AZ | RU | EN
AZ | EN | RU

“Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika baxış-müsabiqəsinin qalibləri mükafatlandırılır

28 Nov 2020

“İndi nədən danışsaq da, sözə qəhrəman Ordumuzun tarixi qələbəsindən başlayırıq. Bunu ürəyimiz, ürəyimizi dolduran milli iftixar hissi bizdən tələb edir”.

Bu sözləri Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi altında keçirilmiş Respublika baxış-müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində söylədi.
“Müzəffər Ali Baş Komandanımız, Respublikamızın Prezidenti cənab      İlham Əliyevin başçılığı altında rəşadətli Silahlı Qüvvələrimizin düşmən işğalına son qoyması münasibətilə hər birinizi təbrik edirəm”, - dedi. - İşğalçılar cənnət Qarabağı xarabalıqlara çevirmişlər. Öz xislətlərinə uyğun olaraq tikililəri sökmüş, evləri, meşələri yandırmış, ağacları kəsmiş, mədəni abidələrimizi məhv etmişlər.
Ordumuz torpaqlarımızı düşmənlərdən təmizlədi. İndi növbə bizimdir - mülki vətəndaşların. Xarabalıqlar üzərində möhtəşəm yaşayış məskənləri qurmalıyıq. Bu işdə mədəniyyət işçiləri də fəal iştirak edəcəklər. Mən buna əminəm.
C.Səttarova sonra gündəlikdə duran məsələ barədə danışdı. Dedi ki, AHİK-in “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi altında keçirdiyi Respublika baxış-müsabiqəsinin gedişi mütəmadi olaraq Respublika Komitəsi və onun yerli strukturları tərəfindən izlənmiş, nəzarətdə saxlanılmışdır. Müsabiqə iştirakçılarına metodiki, əməli köməklik göstərilmişdir. Müşahidə edilən nöqsanlar tərəfdaşlarımızla birlikdə aradan qaldırılmışdır.
Biz üzv təşkilatların bərabər şəraitdə mübarizə aparmasını təmin etməyə çalışırdıq. Çünki məqsədimiz bütövlükdə sahə üzrə təhlükəsiz əmək şəraitinə nail olmaq idi. Mənə elə gəlir ki, bu məqsədimizə nail olduq.
Əlbəttə, heç bir yarışda bütün qoşulanlar qalib ola bilmir. Biz yaxşıların yaxşılarını seçdik. Amma onu da deyim ki, digər müsabiqə iştirakçılarının da növbəti illərdə qaliblər sırasında olmaq potensialı var.
Sonda qalib müəssisələrin - Rəşid Behbudov adına 2 nömrəli onbirillik Musiqi Məktəbinin və Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyinin nümayəndələrinə və həmkarlar ittifaqı komitələrinin sədrlərinə AHİK-in Diplomu və Respublika Komitəsinin qiymətli hədiyyələri təqdim olundu.
Tədbirdə AHİK-in Əməyin mühafizəsi şöbəsinin müdiri V.Arqutkin iştirak edirdi.

FAYDALI KEÇİDLƏR