AZ | RU | EN
AZ | EN | RU

Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə regional konfrans keçirilib

07 May 2019

Mayın 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə “Həssas qruplara dair” mövzusunda regional konfrans keçirib.

Tədbiri açan AHİK-in sədr müavini Cavanşir Alxasov iştirakçıları salamlayaraq bildirib ki, davamlı iqtisadi inkişaf yolu seçmiş Azərbaycan Respublikasında dövlətin həyata keçirdiyi sosial-iqtisadi siyasətin prioritetləri sırasında sosial müdafiə sisteminin təkmilləşdirilməsi önəmli yer tutur. Aparılan uğurlu iqtisadi siyasət nəticəsində ölkədə sosial müdafiə sisteminin fəaliyyətini tənzimləyən normativ-hüquqi baza yaradılmış, habelə bir sıra beynəlxalq konvensiyalara və sazişlərə qoşulmaqla vətəndaşların sosial təminatı ilə bağlı ciddi öhdəliklərə imza atılıb.

Öz sıralarında 1,5 milyon əməkiqtidarlı təbəqələri birləşdirən həmkarlar ittifaqları işçilərin sosial, iqtisadi, hüquqi münasibətlərini qoruduqları kimi onların sağlamlığını, tibbi xidmətini də diqqət mərkəzində saxlayır. Belə ki, əhalinin aztəminatlı, xüsusi zəif, işləməyən əlil qrupu xüsusi münasibət tələb edir. Bu məqsədlə Azərbaycan Respublikası 2008-ci ildə «Əlillərin hüquqları haqqında» BMT-nin Konvensiyasına qoşulub. Bu istiqamətdə həmkarlar təşkilatları öz səlahiyyətləri çərçivəsində həmin konvensiyanın tələblərinin tam icra olunmasına ictimai nəzarəti həyata keçirərək, müəssisə və təşkilatlarda yaradılmış komissiyaların işlərində iştirak edirlər.

C.Alxasov qeyd edib ki,Azərbaycan Həmkarlar İttifaqlarının əsas fəaliyyət istiqamətlərindən biri işləyən həssas qrup insanların hüquqlarının qorunması sahəsində onlara yardımçı olmaqdır. Həmkarlar ittifaqı təşkilatları əhalinin bütün təbəqələrinin, daha çox həssas və xüsusi zəif təbəqəsinin sosial problemlərinin həlli istiqamətində fəaliyyət göstərir. Həssas qrupa daxil olan insanlara bütün sahələrdə diqqət və qayğı göstərilməsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sosial statusunun mühüm xüsusiyyətlərindən biridir, həmkarların strateji konsepsiyasının tərkib hissəsidir.

Bu insanların cəmiyyətə və əmək fəaliyyətinə uyğunlaşması, özlərini cəmiyyətin tam hüquqlu üzvü kimi hiss etməsi çox vacib sosial-iqtisadi məsələlərdəndir. Onların əməyə cəlb edilməsi, cəmiyyətə inteqrasiya olunması, özlərini şəxsiyyət kimi təsdiqləməsi, psixoloji maneələrin aradan qaldırılması, özlərinin və ailə üzvlərinin maddi vəziyyətinin yaxşılaşdırılması az da olsa ölkə iqtisadiyyatının inkişafı üçün imkan yaradır. Ona görə də, cəmiyyətdə daha çox qayğıya və yardıma ehtiyacı olan insanların sosial müdafiəsinin yaxşılaşdırılması və sosial reabilitasiyası həmkarların daima diqqət göstərdiyi sahələrdən biridir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin 15 faizini, yəni 750 milyon nəfərini əlilliyi olan şəxslər təşkil edir. Azərbaycanda isə əhalinin təxminən 6 faizi, yaxud 627 min nəfər bu gün əlil və ya fiziki sağlamlığı məhdud olan insanlar kimi qeydiyyatdadır. Bu rəqəm digər dünya ölkələri ilə müqayisədə Azərbaycanda 2,5 dəfə aşağıdır.

