AZ | RU | EN

Birgə fəaliyyətin üstünlüklərindən danışılıb

05 Jul 2018

“Bütün dünya, eləcə də Azərbaycan həmkarlar ittifaqı layiqli əmək uğrunda mübarizə aparır. Layiqli əmək dedikdə nə başa düşülür? Beynəlxalq Əmək Təşkilatı bu anlayış altında azad, bərabər, təhlükəsiz və insan ləyaqətinə hörmət əsasında yaradılmış məhsuldar əmək şəraitini nəzərdə tutur”.

Bu sözlər iyulun 5-də Yevlax rayonunda “Dayanıqlı İnkişaf Məqsədləri: iş yerlərində layiqli əməyin təyinatı və bu sahədə həmkarlar ittifaqlarının təsərrüfat rəhbərləri ilə birgə fəaliyyəti” mövzusunda keçirilmiş zona seminarına məruzədə səslənib. Məruzə ilə çıxış edən “Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyasının sədr müavini Təhmasib Əliyev deyib ki, layiqli əmək konsepsiyası işçilərin əmək hüququ, məşğulluq, sosial müdafiə və sosial dialoq kimi dörd komponentə əsaslanır. O, bu komponentlərin hər biri barədə geniş məlumat verib. Bildirib ki, iki il əvvəl sentyabr ayında Azərbaycan hökuməti və Beynəlxalq Əmək Təşkilatı arasında əməkdaşlıq çərçivəsində 2016-2020-ci illər üçün birgə fəaliyyət istiqamətlərini müəyyən edən Layiqli Əmək üzrə Ölkə Proqramı qəbul olunub. Bu sənədin indikatorlarını mövcud beynəlxalq və milli standartlar təşkil edir.
Natiq layiqli əməyin təmin olunmasından ötrü Proqramda reallaşdırılması nəzərdə tutulmuş tədbirlərdən də söz açıb. Onu da diqqətə çatdırıb ki, Proqramın hazırlanmasında həmkarlar ittifaqları da fəal iştirak ediblər. Lakin təşkilatımızın işi bununla bitmir. Həmkarlar ittifaqı fəalları üzvlər arasında əmək hüquqlarına dair maarifləndirmə işləri aparmalı, kiçik və orta sahibkarlıqda, qeyri-formal iqtisadiyyatda məşğul olan həssas qrupların müdafiəsini gücləndirməlidirlər.
Seminarda Federasiyanın şöbə müdiri Vaqif Əliyevin, baş texniki əmək müfəttişi Anar Tağıyevin, Yevlax Rayon İcra Hakimiyyətinin məsul işçisi Həsən Abdullayevin, 8 saylı Region üzrə Dövlət Əmək Müfəttişliyinin rəis müavini Məmməd Bayramovun və başqalarının çıxışları dinlənilib. Onlar kollektiv müqavilələrin hazırlanması, bağlanması və yerinə yetirilməsinin əsas prinsipləri, iş yerlərində layiqli əməyin təminatı, əməyin mühafizəsində gənc işçilərin problemləri, əmək qanunvericiliyinin tətbiqi və sair barədə danışıblar. Tədbir dinləyicilərin suallarına cavablarla yekunlaşıb.
Kənd Təsərrüfatı Nazirliyi və “Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyasının birgə təşkil etdikləri seminarda Yevlax, Bərdə və Ağdaş rayonlarının həmkarlar ittifaqı təşkilatı liderləri, fəalları, təsərrüfat rəhbərləri, fermerlər iştirak ediblər.