DOST Agentliyinin Müşahidə Şurasının ilk iclası keçirilib
21 Dec 2018
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) Müşahidə Şurasının ilk iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin 2018-ci il 10 dekabr tarixli Fərmanı ilə Agentliyin təsdiq olunmuş
Nizamnaməsinə əsasən, Agentliyin idarəetmə orqanları kimi Müşahidə Şurası və
İdarə Heyəti yaradılıb. Nizamnaməyə uyğun olaraq, Müşahidə Şurası 7 üzvdən ibarət
olmaqla, Şuranın sədri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev,
üzvləri Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Gündüz
Kərimov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan
Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Dövlət Agentliyinin İdarə Heyətinin
sədri Orxan Məmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri
Səttar Möhbalıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli
Konfederasiyasının prezidenti Məmməd Musayev və Əmək və Əhalinin Sosial Müdafiəsi
nazirinin müavini Anar Əliyevdir.
Müşahidə Şurasının sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi
naziri Sahil Babayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən, DOST Agentliyi və
“DOST” mərkəzlərinin yaradılması istiqamətində işlər davam edir. Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsi olan “DOST” layihəsi əmək, məşğulluq,
sosial müdafiə və təminat sahələrində xidmətlərin innovativ həllərin tətbiqi üzərində,
“bir pəncərə”dən operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq
prinsipləri əsasında təqdim edilməsinə imkan verəcək.
Nazir Müşahidə Şurasının Agentliyə ümumi rəhbərliyi və nəzarəti
həyata keçirəcəyini deyib. O qeyd edib ki, nizamnaməyə əsasən Agentliyin fəaliyyəti
ilə bağlı müstəqil qərar vermək səlahiyyətinə malik olan Şura Agentliyin
inkişaf istiqamətlərini, strateji məqsəd və planlarını müəyyənləşdirəcək, habelə
müvafiq sənədləri təsdiq edəcək.
İclasda DOST Agentliyinin və “DOST İş Mərkəzi”nin fəaliyyətinin
təşkili məsələləri müzakirə olunub. DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid
Məmmədov DOST Agentliyi, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Anar Əliyev isə “DOST İş Mərkəzi” ilə bağlı təqdimatlarla çıxış ediblər.