 Peşə xəstəliyi və ya ümumi xəstəliklər nəticəsində əlil olmuş şəxslərin Tibbi Sosial Ekspert komissiyalarının verdiyi əmək zəmanətləri haqqında rəyinə uyğun olaraq, müvafiq işlə təmin olunmalarına, əlavə qidalanmaya ehtiyacı olanların, müəssisələrin vəsaiti hesabına müvafiq ərzaqlarla təminatına xüsusi fikir verilir. Həmkarlar ittifaqlarının səyi ilə əlillər üçün kvota ilə müəyyən edilmiş iş yerlərində Azərbaycan Respublikasında Əhalinin Məşğulluğu haqqında Qanunun tələblərinə müvafiq olaraq məşğulluq proqramlarında əlillərin işləməsi üçün xüsusi bəndlər nəzərdə tutulur.
Hər il ölkə vətəndaşlarının xəstələnmələrinin vəziyyəti, o cümlədən ilkin əlilliyin strukturu və əlillərin tibbi sosial reabilitasiyasının vəziyyəti təhlil olunur. Əlilliyin profilaktikası və əmək qabiliyyətinin bərpa edilməsi məqsədilə tibbi xidmətin əsaslı şəkildə yaxşılaşdırılması,icbari tibbi sığortanın ilk növbədə əlillərə şamil olunması prioritet məsələlərdən hesab edilir.

C.Alxasov daha sonra qeyd edib ki, 2016-cı ilin yanvar ayından etibarən ilkin əlilliyin təyinatı sadələşdirilib, elektron variant tətbiq olunub, süründürməçilik aradan qaldırılıb.   
I qrup əlillik müddətsiz, təkrar II-III qrup əlillər üçün xəstəliyin proqnozu nəzərə alınmaqla 5 il müddətinə və ya müddətsiz təyin olunur.
2019-cu ilin əvvəlindən etibarən bütün növ pensiyaların, müavinətlərin və Prezident təqaüdlərinin, o cümlədən əlillərin aylıq məbləğləri ölkə Prezidentinin müvafiq sərəncamları  ilə nəzərə çarpan dərəcədə artırılıb, pensiya, ünvanlı sosial yardım, əlilliyə görə müavinətlərin verilməsi sahələrində şəffaflığın və sosial ədalətin  tam təmin  olunması,  məmur-vətəndaş təmasının minimuma endirilməsi ilə bağlı mühüm addımlar atılıb.

Həmkarlar ittifaqlarının əsas mövqeyi odur ki, insanların sağlamlığı bərpa olunsun, onlar bütün parametrlərə görə cəmiyyətin tam hüquqlu üzvü olsunlar, əmək cəbhəsinə qayıtsınlar. Kiçik, yaxud  bəzi hallarda  ciddi qüsurların olmasına baxmayaraq, onların yenə də müvafiq sahələrdə işləməsi üçün imkanlar yaradılsın. Göstərilənlər, insanı lazımi bir vətəndaş kimi dərk etməsinə, öz imkanlarını cəmiyyətə təqdim etməsinə şərait yaradır.

Həssas qrupa münasibətdə siyasət xeyli dəyişmiş, əsasən əvvəllər sosial müavinət və xidmətlə məhdudlaşan tədbirlərdən başqa onların reabilitasiya və cəmiyyətə sosial-iqtisadi inteqrasiyasına doğru mühüm addımlar atılmış, beynəlxalq normalara uyğun qanunvericilik formalaşmışdır. Təhsil alma və ictimai həyata inteqrasiya imkanlarının genişləndirilməsi sayəsində insanlar özlərinin sosial müdafiəsi ilə bağlı fəaliyyətdə daha aktiv iştirak etməyə başlamışlar.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin  qərarı ilə əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə kompleks proqrama  müvafiq olaraq, kollektiv müqavilələr bağlanarkən, əmək kollektivlərinin razılığı ilə kollektivdə işləyən III qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, I və II qrup əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların əmək haqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi həyata keçirilir.

