AZ | RU | EN
AZ | EN | RU

Bakıda İndustriALL Qlobal İttifaqının üzv təşkilatlarının subregional görüşü keçirilib

01 Oct 2018

Oktyabrın 1-də Bakıda İndustriALL Qlobal İttifaqının üzv təşkilatlarının subregional görüşü işə başlayıb. 

Görüşdə Azərbaycan Neft-qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, İndustriALL Qlobal İttifaqının Azərbaycandakı əlaqələndiricisi Cahangir Əliyev, İndustriALL Qlobal İttifaqının Baş katibinin müavini Kamal Özkan giriş sözü ilə çıxış ediblər.
Görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edib. Görüş iştirakçılarını salamlayan AHİK sədri   belə bir tədbirin Azərbaycanda təşkili üçün İndustriALL Qlobal İttifaqına və onun Baş katibinin müavini cənab Kamal Özkana təşəkkürünü bildirib. Çıxışının əvvəlində S.Möhbalıyev respublikamız haqqında iştirakçılara qısa məlumat verərək bildirib ki, Müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycan 1918-ci ildə özünün müstəqilliyini - Azərbaycan Xalq Cümhuriyyətini elan etməklə əldə etmişdir.  Azərbaycan Xalq Cümhuriyyəti və onun Parlamentinin yaradılması xalqımızın dövlətçilik potensialının yeni tarixi şəraitdə təzahür etməsi və müstəqillik arzusunun reallaşması idi. Parlamentli respublika sisteminin tətbiq edilməsi, demokratik və dünyəvi dövlətçilik yolunda atılan inamlı addımlar Azərbaycanın siyasi həyatında yeni səhifə açaraq ilk dəfə olaraq kişilərə və qadınlara bərabər seçki hüququ verdi. Təəssüflər olsun ki, ötən ay 100 illiyini qeyd etdiyimiz bu Cümhuriyyət və onun Parlamenti cəmi 23 ay yaşayaraq xarici müdaxilə nəticəsində süquta uğradı. Ölkəmiz ikinci dəfə 1991-ci ildə SSRİ dağıldıqdan sonra müstəqilliyinə qovuşdu. Respublikamız 27 illik müstəqillik tarixi ərzində uğurlu inkişaf yolu keçərək regionun lider dövlətinə və sosial-iqtisadi inkişaf tempinə görə, dünyanın ən qabaqcıl ölkələrindən birinə çevrilib.  Hesab edirəm ki, Azərbaycanın qısa müddət ərzində belə böyük nailiyyətlər əldə etməsini şərtləndirən əsas amil respublikada sabitliyin mövcudluğu və uğurlu sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsidir.
Daha sonra AHİK sədri deyib ki, ölkə rəhbərliyi tərəfindən siyasi, iqtisadi islahatlara üstünlük verilməsi Azərbaycanın siyasi müstəqilliyini daha da möhkəmləndirib. Dünyanı bürüyən maliyyə və iqtisadi böhranlara baxmayaraq Azərbaycan iqtisadiyyatında həyata keçirilən tədbirlər nəticəsində son 14 ildə 1 milyon 900 mindən çox yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 5,4 faizə, işsizliyin səviyyəsi isə 5 faizə enmiş, ölkədə əməkhaqqı 5, pensiyalar 8 dəfədən çox artmışdır. Ölkə iqtisadiyyatına 231 milyard manat sərmayə qoyulub. Azərbaycan bu gün dünyanın ən böyük enerji təminatçılarından biridir.
1994-cü il sentyabrın 20-də Xəzər hövzəsinin enerji resurslarının nəql edilməsi ilə əlaqədar imzalanan «Əsrin müqaviləsi» Azərbaycanı həlledici söz sahibinə çevirdi. Azərbaycan tərəfindən irəli sürülmüş enerji təşəbbüsləri ölkəmizin uzunmüddətli inkişaf dinamikasını təmin etməklə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Əsrin müqaviləsinin icrası xalqları bir-birinə daha da yaxınlaşdırıb, bölgəyə sülh, sabitlik gətirib və ölkələrimizin dünyada mövqeyinin möhkəmləndirməsinə təkan verib. Eyni zamanda Trans Adriatik Boru Kəməri (TAP) layihəsi üzrə beynəlxalq saziş imzalanıb. TAP və Şahdəniz konsersiumlarının imzaladığı sazişlə ilk dəfə olaraq Azərbaycan qazı Avropa bazarına birbaşa çıxış əldə etdi. TAP boru kəməri Türkiyə ilə Yunanıstan sərhədlərində yerləşən Trans-Anadolu qaz-boru kəmərinə (TANAP) birləşəcəkdir və nəzərinizə çatdırmaq istəyirəm ki, TANAP boru kəmərinin açılışı bu ilin iyun ayında Türkiyənin Əskişəhər şəhərində olub. Ümumi dəyəri 40 milyard dollar olan bu layihə Azərbaycan qazını Avropaya nəql edəcəkdir.
