AZ | RU | EN
AZ | EN | RU

“Dövlət və bələdiyyə idarəçiliyinin strateji istiqamətləri” mövzusunda konfrans keçirilib

12 Nov 2018

Noyabrın 12-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Azərbaycan Respublikasının Konstitusiyası Gününə həsr olunmuş “Dövlət və bələdiyyə idarəçiliyinin strateji istiqamətləri” mövzusunda tələbə elmi-praktik konfrans keçirilib.

Konfrans professor-müəllim heyətinin, tələbələrin və dəvət edilmiş qonaqların iştirakı ilə baş tutub və açılışda Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbiri Akademiyanın tədris və elmi işlər üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent Fərhad Mehbalıyev açaraq, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əksini tapan prinsiplər, demokratik hüquq və azadlıqların təmin edilməsi, etnik, dini və siyasi mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlara malik olması sahəsində qazanılan uğurlar barədə məlumat verib.

F.Mehbalıyev Respublika Prezidenti cənab İlham Əliyevin “Maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik” fikrini diqqətə çatdırıb. Ölkənin gələcək inkişafının məhz gənclərdən asılı olduğunu və bu baxımdan da gələcək nəsillərin formalaşmasında təhsilin rolunun danılmaz olduğunu vurğulayıb. Bildirib ki, bu gün müstəqil Azərbaycanın daha da qüdrətlənməsinə çalışan çox istedadlı və geniş dünyagörüşünə malik gənclərimiz var. Ümid edirik ki, gənclər tarixi, milli və mənəvi dəyərlərimizi unutmayacaq, dünya arenasında ölkəmizin nüfuzunun artması üçün əlinizdən gələni əsirgəməyəcəklər.

İqtisadiyyat və idarəetmə kafedrasının müdiri, iqtisad üzrə elmlər doktoru Vilayət İsmayılov tələbə - gənclərin elmi yaradıcılığına göstərilən qayğıdan danışıb. Deyib ki, tələbələrimizə dövlət və bələdiyyə idarəçiliyinin müxtəlif strateji istiqamətləri üzrə çıxışlar hazırlamaqda kafedramızın əməkdaşları tərəfindən köməklik göstərilir. Onlara mövzunu daha dəqiq və elmi cəhətdən sanballı işləmək üçün istiqamət verilir.

Elmi-praktik konfransda iştirak edən tələbələrin məruzələri dinlənilib.

Sonra konfrans öz işini ayrı-ayrı bölmələrdə davam etdirib.

Konfransın yekununda xüsusi qiymətləndirmə komissiyası seçilmiş işləri qiymətləndirib və məruzəçilərə sertifikatlar təqdim olunub.

ПОЛЕЗНЫЕ ССЫЛКИ