Ciddi qanun pozuntuları aşkar olunmayıb
17 Dec 2019
Dekabrın 17-də “İnşaat-İş” Həmkarlar İttifaqının VI Məclisi keçirilib. Sahə həmkarlar ittifaqının sədri Umud Hüseynov Məclis iştirakçılarını gündəlikdə duran məsələlərlə tanış edib
Məruzə ilə çıxış edən ittifaqın baş texniki əmək müfəttişi
Əliəddin Məmmədov bildirib ki, müəssisə və təşkilatlarda keçirilən yoxlamalar
zamanı ciddi qanun pozuntuları aşkar olunmayıb. Müəssisə və təşkilatların rəhbərləri
ilə birgə fəaliyyət xeyli gücləndirilmiş, kollektiv müqavilələr bağlanarkən güzəşt
və imtiyazlara geniş yer verilmişdir. Maarifləndirmə işi müntəzəm xarakter
almışdır. Belə ki, ittifaqımızın təşkilatçılığı ilə “Üzv müəssisə və təşkilatlarda
kollektiv müqavilələrin bağlanmasında həmkarlar ittifaqının rolu”, “İstehsalın
inkişafı - sosial məsələlərə diqqətdən asılıdır”, “Azərbaycanda məşğulluq məsələləri
və həmkarlar ittifaqlarının vəzifələri” mövzularında seminarlar, dəyirmi
masalar keçirilmişdir. Seminarlarda deyilmişdir ki, kollektiv müqavilələrdə əksini
tapan öhdəliklərin icrasından həm işəgötürən, həm də işçi faydalanır. Sağlam iş
şəraiti yaranır. İstehsal göstəriciləri yüksəlir, müəssisə və işçilərin gəlirləri
çoxalır.
Məruzədə həmçinin qeyd olunmuşdur ki, məşğulluq məsələlərini
aradan qaldırmaq üçün ilk növbədə qeyri-formal əmək münasibətləri tənzimlənməlidir.
Daimi iş yerlərində müddətli əmək müqavilələri bağlanılmalı, müddətsiz əmək
müqavilələri müddətli müqavilələrlə əvəz edilməlidir.
Üzv idarə və müəssisələrdə kollektiv müqavilə
hazırlanarkən tərəfdaşlarımızla aparılan danışıqlar zamanı çox vaxt müsbət nəticələrə
nail olunur. Bu da sahə həmkarlar ittifaqının üzv təşkilatlarında nüfuzunu artırır.
Natiq misal olaraq deyib ki, “Holcim” şirkətləri arasında ən yaxşı nümunəvi
saziş məhz “Holcim-Azərbaycan” ASC - həmkarlar ittifaqı arasında bağlanmışdır.
Bu da “İnşaat-İş” Həmkarlar İttifaqının verdiyi məsləhət və tövsiyələr sayəsində
mümkün olmuşdur.
O, bu nümunədən digər üzv təşkilatların da bəhrələnməsini
tövsiyə edib.
Məclis 2020-ci il büdcəsini və ştat cədvəlini, iş planını
təsdiq edib.
Sonda bir qrup ittifaq üzvünə əməkdə və ictimai işlərdə fərqləndiyinə
görə Fəxri fərmanlar təqdim olunub.