Dəmiryolçular Tbilisidə toplaşdılar
11 Apr 2019
Gürcüstanın paytaxtı Tbilisi şəhərində Dəmiryolçuların Həmkarlar İttifaqı Beynəlxalq Konfederasiyası Şurasının növbəti 56-cı iclası və “Avrasiya nəqliyyat dəhlizlərində sosial siyasətin uyğunlaşdırılmasında həmkarlar ittifaqlarının rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbirdə Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar
İttifaqı Respublika Komitəsinin sədri Fəzail Bağırovun rəhbərlik etdiyi nümayəndə
heyəti iştirak edib.
İclasda Şuranın fəaliyyəti, dəmiryolçuların
sosial-iqtisadi vəziyyəti və real əməkhaqlarının artırılması istiqamətində həmkarlar
ittifaqlarının gördüyü işlər haqqında müzakirələr aparılıb.
Tədbirlərdə çıxış edən F.Bağırov son 4 il ərzində Azərbaycanın
nəqliyyat-logistika imkanları, dəmir yolunda həyata keçirilən islahatlar barədə
danışıb. O, Bakı-Tbilisi-Qars dəmir yolu bağlantısı, “Şimal-Cənub” və Cənub-Qərb
nəqliyyat dəhlizləri, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu barədə ətraflı məlumat
verib. Bildirib ki, beynəlxalq marşrutların fəaliyyətinin gücləndirilməsi
iştirakçı ölkələrin tranzit potensialının artırılmasına istiqamətlənib.
Natiq bildirib ki, son vaxtlar ölkəmizdə dəmir yolunda ən
müasir standartlara cavab verən texnologiyaların tətbiq olunması dövrü başlayıb.
Enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçilməsi, işarəvermə və
rabitə sisteminin yeniləşdirilməsi üzrə avadanlıqların alınması, yol təsərrüfatının
sağlamlaşdırılması, lokomotiv və vaqon parklarının yenilənməsi və s. sahələrin
müasir tələblər səviyyəsinə çatdırılması üzrə bir sıra mühüm tədbirlər həyata
keçirilib. Ötən ilin sonlarında Bakı-Gəncə sürət qatarı istifadəyə verilib.
Qarşıda perspektiv vəzifələr durur. Növbəti belə bir qatar Bakı-Qəbələ istiqamətində
olacaq. Bakı dairəvi yolu əsaslı təmir ediləcək.
2019-cu ildə Bakı-Tbilisi-Qars marşrutu ilə sərnişin
daşınmasının təşkili planlaşdırılır. Bu məqsədlə “Azərbaycan Dəmir Yolları”
Qapalı Səhmdar Cəmiyyəti ilə İsveçrənin “Stadler Rail Group” şirkəti arasında
Bakı-Tbilisi-Qars marşrutu üçün sərnişin vaqonların istehsalına dair müqavilə
imzalanıb. Artıq 10 vaqondan ibarət sərnişin qatarı Bakıya çatıb. İkinci mərhələdə
daha 10 vaqonun gətirilməsi nəzərdə tutulur. Vaqonlar ən son texnologiya əsasında
hazırlanıb.
F.Bağırov bildirib ki, bütün bu işlərdə Respublika Komitəsi
Cəmiyyət rəhbərliyi ilə əlbir fəaliyyət göstərir. Dəmir yolunda çalışan əməkçilərin
sosial problemlərinin həlli, əmək kollektivlərində sosial gərginliyin azalması,
əmək şəraitinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə Cəmiyyət rəhbərliyinin
atdığı uğurlu addımlar görülən işlərin əsas tərkib hissələrindəndir. Struktur dəyişikliklərinin
aparılması, yeni işə qəbul qaydalarının tətbiq olunması son illərin ən uğurlu
hadisələrindən biridir. Departament, idarə və təşkilatlarda izafi xərclərin
qarşısı alınmış, əldə olunan qənaət təşkilatlarda çalışan dəmiryolçuların əməkhaqqının
artırılmasına yönəldilib.
Gündəlikdə duran bütün məsələlər müzakirə olunub və
müvafiq qərarlar qəbul edilib.