Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V qurultayında AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin çıxışı
19 Dec 2018
İcazə verin, Azərbaycan həmkarlar ittifaqlarının çoxminli üzvləri adından qurultayınızı təbrik edim, gələcək fəaliyyətinizdə uğurlar arzulayım.
Sıralarınızın gündən-günə artması, təşkilatınızın möhkəmlənməsi,
sosial tərəfdaşınız kimi, bizi sevindirir. Mülkiyyət və təşkilati-hüquqi formasından
asılı olmayaraq fərdi fəaliyyətlə məşğul olan hüquqi və fiziki şəxslərin iş
birliyini əlaqələndirmiş, onların hüquqi və iqtisadi mənafeyini müdafiə edən
mükəmməl bir təşkilata çevrilmisiniz. Təşkilatınız sahibkarlığın inkişafına öz
layiqli töhfəsini verməklə yanaşı, işəgötürənlərin və işçilərin sosial problemlərinin
həll olunması sahəsində də məqsədyönlü iş aparır.
Müstəqil Azərbaycanın memarı, ulu öndərimiz Heydər Əliyev
azad sahibkarlığın inkişafına daim diqqət göstərirdi. Respublikamızın
sosial-iqtisadi irəliləyişlərini bilavasitə sahibkarlığın tərəqqisində görürdü.
Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı ölkə
Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət isə
sahibkarlığın inkişafına xüsusi təkan verdi. Möhtərəm Prezidentimizin sərəncamı
ilə 2016-cı ildən Azərbaycan Respublikasında “Sahibkarlar günü”nün qeyd edilməsi
sahibkarlara göstərilən diqqətin təzahürüdür. Cəmiyyətdə sahibkarların rolunun
daha da genişlənməsinə şərait yaradan amildir. Sahibkarlara mütəmadi olaraq güzəştli
kreditlər ayrılır, uzunmüddətli investisiya layihələrinin, həmçinin kiçik
sahibkarlığın güzəştli şərtlərlə maliyyələşdirilməsi imkanları durmadan artır.
Sahibkarlıq fəaliyyətinə olan yersiz müdaxilələrin aradan qaldırılması istiqamətində
görülən işlər də təqdirəlayiqdir. Bu sahədə “Sahibkarlıq sahəsində aparılan
yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan
Respublikası Qanununun xüsusi önəmi var.
Qanun sahibkarlara dövlət qayğısının gücləndirilməsi ilə
yanaşı, investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində mühüm addım,
iş adamlarına verilən siyasi dəstək kimi qiymətləndirilməlidir.
Hörmətli tədbir iştirakçıları!
İnkişaf etmiş ölkələrin iqtisadiyyatına nəzər saldıqda özəl
sektorun payının çox yüksək olduğunu görürük. Ölkəmizdə də son illər özəl
sektorun inkişaf etdirilməsi ilə bağlı işlər görülür.
Dövlət-sahibkar münasibətlərinin tənzimlənməsi, iqtisadi
qanunvericiliyin, inzibati prosedurların və institusional mexanizmlərin təkmilləşdirilməsi,
biznes subyektləri arasında işgüzar əlaqələrin inkişafı, sosial-iqtisadi
proqramların həyata keçirilməsi və digər ardıcıl tədbirlər nəticəsində ölkə
iqtisadiyyatında özəl sektorun payı 80%-i ötüb (bu faiz Avropanın orta göstəricisinə
uyğundur), məşğul əhalinin 70%-dən çoxu bu sektorda cəmləşib.
Azərbaycan Respublikasında qəbul edilmiş regionların
sosial-iqtisadi inkişafına dair dövlət proqramları da bölgələrin
sosial-iqtisadi inkişafı istiqamətində əsl dönüş yaratdı. Regionların tarazlı və
sürətli inkişafı ilə bağlı qəbul edilmiş 3 dövlət proqramının icrası nəticəsində
ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atmış, eyni zamanda ölkə əhalisinin
maddi rifah halı yüksəlmiş, yoxsulluq və işsizlik səviyyəsi xeyli azalmışdır.
Burada özəl sektorun xidmətləri danılmazdır. Bu sektorun inkişafında sizin
Konfederasiyanın da payı vardır.
Bildiyiniz kimi, mütəmadi olaraq Azərbaycan
Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyası arasında Baş Kollektiv Saziş bağlanılır. Sazişdə tərəflər
qarşılıqlı əlaqələrin sosial tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsinə,
sosial-əmək münasibətlərinin sosial dialoq, kollektiv müqavilələr və sazişlər
vasitəsilə tənzimlənməsinə çalışacaqlarını bəyan edirlər.
Baş Sazişin imzalanması ilə başladığımız əməkdaşlıq
Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın fəaliyyətində uğurla
davam etdirilməkdədir. Təşkilatlarımız arasındakı qarşılıqlı anlaşma və işgüzar
münasibətlər Baş Kollektiv Sazişin müddəalarının yerinə yetirilməsində və
Komissiyanın işində önəmli rol oynayır. Yeri gəlmişkən, cəmiyyətdə sosial ədalət
prinsiplərinə əməl edilməsinə, əmək münasibətlərinin tənzimlənməsinə güclü təkan
verəcək “Azərbaycan Respublikasının 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə
Ölkə Proqramı” Beynəlxalq Əmək Təşkilatı ilə birgə sosial tərəfdaşlarımızın
iştirakı ilə işlənib hazırlanmış və 2016-cı ilin sentyabrında qəbul edilmişdir.
