AZ | RU | EN
AZ | EN | RU

Dayanıqlı İnkişaf Məqsədləri: qarşıda duran vəzifələr və tövsiyələr

04 Oct 2019

Oktyabrın 4-də Şirvan şəhərində AHİK-in təşkilatçılığı və Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi ilə “2019-cu ilin iyulunda Nyu-Yorkda keçirilən Dayanıqlı İnkişaf Məqsədləri üzrə yüksək səviyyəli forumun yekunu və qarşıda duran vəzifələr, tövsiyələr” mövzusunda seminar keçirilib.

Seminarı açan AHİK-in katibi – Aparat rəhbəri Həsən Cəfərov seminarın məqsəd və vəzifələri haqqında iştirakçılara məlumat verib.
Həsən Cəfərov seminar iştirakçılarının nəzərinə çatdırıb ki, hər kəs üçün inklüziv və davamlı iqtisadi inkişaf üçün imkanların yaradılması və «heç kimin geridə qalmaması» prinsipi Azərbaycan üçün  prioritetdir və respublikamız davamlı inkişafa keçmək və milli inkişaf strategiyamızı DİM-lərə uyğunlaşdırmaqda qətiyyətli addımlar atmışdır. Respublikada yaradılmış Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Əlaqələndirmə Şurası Milli Könüllü hesabatı hazırlayarkən bütün maraqlı tərəflərlə görüşlər keçirmiş, Şuranın işçi qrupları tərəfindən bir sıra təlimatlar hazırlanmışdır. Azərbaycan hökuməti davamlı inkişaf modelinin yaradılması istiqamətində əsas sektorların sosial və iqtisadi inkişafı üçün qısa müddətli (2020-ci ilədək), orta müddətli (2025-ci ilədək) və uzunmüddətli (2025-ci ildən sonraya) hədəfləri olan strateji yol xəritələrini təsdiqləmişdir. Azərbaycan regionda bu məqsəd üçün yol xəritələrini təsdiqləyən ilk ölkədir. Məhz buna görə də Azərbaycan Dünya Bankının 2018-ci il üçün Ticarətin Asanlığı Hesabatında top 10 ölkələr sırasına daxil olaraq, eyni zamanda 190 ölkə arasında əlverişli investisiya hədəfi olan ölkələr sırasında 25-ci yeri tutur. Dayanıqlı İnkişaf Məqsədlərinin əldə edilməsində fəal əmək bazarı siyasəti və sosial müdafiə mühüm rol oynayır. Hər kəsin ictimai və sosial xidmətlərə bərabər çıxışını təmin edən Hökumət tərəfindən «Davamlı və Əməliyyatlı Sosial Müdafiə Agentliyi» yaradılıb.

AHİK-in beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi R. Qarayeva BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə yüksək səviyyəli forumunda DİM üzrə Azərbaycan hökumətinin ikinci milli könüllü hesabatı-əsas çağırışları barədə seminar iştirakçıları qarşısında çıxış edib. O, bildirib ki, 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatı beynəlxalq sistemin inkişafının əsas istiqamətlərini müəyyən etmək məqsədilə Dayanıqlı İnkişaf Məqsədlərini təyin etdi. Yeni gündəlik universal xarakter daşıyır və özündə 17 məqsəd və 169 hədəf birləşdirir.

Dayanıqlı İnkişaf Məqsədlərinin qarşısında duran əsas məsələ mövcud problemlərin ilk öncə milli səviyyədə həllinə nail olunmasıdır. Xüsusilə bu gündəliyin əsas diqqət mərkəzində insan dayanır, sosial inkişafa daha çox önəm verilir, bu sosial inkişaf da həmçinin ekoloji və iqtisadi inkişafı təşviq edir. Gündəlik təkcə bugün üçün deyil, gələcək nəsillər üçün də bərabərlik tələb edir ki, onlar da bizim və ya əvvəlki nəsillərin sahib olduqları iqtisadi, ekoloji və sosial bərabər cəmiyyətə sahib olsunlar.
Cari ilin 15 iyul tarixində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Qərargahında təşkil olunmuş Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycan Respublikasının ikinci Könüllü Milli Hesabatı uğurla təqdim olunub və iştirakçı ölkələrin nümayəndələri tərəfindən müsbət qiymətləndirilib.

Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əldə edilən nailiyyətlər haqqında danışan AHİK-in şöbə müdiri N. Hüseynov qeyd edib ki, qloballaşan dünyadakı tendensiyalar və problemlər Azərbaycandan da yan keçmir. Ölkədə məqsədə müvafiq işlər həyata keçirilir. Belə bir şəraitdə tendensiyalara və çağırışlara diqqət yetirmək, dünya birliyi və hökumətlərin gördüyü işlərə nəzər salmaq və problemlə bağlı həmkarlar ittifaqlarının mövqeyini bildirmək, müzakirələr aparmaq, düzgün qərarlar qəbul edib səmərəli fəaliyyət qurmaq vacib məsələlərdəndir.
Dayanıqlı İnkişaf Məqsədlərinin əksəriyyəti Azərbaycanda müxtəlif sənədlərdə əks olunub və onlara çatmaq üçün davamlı iş aparılır. Ancaq məqsədlər əhatəli olduğundan və görülən işlərdə davamlılıq tələb olunduğundan bütün bu işlərin əlaqələndirilməsinə bütün ölkələrdə ehtiyac yaranıb.
N. Hüseynov bildirib ki, 2003-2018-ci illərdə ölkəmizdə 2 milyona yaxın yeni iş yeri açılıb. Yoxsulluq və işsizliyin səviyyəsi 5%-ə düşüb.  Təkcə 2019-cu ilin yanvar-iyul aylarında Bakı şəhərində şpris istehsalı zavodu, Qobustan rayonunda “Azərxalça” ASC-nin filialı, Sumqayıt şəhərində “SOCAR karbamid” zavodu, Polietilen zavodu, Bakı şəhərində 140 yerlik məktəbəqədər təhsil müəssisəsi və 200 çarpayılıq xəstəxana, Naxçıvan Muxtar Respublikasında 1170 şagird yerlik 2 ümumtəhsil məktəb binası, 200 yerlik məktəbəqədər təhsil müəssisəsi, bir növbədə gəlişlərin sayı 35 nəfər olan 2 ambulatoriya-poliklinika müəssisəsi və digər sosial obyektlər   istifadə verilib.

Tədbirdə AHİK-in təşkilat işləri və məlumat şöbəsinin müdir müavini Əli Cəfərov çıxış edərək Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində həmkarlar ittifaqlarının rəhbər işçilərinin və fəallarının qarşısında duran əsas vəzifələri seminar iştirakçılarının nəzərinə çatdırıb. O qeyd edib ki, biz həmkarlar ittifaqları olaraq Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi ilə bağlı sosial məsələlərlə əlaqədar respublika rəhbərliyinin son illərdə atdığı addımları çalışdığımız əmək kollektivlərində hər bir işçiyə çatdırmağa borcluyuq. Cari ilin əvvəlində ölkə prezidenti tərəfindən qəbul edilmiş sosial paketlər işçilərin, pensiyaçıların, əlillərin və digər kateqoriyadan olan insanların maddi rifah halının yüksəldilməsi üçün xüsusi əhəmiyyət kəsb edir.

Eyni zamanda kollektiv müqavilələrin layihələri hazırlanarkən orada işçilərin sosial problemlərinin həlli ilə bağlı məsələlərə üstünlük verilməsi və həmkarlar ittifaqı fəallarının təklif və iradlarının nəzərə alınması və onların həlli üçün müvafiq icra orqanları qarşısında məsələlərin qaldırılması da Daimi İnkişaf Məqsədlərinin həyata keçirilməsində mühüm əhəmiyət daşıyır. Bu məsələlərin də təbliği bizim üçün önəm daşımalıdır.
Tədbirdə müzakirə olunan məsələlər ətrafında diskussiyalar keçirilib.
Seminarın işində Şirvan şəhərinin və ətraf rayonların həmkarlar ittifaqı fəalları iştirak edib.        

FAYDALI KEÇİDLƏR