Əllilik təyin olunduqdan sonra onların müvafiq sosial təminat məsələləri və ya istehsalat xəsarəti, peşə xəstəlikləri nəticəsində əlil olmuş şəxslərə dəyən zərərin ödənilməsi məsələlərində onlara lazımi köməklik göstərilir. Sanatoriya göndərişlərinin bölgüsü aparılarkən ilk növbədə işləyən əlilləri təmin etmək nəzərdə tutulur. Hər il Qarabağ, 20 Yanvar və Çernobıl əlillərinə maddi yardım göstərilir.
Bundan əlavə, əlillərin mənzil şəraitinin yaxşılaşdırılması, onların nəqliyyat vasitələri və ya əlil arabaları ilə təmin olunması kimi mühüm tədbirlər də həyata keçirilir.

AHİK sədrinin müavini bildirib ki, həmkarlar ittifaqı təşkilatları tərəfindən ümumilikdə 66 aztəminatlı ailənin uşaqlarının təhsil haqqı ödənilib. 156 tələbəyə aylıq təqaüdlər müəyyən edilib. 49606 nəfər şəhid ailəsi üzvünə, qaçqın və məcburi köçkünlərə ərzaq və pul yardımları göstərilib. Qarabağ əlillərinin, eləcə də şəhid ailələrinin, aztəminatlı ailələrin problemləri həmişə həmkarlar ittifaqlarının diqqət mərkəzindədir. Bu gün Həmkarlar ittifaqı təşkilatlarına müraciət edən hər bir Qarabağ əlili, eləcə də şəhid ailələri, aztəminatlı ailələrin problemlərinə həssaslıqla yanaşılır və həllinə köməklik göstərilir.

Pensiyaçıların, o cümlədən əlillik dərəcəsi olanların sosial müdafiə hüquqları istiqamətində maarifləndirilməsi məqsədi ilə bu təbəqədən olan vətəndaşlar üçün kitabça, yaddaş hazırlanaraq, digər materiallarla birlikdə Sahə həmkarlar ittifaqlarına göndərilmiş və bu sahədə işlər davam etdirilir. Əmək və Sosial Münasibətlər Akademiyasında Həmkarlar ittifaqları sədrləri və fəalları üçün hər il təşkil olunmuş seminarlarda əlilliyin təyin olunması meyarları və bu haqda yeni normativ sənədlər barədə mühazirələr oxunur.

Azərbaycan Əhalisinin həssas qrupa daxil olan hissəsinin hüquqlarının qorunması, onların təminatlarının yaxşılaşdırılması sahəsində həmkarlar ittifaqlarının sosial partnyorlarla birgə səyləri daim prioritet olaraq qalacaqdır.
Konfransda BƏT-in Mərkəzi Asiya və Şərqi Avropa üzrə Bürosunun rəisi Serqius Qlovaskas, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Pan Avropa Regional Şurasının (BHİK/PARŞ) nümayəndəsi Olqa Nicolae də  giriş nitqi söyləyiblər.
Üç gün davam edəcək konfransda “Həssas qruplara dair Həmkarlar İttifaqının fəaliyyəti”, “Həssas qruplara aid işlərlə bağlı həmkarlar ittifaqları üçün tövsiyələr”, “Həssas qruplara aid olan şəxslərin hüquqlarının hüquqi cəhətdən qorunmasında həmkarlar ittifaqlarının rolu”, “Həssas qruplarla işdə həmkarlar ittifaqlarının fəaliyyətinə istiqamət verəcək gender problemlərinə yanaşmalar” və s. mövzularda işçi qruplarında çıxışlar dinləniləcək, fikir mübadilələri və müzakirələr aparılacaqdır.

FAYDALI KEÇİDLƏR