“Cari ildə qeyri-formal məşğul əhalinin sayında əhəmiyyətli azalma müşahidə edilib”
25 Dec 2018
Ölkə üzrə, Naxçıvan Muxtar Respublikası daxil olmaqla, 2018-ci ilin 11 ayı ərzində Əmək Müqavilələri Bildirişi Elektron İnformasiya Sistemində əmək müqavilələrinin sayında 92 min 750 artım müşahidə olunub. İlin sonunadək bu rəqəmin yüz mindən çox olması gözlənilir.
Bu barədə dekabrın 25-də Nazirlər Kabinetində keçirilən
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının (ƏMTKK) altıncı
iclasında Baş nazirin müavini, Komissiyanın sədri Əli Əhmədov deyib.
İclasda 2018-ci ildə reallaşdırılan tədbirlər, əldə edilən
nəticələr və qarşıda duran vəzifələr müzakirə edilib.
Əli Əhmədov bildirib ki, Azərbaycan Prezidenti İlham
Əliyevin tapşırığı ilə qeyri-rəsmi məşğulluqla mübarizə bundan sonra da qətiyyətlə
davam etdiriləcək. Komissiyanın səmərəli fəaliyyəti nəticəsində ölkə üzrə əmək
müqavilələri bildirişlərinin və fiziki şəxs olan aktiv fərdi sahibkarların
sayında əhəmiyyətli artım müşahidə edilib. Ümumilikdə komissiyaya üzv olan
aidiyyəti qurumların fəaliyyəti nəticəsində və yerlərdə məşğulluğa kömək göstərən
əlaqələndirmə komitələrinin dəstəyi ilə cari ildə qeyri-formal məşğul əhalinin
sayında əhəmiyyətli azalma müşahidə olunub. Cari ilin 9 ayında, həmçinin fiziki
şəxs olan fərdi sahibkarların da sayında artım olub. Belə ki, ilin əvvəlindən fərdi
sahibkarların sayı 23 min 63 artaraq 351 min 607 təşkil edib. İlin sonuna qədər
bu rəqəmin bir qədər də artması ehtimal olunur.
Tədbirdə digər çıxışlar da dinlənilib. Növbəti ildə
qeyri-rəsmi məşğulluğun aradan qaldırılması istiqamətində aparılacaq işlərin
daha uğurlu nəticələr verməsi üçün atılacaq addımlar barədə fikirlər səsləndirilib.
İclasda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin
üzvü Səttar Möhbalıyev də çıxış edərək gündəlikdə duran məsələyə münasibət
bildirib, təkliflər irəli sürüb.