Təsadüfi deyil ki, Baş Kollektiv Sazişdə tərəflər üzərlərinə
Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində “Layiqli Əmək üzrə ölkə
Proqramı”nın icrasını təmin etmək öhdəliyini götürmüşlər. Bununla bağlı AHİK-in
İcraiyyə Komitəsinin qəbul etdiyi “Tövsiyələr”də həmkarlar ittifaqı təşkilatlarına
əməyin ödənilməsi sahəsində öz səylərini ilk növbədə əməkhaqqı siyasətinin və əməyin
ödənilməsi üzrə qanunvericiliyin təkmilləşdirilməsinə, əməkhaqqının orta aylıq
səviyyəsinin artırılmasına yönəltmələri vacib bilinmişdir. Ümid edirəm ki, Siz
də, sosial partnyorumuz kimi, bizim mövqeyimizi dəstəkləyəcəksiniz.
Bildiyiniz kimi, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən
17 mart 2017-ci il tarixdə hamımız üçün çox önəmli və vacib bir komissiyanın -
“Əmək münasibətlərinin tənzimlənməsi və Koordinasiyası” Komissiyasının
yaradılması barədə sərəncam imzalanmışdır. Bu komissiya daxilində də əməkdaşlığımız
uğurla davam etdirilir.
Hörmətli tədbir iştirakçıları!
Beynəlxalq Əmək Təşkilatının üzv dövlətlərdə təşkil
etdiyi “Yüzilliyin dialoqu” çərçivəsində Azərbaycan Respublikasında da “Milli
dialoq” üçün bir sıra prioritetlər müəyyən edilmişdir.
Ümid edirəm ki, Milli Üçtərəfli Komissiya “Milli dialoq”
çərçivəsində müəyyən edilmiş məsələləri müzakirəyə çıxarmaqla gələcəyin əmək
sferasına dair problemləri sosial tərəfdaşlarla sıx əməkdaşlıq çərçivəsində həll
etməyə çalışacaqdır. Digər tərəfdən, hesab edirəm ki, biz tərəfdaş kimi vahid
mövqe ortaya qoyacaq və onun əsasında prioritet məsələlərin həlli, birgə layihələrin
və proqramların hazırlanıb həyata keçirilməsi üçün bütün imkanları səfərbər edəcəyik.
Ümumdünya Əməyin Mühafizəsi (28 Aprel) və Ümumdünya
Layiqli Əmək (7 Oktyabr) günlərinin qeyd edilməsi ilə əlaqədar tədbirlərin birgə
keçirilməsi ənənə halını almışdır. Həmçinin bütün beynəlxalq tədbirlərdə vahid
mövqedən çıxış etməyimiz də təqdirəlayiqdir. Şübhəsiz, təşkilatlarımız arasında
yaranmış yüksək səviyyəli sıx əməkdaşlıq Konfederasiyanızın rəhbərliyinin, o
cümlədən prezidentiniz Məmməd müəllimin zəhmətinin nəticəsidir. Bunun üçün
hamınıza “çox sağ olun” deyirik.
Bir məsələni də xatırlatmaq istəyirəm. Hər il keçirilən
“Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi
(təşkilatı)” müsabiqəsində orta hesabla 2000-ə yaxın idarə, müəssisə və təşkilat
iştirak edir. Onların 21%-dən çoxu özəl sektorun payına düşür. Bu rəqəm ildən-ilə
artır. Əgər 2009-cu ildə keçirilən müsabiqədə 26 təşkilat iştirak edirdisə, keçən
il onların sayı artıq 170 olmuşdur. Ümumilikdə bu müsabiqədə indiyə kimi 11428
idarə və müəssisə iştirak etmişdir.
Hesab edirəm ki, bu müsabiqələrin keçirilməsi idarə və müəssisələrdə
əməyin mühafizəsinin yüksək standartlara çatdırılmasına, eyni zamanda işçilər
üçün daha yüksək səviyyədə təhlükəsiz iş şəraiti yaradılmasına imkan verir.
Bir məsələni də Sizinlə bölüşmək istərdim.
Respublikamızda həmkarlar ittifaqı təşkilatlarının 21%-i özəl müəssisələrdə fəaliyyət
göstərir. Həmkarlar ittifaqı sahibkarlarla işçilər arasında körpüdür.
İşçilərin gündəlik qayğıları, hüquqlarının qorunması, sağlamlığın və əməyinin
mühafizəsi, bir sözlə, sosial problemlərin həlli ilə məşğul olan həmkarlar
ittifaqı təşkilatları işəgötürənlərin işini xeyli yüngülləşdirir. Yəni
sahibkarlıq subyektlərində həmkarlar ittifaqı təşkilatının yaradılması bizimlə
bərabər, hesab edirəm ki, Sizin də marağınız daxilində olmalıdır.
İnanıram ki, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyası ilə sosial tərəfdaşlığı bundan sonra da uğurla davam
etdirəcək, əməkdaşlığımız genişlənəcək, işçilərin sosial müdafiəsinin təmin
olunması üçün səylərimizi gücləndirəcəyik. Bu yolda hamımıza uğurlar
arzulayıram.
Diqqətinizə görə təşəkkür edirəm.