisə və təşkilatlarda bağlanan bütün saziş və kollektiv müqavilələrə gənc işçilərə aid müvafiq bölmə və öhdəliklərin daxil edilməsinə səy göstərirlər. Gənclərin istehsalata həm ixtisaslı kadr, həm də fəal ictimaiyyətçi kimi hazırlığı işində stimullaşdırma metodları istifadə olunur. «Bu – mənim peşəmdir», «Gənclərlə iş üzrə ən yaxşı ilk Hİ təşkilatı adı uğrunda», «Gənclərin liderlik məktəbi», «Gender bilikləri və texnologiyası məktəbi» layihələri bu qəbildəndir. Gənclərin həmkarlar ittifaqı üzvlüyünə motivasiyasının gücləndirılməsi məqsədilə «İlin peşəkar gənci» fəxri adı təsis edilib və 100-dən çox gənc bu ada layiq görülüb.

Gənc liderlərlərimizin dünya miqyaslı tədbirlərdə iştirakı ilbəil artır. Onlar müasir gənclərə xas olan problem və nailiyyətlərin müzakirəsində iştirak edir, əldə olunmuş bilik, müsbət təcrübə və texnologiyaları həmkarları ilə bölüşürlər. Yeri gəlmişkən mən bu istiqamətdə Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təcrübəsini xüsusi vurğulamaq istərdim. Komitə tələbə-gənclərin dərsdən sonrakı asudə vaxtlarını onların məşğulluq probleminin həlli istiqamətinə yönəldir. Belə ki, Komitə BDU-də fəaliyyət göstərən Karyera Mərkəzi ilə birlikdə biznes həyatında kifayət qədər tanınmış böyük şirkətlərlə («Azercell», «Bakcell», «Socar», «Azersun») iş birliyi yaradıb. Mütəmadi olaraq həmin şirkətlərdə mövcud iş imkanları gənclərin diqqətinə çatdırılır. Eyni zamanda Dövlət İmtahan Mərkəzi ilə birlikdə son kursların tələbələri üçün dövlət qulluğuna imtahanların mərhələləri və qaydaları haqqında məlumat xarakterli görüşlər təşkil edilib. Görülən işlərin nəticəsidir ki, hazırda əyani şöbədə təhsil alan 300-dən artıq tələbə müxtəlif qurumlarda işlə təmin olunub, çoxsayda məzun isə dövlət qulluğunda çalışır.

S.Möhbalıyev çıxışının sonunda diqqətə çatdırıb ki, AHİK, sosial tərəfdaşlardan biri kimi, Nazirlər Kabineti və Sahibkarlar Milli Konfederasiyası ilə birgə Baş Kollektiv Saziş imzalayır. Bağlanmış sənəddə gənclərin məşğulluğuna təsir edən bir çox yeni, perspektiv məsələlər öz əksini tapıb və icra edilib. Təkliflərimizə əsasən, son illərdə AR Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, “Həmkarlar İttifaqı haqqında” Qanuna və digər hüquqi-normativ aktlara 100-ə yaxın əlavə və dəyişikliklər olunub.  İşsizliyin icbari sığortası  tətbiq edilib. Söhbət işin itirilməsi halında işçinin müdafiə edilməsi üçün müəyyən əlavə mexanizmdən gedir. Bu mexanizm insanın həyat səviyyəsinin kəskin surətdə aşağı düşməsinə imkan verməyəcək.  Bundan əlavə həmkarlar ittifaqları təkid edirlər ki, işəgötürənlər işçilərin bütün əmək fəaliyyəti  boyu   yenidən öyrətmə  və ixtisas  artırma üzrə normaları mütləq olaraq kollektiv  müqaviləyə daxil etsinlər, borc ödəmə qabiliyyətsizliyi halında işçiyə əmək haqqı kompensasiyası   mexanizmini müəyyən etsinlər. Bütün bu kompleks ölçülər işçilərin əmək bazarında vəziyyətini daha möhkəm təmin edəcəkdir.

“AHİK gənclərin məşğulluq böhranı ilə mübarizəyə yönəldilmiş effektiv fəaliyyətin işlənib hazırlanmasını, əməkdaşlığın möhkəmləndirilməsini, bir sözlə insan kapitalına daha çox sərmayə qoyulmasını məqsədəmüvafiq sayır. Hesab edirəm ki, bu toplantı müasir dövrdə gənclərin  problemlərinin həlli yollarının araşdırılması, iştirakçı ölkələrin təşkilatları arasında təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətli olacaq, səmərəli müzakirələrlə yadda qalacaqdır.”

Daha sonra konfrans iştirakçıları Pan Avropa Regional Şurasının müşaviri Qoda Neverauskaytenin BHİK/PARŞ Gənclər komitəsinin fəaliyyəti, PARŞ Gənclər komitəsinin prezidenti Tatyana Marianın 2016-2017-ci illər üçün Komitənin hesabatı və digər mövzularda çıxışçıların məlumatlarını dinləyiblər.
Konfrans öz işini iki gün davam etdirəcəkdir.

 

FAYDALI KEÇİDLƏR