“Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemlərinin qurulmasının əsasları” mövzusunda seminar keçirilib
17 Dec 2018
Dekabrın 17-18-də Bakıda “Hyatt-Regency” otelində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Dövlət qulluqçularının əməyinin ödənilməsi sistemlərinin qurulmasının əsasları” mövzusunda seminar keçirilib.
Seminarda çıxış edən əmək və əhalinin sosial müdafiəsi
nazirinin müavini Mətin Kərimli “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə
Proqramı”ndan irəli gələn vəzifələr və onların həyata keçirilməsinin
gedişi barədə məlumat verib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin
birinci müavini İlyas Əliyev müzakirəyə çıxarılan məsələnin dövlət idarəetmə
sisteminin təkmilləşdirilməsində, kadr siyasətinin həllində əhəmiyyətli rol
oynadığını qeyd edib. Deyib ki, real əməkhaqqının əhəmiyyətli dərəcədə artırılması,
maaşların inflyasiyaya uyğun ödənilməsi çox mühüm amillərdəndir. O, bu istiqamətdə
addımlar atıldığını söyləyib: “Cari ilin 9 ayının yekunlarına görə, orta aylıq əməkhaqqı
ötən illə müqayisədə 2,9 faiz yüksəlmişdir. Bu, yaxşı göstəricidir. Amma hazırda
mövcud olan bəzi problemləri aradan qaldırmaqla biz daha yaxşı nəticələrə nail
ola bilərik”. Bu problemlərin həlli yolu minimum əməkhaqqının beynəlxalq
standartlara uyğunlaşdırılmasından keçir. İ.Əliyev təəssüflə bildirib ki, ölkə
qanunvericiliyində təsbit olunan “minimum əməkhaqqı” anlayışı BƏT-in
ratifikasiya etdiyimiz 131 saylı Konvensiyasındakı tərifə uyğun deyil. Bununla əlaqədar
müvafiq qanunlara dəyişiklik edilməsi barədə təkliflərimizi Nazirlər Kabinetinə
göndərmişik.
İlyas Əliyev dövlət qulluğunda dövlət təzminatları
sisteminin də təkmilləşdirilməsinə ehtiyac olduğunu vurğulayıb. Təklif edib
ki, bütünlükdə dövlət qulluqçuları və onların ailə üzvləri tibbi sığortaya
cəlb olunmalı, müalicə və istirahət yerlərinə getdikdə çəkdikləri nəqliyyat xərcləri
ödənilməlidir.
İ.Əliyev çıxışının sonunda bildirib ki, Azərbaycan həmkarlar
ittifaqları, səlahiyyətləri çərçivəsində, müvafiq qanunların, dövlət
proqramlarının hazırlanmasında və icrasında fəal iştirak edir. İşçilərin
maaşlarının sahə (tarif) sazişlər və kollektiv müqavilələr vasitəsilə
qorunmasına və artırılmasına nail olur.
Tədbirdə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, BƏT-in Azərbaycan üzrə
milli əlaqələndiricisi Yaşar Həmzəyev gündəlikdə duran məsələ ilə bağlı fikirlərini
bölüşüblər.
Sonra Rusiya Federasiyasının eksperti, iqtisad elmləri
doktoru Vladimir Rojkov əməyin ödənilməsinin sosial-iqtisadi mahiyyətinə, onun
roluna dair təqdimatla çıxış edib. Seminarda “Dövlət qulluqçularının əməyinin
ödənilməsi sisteminin qurulması sahəsində Azərbaycan Respublikasının təcrübəsi”,
“Dövlət qulluqçularının əməyinin ödənilməsinin xüsusiyyətləri”, “Dövlət
qulluqçularının əmək münasibətlərinin məzmunu, səlahiyyət və funksiyalarının həyata
keçirilməsi, onların məvacibinin formalaşdırılmasının əsas prinsipləri”, “Azərbaycanda
büdcədən maliyyələşdirilən təşkilatlarda əməyin ödənilməsinin bəzi məsələləri”
və s. mövzularda da təqdimatlar edilib və müzakirələr aparılıb.