Brüsseldə Pan Avropa Regional Şurası rəhbərlərinin görüşü keçirilib
18 Jan 2019
Yanvarın 16-da Belçikanın paytaxtı Brüsseldə Pan Avropa Regional Şurası (PARŞ) rəhbərlərinin görüşü keçirilib. Tədbir Şuranın 2019-cu il üçün iş Planının müzakirəsinə həsr olunub.
AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları
Konfederasiyasının (BHİK) və Pan Avropa Regional Şurasının vitse-prezidenti,
Milli Məclisin deputatı Səttar Möhbalıyev görüşdə çıxış edib.
Çıxışının əvvəlində iştirakçıları Yeni il münasibətilə təbrik
edən AHİK sədri onlara həmkarlar ittifaqı üzvlərinin əmək
və sosial-iqtisadi hüquqlarının qorunması işində uğurlar arzulayıb. Ötən
2018-ci ilin Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının İV qurultayına
hazırlıq və keçirildiyi il olduğunu qeyd edən S. Möhbalıyev deyib ki, çoxlarımız
bu qurultayda iştirak və çıxış etmiş, qəbul olunan qərarlara dair öz təkliflərimizi
vermişik. Bu tədbirdə iştirak edənlərin bir çoxu Şuranın rəhbər orqanlarına
seçilib. İndi isə, məqsədimiz BHİK-in qurultayının qarşıya qoyduğu vəzifələrin
yerinə yetirilməsidir. Bu isə, yeni iş yerlərinin yaradılmasını
ctimullaşdırmağa səy göstərilməsinə, yaranmaqda olan sənaye inqilabı şəraitində
işçilərin əmək hüquqlarına riayət edilməsinə təminat verilməsidir. Biz, həmkarlar
ittifaqı işçiləri olaraq, işçilərin həssas təbəqələrinə, gender bərabərliyi məsələlərinə,
gənclərin problemlərinə üz tutmalıyıq.
Bildirmək istəyirəm
ki, ötən dövr ərzində Pan Avropa Regional Şurası müxtəlif ölkələrdə yerli həmkarlar
ittifaqı mərkəzləri ilə birgə bir çox tədbirlər həyata keçirib. Bu gün bizə təqdim
olunan hesabatda da bu, öz əksini tapıb. PARŞ-ın ötənilki fəaliyyəti olduqca məhsuldar
olub. Əminəm ki, təşkilatımız bu il də üzərinə düşən vəzifələrin öhdəsindən
layiqincə gələcəkdir.
S.Möhbalıyev daha sonra deyib ki, Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası ilə Pan Avropa Regional Şurasının əməkdaşlığı daim
inkişaf edir və demək olar ki, hər iki tərəf üçün səmərəli olub. AHİK Pan
Avropa Regional Şurası tərəfindən keçirilən bütün tədbirləri dəstəkləyib və
yaxından iştirak edib. Nəticədə üzv təşkilatlarımızda keçirilən seminar və
konfranslarda iş yerlərində qadınların diskriminasiyasına qarşı mübarizə, gənclərin
məşğulluğu, həmkarlar ittifaqı hərəkatının inkişafına, əməyin mühafizəsinə,
miqrasiya problemlərinə yeni yanaşma kimi məsələlər əsas müzakirə mövzusu olub.
Belə tədbirlərin vacibliyini nəzərə alaraq mən PARŞ-ın Katibinə müraciət edərək
gələcəkdə də bu qəbildən olan tədbirlərin daha fəal şəkildə keçirilməsini xahiş
etmişəm.
AHİK sədri Pan Avropa Regional Şurasının 2019-cu il üçün
müzakirəyə təqdim edilmiş iş planının nümayəndə heyətimiz tərəfindən bəyənildiyini
bildirb və PARŞ-ın iş planına Azərbaycan həmkarlar ittifaqlarında Beynəlxalq Əmək
Təşkilatının (BƏT) 204 saylı “Qeyri-formal iqtisadiyyardan formal iqtisadiyyata
keçid” Tövsiyələri və “Məşğulluq və layiqli əmək haqqında” 205 saylı Tövsiyələri
üzrə təlim layihələrinin salınmasını, eyni zamanda, BMT-nin “Dayanıqlı
inkişafın məqsədləri” Proqramının həyata keçirilməsi çərçivəsində həmkarlar ittifaqı liderlərinin
regional görüşlərinin təşkil edilməsini və BƏT-in 100 illiyi ilə əlaqədar təşkilatın
“Əməyin gələcək sferası” Proqramının realizə olunmasını xahiş edərdik.
S.Möhbalıyev diqqətə çatdırıb ki, AHİK-in və PARŞ-ın
maliyyə dəstəyi ilə həmkarlar ittifaqlarında innovasiya problemləri, həmkarlar
ittifaqı fəallarının təhsili ilə bağlı beynəlxalq tədbirlərin daha çox keçirilməsini
təşkil etmək olar. Bu qəbildən olan tədbirlərin keçirilməsi müxtəlif ölkələrin
həmkarlar ittifaqlarının iş təcrübəsindən bəhrələnməyə imkan verərdi. Ötən il ərzində
PARŞ tərəfindən üzv təşkilatlara göstərilən həmrəylik dəstəyini təqdirəlayiq
hesab edirik. Ümidvaram ki, həmkarlar ittifaqlarının hüquqlarının və BƏT-in “Həmkarlar
ittifaqlarının birləşmə hüquqları və kollektiv danışıqlar haqqında” 98 saylı
Konvensiyasının pozulduğu ölkələrdə yaxın gələcəkdə sözügedən problemlər öz həllini
tapacaqdır. Biz də hamılıqla bu məsələləri diqqət mərkəzində saxlamalıyıq.
AHİK sədri qeyd edib ki, bu il PARŞ-ın Baş Assambleyası
keçiriləcəkdir. Hesab edirəm ki, Baş Assambleyanın keçirilməsindən sonra bizim
Şura Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının qurultayında və Baş
Assambleyada qəbul olunmuş qərarların yerinə yetirilməsi sayəsində daha da
güclü olacaqdır.
Şübhə yoxdur ki, gələcəkdə biz beynəlxalq seminarların
tematik proqramlarının həyata keçirilməsi imkanlarını da nəzərdən keçirməliyik.
Bu proqramlar həmkarlar ittifaqı kadrlarının və fəallarının təhsili sahəsində
bizim işimizə daha da təkan vermiş olacaq. Eyni zamanda, müntəzəm olaraq görüşlərimizin
baş tutmasına, həlli vacib məsələlərin müzakirə olunmasına, işgüzar və dostluq əlaqələrini möhkəmləndirməyə, həmkarlar ittifaqı təhsili üzrə proqramlar qəbul edərək biliklərimizi artırmağa, bütün ölkələrdə
azad həmkarlar ittifaqlarının vəzifələrini daha yaxşı başa düşməyə imkan verəcəkdir.
Bu gün biz həmin işləri BHİK və onun strukturları ilə birgə görürük. Bununla
belə, biz sizdən həmkarlar ittifaqı fəaliyyətinin ən aktual istiqamətləri üzrə
məqsədyönlü, əsaslandırılmış, analitik və metodiki materiallar gözləyirik və
xahiş edirik ki, yuxarıda səsləndirdiyimiz təklifləri nəzərə alasınız.