AHİK sədri qeyd edib ki, Azərbaycan regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməkdədir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizinin qovşağında yerləşən və bu yaxınlarda istifadəyə verilmiş Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ölkənin iqtisadi imkanlarının genişləndirilməsində həlledici rola malikdir. Bakı-Tbilisi-Qars dəmiryolunun istismarına başlanması   və   Şimal - Cənub   nəqliyyat   dəhlizi layihəsinin gələcəkdə istifadəyə verilməsi Avrasiya məkanında açıq dənizlərə çıxışı olmayan Azərbaycanı nəqliyyat və logistika mərkəzinə çevirir.
Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyi istiqamətində son illər atılan addımlar bu uğurların qazanılmasına şərait yaradıb. Təsadüfi deyildir ki, Davos İqtisadi Forumunun hesablamalarında rəqabət qabiliyyətliliyinə görə respublikamız 35-ci yerə yüksəlib.
Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında inklüziv inkişaf baxımından üçüncü yerdədir. Biz bir çox geniş iqtisadi imkanları olan ölkələr sırasındayıq. Lakin respublikamızın sosial-iqtisadi uğurları daha çox ola bilərdi. Buna mane olan isə Azərbaycan dövlətini, onun xalqını, o cümlədən həmkarlar ittifaqını narahat edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemidir. Diqqətinizə çatdırım ki, Azərbaycanın 20 faiz torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkün həyatı yaşayır. Azərbaycan Respublikasının torpaqlarının qeyri-şərtsiz işğaldan azad edilməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələri bugünə qədər yerinə yetirilməyib. Təəssüflər olsun ki, dünya birliyi bu ədalətsizliyə hələ də dözür. Problemin bugünə qədər həll olunmamasının başlıca səbəbi Ermənistanın sabiq və hazırki rəhbərlinin qeyri-konstruktiv mövqeləri və vasitəçilərin bu məsələyə biganə münasibətidir.
Bu gün Azərbaycanın hərbi qüdrəti imkan verir ki, biz münaqişəni hərbi yolla həll edək və Azərbaycanın ərazi bütövlüyünü təmin edək. Bunu 2016-ci ildəki aprel döyüşləri və cari ildə Naxçıvan əlahiddə qoşun birləşməsinin apardığı əməliyyatlar sübut edir. Lakin biz sülhsevər xalqıq və münaqişənin sülh yolu ilə və beynəlxalq qanunlar çərçivəsində həll edilməsində maraqlıyıq.
S.Möhbalıyev daha sonra deyib: “Təbii ki, sosial-iqtisadi sahədə əldə olunmuş nailiyyətlərdə Azərbaycan Həmkarlar İttifaqlarının da rolu az deyildir. XIX əsrin II yarısı və XX əsrin əvvəllərində formalaşmağa başlayan Azərbaycan həmkarlar ittifaqları yarandığı 1904-cü ildən işçilərin sosial-iqtisadi mənafeyinin həqiqi müdafiəçisinə çevrilib.  Respublikamız ikinci dəfə müstəqillik qazandıqdan sonra, bütün sahələrdə olduğu kimi, Azərbaycan həmkarlar ittifaqlarında da islahatların həyata keçirilməsi zəruriliyi meydana çıxdı. 5 fevral 1993-cü ildə keçirilən təsis qurultayında Azərbaycan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq, səlahiyyətlərini konfederativ tipli AHİK-ə verdi. 1994-cü ilin fevralında - keçmiş postsovet məkanında ilk dəfə olaraq - Azərbaycan Respublikasında «Həmkarlar ittifaqları haqqında» qanun qəbul edildi, bununla da təşkilatımızın normal fəaliyyətinə şərait yaradıldı. Bu gün AHİK 26 üzv təşkilatı və 1,5 milyonadək həmkarlar ittifaqı üzvünü öz ətrafında birləşdirir. Eyni zamanda Konfederasiyanın tərkibində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, "Kurort" Səhmdar Cəmiyyəti, Respublika Turizm və Ekskursiyalar Şurası, İdman Təşkilatları İctimai Birliyi (AHİTA), «Azərbkolxozlararasısağlamlıq» Respublika Birliyi fəaliyyət göstərir, "Ülfət" qəzeti nəşr edilir.”
