“Bütün bu baş verənlər daha sürətli , əlaqələndirilmiş siyasi və praktik cavablar tələb edir”
14 May 2020
Mayın
14-də Beynəlxalq Əmək Təşkilatının Zəhmətkeşlərin Fəaliyyəti üzrə Bürosunun
(BƏT-AKTRAV) təşkilatçılığı ilə Şərqi Avropa ölkələri həmkarlar ittifaqı təşkilatları
üçün ilk videokonfrans keçirilmişdir.
BƏT-AKTRAV-ın
Avropa və Mərkəzi Asiya ölkələri üzrə sektor müdiri Serqeyus Qlovaskas, Avropa
ölkələri üzrə baş mütəxəssisi Maqnus Berq, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri
üzrə baş mütəxəssisi Qoça Aleksandriya, eləcə də məşğulluq üzrə baş mütəxəssisi
Mixayıl Puşkinin qatıldıqları tədbirin keçirilməsində əsas məqsəd COVID-19
pandemiyasının iqtisadi və sosial-əmək münasibətlərinə təsirinin nəticələrindən
məlumatlılığın artırılması və eləcə də həmkarlar ittifaqı təmsilçiləri tərəfindən
postpandemiya dövründə mənfi nəticələrin aradan qaldırılmasına kömək ola biləcək
təklif, perspektiv və çağırışların müzakirəsinə imkan yaratmaq idı.
BƏT təmsilçilərinin çıxışlarında deyildi ki, bu gün koronavirus pandemiyası
iqtisadiyyatları çökdürür, cəmiyyətləri ciddi şəkildə deqradasiyaya uğradır və
dramatik nəticələrə səbəb olur. COVID-19 pandemiyası bir çox əmək sahəsinə və sənaye
sektoruna, çox sayda işçiyə və geniş iqtisadi fəaliyyətə təsir göstərdi və
önümüzdəki aylarda da xoşagəlməz nəticələr gözlənilməkdədir. Bütün bu baş verənlər
daha sürətli və əlaqələndirilmiş siyasi və praktik cavablar tələb edir və həmkarlar
ittifaqları tərəfindən qətiyyətli hərəkət artıq zərurətə çevrilib. Bu gün həmkarlar
ittifaqlarının qarşısında duran əsas vəzifə böhranı və onun təsirləri nəticəsində
yaranmış ehtiyacları daha yaxşı anlamaq, öhdəliklərin və vəzifələrin müəyyənləşdirilməsini,
lazımi tədbirlərin həyata keçirilməsini tələb etməkdir.
İş dünyası qlobal virus pandemiyasının güclü təsiri altındadır. Cəmiyyətlərdə
sağlamlıq təhlükəsi ilə yanaşı, iqtisadi və sosial sahələrə dəymiş zərbələr də
milyonlarla insanın dolanışıq və rifahını təhdid altına alır. Yaranmış bu
çətin vəziyyətdə BƏT və onun təsisçiləri - hökumətlər, işçilər və işəgötürənlər
baş verənlərə qarşı mübarizədə, insanların təhlükəsizliyini, iş və iş yerlərinin
davamlılığını təmin etməkdə həlledici rol oynamaqdadır.
Tədbirdə BƏT-ə üzv ölkələrin - Azərbaycan, Rusiya, Moldova, Ukrayna, Belarus,
Gürcüstan və Ermənistanın həmkarlar ittifaqı nümayəndələrinin çıxışları da dinlənildi.
Onlar COVID-19 pandemiyası ilə əlaqədar ölkələrindəki mövcud vəziyyət, hökumətlər
tərəfindən görülən işlər, həmkarlar ittifaqlarının fəaliyyəti haqqında məlumat
veriblər.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını AHİK sədrinin birinci
müavini İlyas Əliyev, müavini Aqil Dadaşov, katibi-Aparat rəhbəri Həsən Cəfərov,
zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin
müdiri Namiq Hüseynov və beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Röya
Qarayeva təmsil etmişlər.
Azərbaycandakı vəziyyət və görülmüş işlər haqqında məlumat verən AHİK sədrinin
birinci müavini İlyas Əliyev qeyd etmişdir ki, mart ayının əvvəllərindən etibarən
ölkədə koronavirusla mübarizə üçün xüsusi zəruri tədbirlər həyata keçirilməkdədir.
Dövlət başçısı tərəfindən ölkə vətəndaşlarının sağlamlığının, sosial təminatının
qorunması başlıca vəzifə kimi qarşıya qoyulub. Bütün dövlət qurumları bu
vəzifənin yerinə yetirilməsinə səfərbər edilib. İ.Əliyev hökumətin gördüyü tədbir
barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası da öz növbəsində koronavirus pandemiyası ilə mübarizədə
yaxından iştirak edir.
Sosial dəstək tədbirləri çərçivəsində Azərbaycan həmkarlar ittifaqı təşkilatları
qısa müddət ərzində 2 milyon manatdan çox vəsait xərcləmişdir. İndiyə kimi 23
mindən çox aztəminatlı ailəyə ərzaq yardımları göstərilmiş, bu məqsədlər üçün
900 min manatdan çox vəsait xərclənmiş, 148 min manat dəyərində qoruyucu vasitələr
alınıb paylanılmışdır. Həmkarlar ittifaqları Koronavirusla Mübarizəyə Dəstək
Fonduna ümumilikdə 398 min 600 manat vəsait köçürmüşdür. AHİK-in İcraiyyə Komitəsi
xüsusi yardıma və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə, təqaüdçülərə ərzaq
yardımlarının paylanmasını nəzərdə tutan yeni qərar qəbul etmişdir. Bu məqsədlə
29 aprel 2020-ci il tarixdə respublikanın 76 şəhər və rayonunda yaşayan 3900
aztəminatlı ailəyə ərzaq sovqatının paylanılması qərara alınmış, ümumi həcmi 68
ton olan ərzaq sovqatları respublikanın bütün rayon və şəhərlərinə göndərilmişdir.
Digər ölkələrdən olan iştirakçıların məlumatlandırıcı çıxışlarından sonra
BƏT-in təmsilçiləri mövcud durumlara münasibət bildirmiş, həmkarlar
ittifaqlarının qarşısında duran vəzifələri xatırlatmış və belə virtual görüşlərin
davam edəcəyini diqqətə çatdırmışlar. Eləcə də qeyd edilmişdir ki, Beynəlxalq
Əmək Təşkilatının Baş direktoru Qay Rayderin təklifi ilə iyun ayında onlayn
“Qlobal Əmək Sammiti”nin keçirilməsi gözlənilir.