AZ | RU | EN
AZ | EN | RU

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri HİRK-nin plenumu keçirilib

24 Dec 2015

Dekabrın 24-də DİİXİ Hİ Respublika Komitəsinin növbəti plenumu keçirilib. Hesabat məruzəsi ilə çıxış edən RK sədri Hikmət Osmanov qeyd etdi ki, fəaliyyətimizin özəyində işçilərin hüquqlarının müdafiəsi durur.

Bu missiyamızı biz əməli işlə həyata keçiririk. Təbii ki, hər bir insan üçün əsas məsələ onun sağlamlığıdır. Biz də üzvlərimizin sağlamlığının daim normal vəziyyətdə olmasına imkanlarımız daxilində əlimizdən gələni əsirgəmirik. İl ərzində 4400-dən çox Hİ üzvü sanatoriyalara güzəştli yollayışlarla göndərilib. Nabranda salınmış "Ülfət" İstirahət Mərkəzinin nəzdində son 20 ildə ilk dəfə olaraq uşaq yay düşərgəsi yaradılmışdı.
H. Osmanov vurğuladı ki, üzvlərimizdən bir qrupunun ali təhsil müəssisələrində təhsil alan övladlarına təqaüd verilməsi də ənənə halını alıb. Belə ki, bu günə "əla" və "yaxşı" qiymətlərlə oxuyan 19 tələbənin hər birinə ayda 50 manat təqaüd veririk.
Hərbi məktəblərdə təhsil alan gəncləri də diqqətdən kənarda qoymuruq. H.Əliyev adına Ali Hərbi Məktəbin və Naxçıvan Hərbi Liseyinin ailə vəziyyəti çətin olan tələbələrinə təqaüd təsis etmişik.
Bu gün qanunsuz işdən xaric olunan həmkar üzvləri məsələsi də çox aktualdır. Açığını deyək ki, hələ də bəzi işəgötürənlərin cənab Prezidentin 16 may 2008-ci il tarixli 608 saylı sərəncamı ilə Əmək Məcəlləsinə edilən əlavə və dəyişikliklərdən xəbəri yoxdur. Ona görə də bir sıra hallarda həmkarlar ittifaqı təşkilatlarına müraciət etmədən və razılıq alınmadan üzvlərimizin işdən çıxarılma halları mövcuddur. Bu məzmunda AHİK-ə və Respublika Komitəsinə vaxtaşırı müraciətlər daxil olur. Biz isə məsələləri yerində araşdırıb lazımi tədbirlər görmüşük və bundan sonra da belə qanun pozuntularına qarşı sərt mövqe tutacağıq. 
Sədr onu da qeyd etdi ki, bu il bizə daxil olan vəsaitdən 1100 manata yaxın maddi yardımı birbaşa poçt vasitəsilə yaşayış ünvanlarına göndərmişik. Ümumilikdə təşkilatlarımızla birlikdə sahə üzrə 423954 manat yardım verilmişdir.
Qeyd edək ki, son bir il ərzində Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı üzvlərinin sayı 1522 nəfər artıb. Yeni yaranan 2 Hİ təşkilatı RK-nın xidmətinə daxil olub. Beləliklə, sahə həmkarlar ittifaqı öz sıralarında 14 birləşmiş, 76 rayon və şəhər, birbaşa Respublika Komitəsinə çıxan 53 ilk təşkilatı birləşdirir. Üzvlərin ümumi sayı isə 76 minə çatıb. 22 nazirlik, dövlət komitəsi və digər mərkəzi orqanla sahə kollektiv sazişi imzalanıb. 
Sonda bir qrup yubilyara və uğurlara imza atmış Hİ liderinə, fəalına RK-nın Fəxri fərmanları və hədiyyələr təqdim olundu.
Plenumda AHİK sədrinin müavini Cavanşir Alxasov da çıxış etdi.

FAYDALI KEÇİDLƏR