S.Möhbalıyev bildirib ki, AHİK yarandığı gündən həmkarlar ittifaqı üzvlərinin sosial təminatlarına dair ölkədə qəbul edilən sosialyönümlü qanun və qərarların, normativ sənədlərin ekspertizasını keçirir, müvafiq təkliflərlə çıxış edir. Tərəfimizdən irəli sürülən təkliflərin demək olar ki, əksəriyyəti ölkəmizin qanunverici və icra orqanları tərəfindən müdafiə olunur. Bunun nəticəsidir ki, bizim təklifimizlə «Həmkarlar ittifaqları haqqında» qanuna, əmək və inzibati xətalar məcəllələrinə və digər sosialyönümlü normativ hüquqi aktlara 120-dən çox önəmli əlavə və dəyişikliklər edilib. Bu dəyişikliklərdən ikisi xüsusi əhəmiyyət daşıyır. Əmək Məcəlləsinin 80-ci maddəsinə edilən dəyişikliyə görə, işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. İnzibati Xətalar Məcəlləsinə əlavə edilmiş maddəyə görə isə, işçilərin əməkhaqlarından tutulmuş üzvlük haqlarının həmkarlar ittifaqları təşkilatlarının xüsusi hesabına köçürülməməsinə görə vəzifəli şəxslərin 1000 manatdan 1500 manatadək cərimə edilməsi nəzərdə tutulur.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası beynəlxalq əlaqələrini də durmadan genişləndirir. Konfederasiya və onun üzv təşkilatları dünyanın nüfuzlu beynəlxalq həmkarlar ittifaqı birliklərinin fəal üzvləridir. Dünya həmkarlar ittifaqı hərəkatında yaxından iştirakımız nəticəsində bir sıra beynəlxalq tədbirlər, o cümlədən beynəlxalq mərkəzlərin icra orqanlarının səyyar iclasları, konfransları, seminarları və görüşləri respublikamızda keçirilib. Bu gün sizin təşkil etdiyiniz bu görüş və keçirəcəyiniz konfrans da məhz bu tədbirlərdəndir.
AHİK sədri deyib ki, təşkilatınız gənc olsa da (2012-ci ildə yaranıb) az müddətdə üzv təşkilatlarla müxtəlif maraqlı tədbirlər keçirmisiniz. Bizim üçün xoşdur ki, Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri HİRK-nin sədri ittifaqınızın İcraiyyə Komitəsində təmsil olunub. Keçirdiyiniz tədbirlərin bir neçəsi respublikamızın paytaxtında və regionlarında (İsmayıllı rayonu) keçirilib. Eyni zamanda təşkilatınız respublikamızda olan üzvlərini (Metal İşçiləri Hİ Federasiyası, Neft və Qaz, Elektroenergetika Sənayesi, Yerli Sənaye və Kommunal Məişət Müəssisələri İşçilərinin HİRK) məlumat xarakterli materiallarla, jurnalla və təcrübə materialları ilə təmin edir. 
Əsas məqsədi işçilərin birləşmə hüquqlarının azadlığının tanınması, təhlükəsiz və sağlam iş yerlərinin yaradılması, diskriminasiya hallarının bütün formalarına son qoyulması olan bu təşkilatın kollektiv danışıqların aparılmasına nail olmaq istiqamətində yürütdüyü məqsədyönlü fəaliyyət təqdirəlayiqdir.
 Çox yaxşı haldır ki, qloballaşan korporasiyalarda həmkarlar ittifaqlarının və onların üzvlərinin əmək və sosial hüquqlarının qorunmasında milli həmkarlar ittifaqlarına yardımçı olmaq da İndustriALL Qlobal İttifaqının məqsədlərindən biridir. Respublikamızda fəaliyyət göstərən transmilli şirkətlərdə, o cümlədən neft sənayesində çalışan beynəlxalq şirkətlərdə həmkarlar ittifaqlarının yaradılmasında problemlər mövcud olduğundan işçilərin sosial-iqtisadi hüquqlarının pozulması adi hala çevrilir. Hesab edirəm ki, İndustriALL Qlobal İttifaqı bu sahədə milli həmkarlar ittifaqlarına kömək etmək üçün transmilli şirkətlərin Baş ofisləri ilə danışıqlar apararaq bu məsələlərin həllinə yardımçı ola bilər. Ümid edirəm ki, bugünkü subregional görüş ittifaqınıza üzv olan milli həmkarlar ittifaqlarının bir-birini yaxından tanıması, fikir mübadiləsi aparılması, qarşılıqlı müsbət təcrübələrin öyrənilməsi üçün çox gözəl imkan yaradacaqdır.
Üç gün davam edəcək tədbirdə İndustriALL Qlobal İttifaqının 2017-ci il oktyabrında keçirilən subregional görüşündən keçən müddət ərzində inkişafı və fəaliyyəti haqqında çıxış, regiondakı fəaliyyəti haqqında təqdimat, MDB ölkələrində hərəkət və kampaniyalar haqqında iştirakçı ölkələrin həmkarlar ittifaqlarının məlumatları və digər məsələlər dinləniləcək, İndustriALL Qlobal İttifaqının və Xəzər regionu neft-qaz işçiləri həmkarlar ittifaqlarının birgə iclası keçiriləcəkdir.

 

FAYDALI KEÇİDLƏR