Müəlliflərə sertifikatlar verildi
08 Nov 2019
Təhsil sahəsində çalışan insanların elmi yaradıcılıq potensialının üzə çıxarılması, inkişaf etdirilməsi həmkarlar ittifaqlarının fəaliyyətində xüsusi yer tutur.
Noyabrın 8-9-da Türkiyənin Antaliya şəhərində Avrasiya Təhsil
İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin və Türk Eğitim-Senin müştərək
keçirdikləri IV Mühəndislik və fənn bilimləri konfransı da bu amala xidmət məqsədi
daşıyırdı. Konfransı giriş sözü ilə hər iki qurumun Genel başqanı Talib Qeylan
açdı. Üzv təşkilatların elmə göstərdiyi diqqətdən, xüsusilə gənc alimlərin
stimullaşdırılması istiqamətində həmkarlar ittifaqlarının keçirdiyi tədbirlərdən
danışdı. Bu tədbirlərin uğurlu nəticələr verdiyini qeyd etdi. Əminliklə dedi
ki, indiki konfransda da layiqli, elmi axtarışlarla zəngin əsərlərin təqdimatının
şahidi olacağıq.
Sonra söz Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadəyə verildi. O, tədbir
iştirakçılarına Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Milli Məclisin üzvü, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti
Səttar Möhbalıyevin salamlarını çatdırdı. Bildirdi ki, Azərbaycan və Türkiyə
geniş siyasi, iqtisadi və mədəni əlaqələrə malikdir.
Minlərlə azərbaycanlı incəsənət, elm xadimi, təhsil, səhiyyə
işçisi Türkiyədə, daha çox sayda türkiyəli qardaş və bacılarımız Azərbaycanda
böyük məmnuniyyətlə çalışır. Öz bilik və bacarıqlarını ölkələrimizin inkişafına
sərf edirlər.
M.Cəfərzadə hər iki ölkənin uğurlarının əsasında elmi tərəqqinin,
yüksək texnoloji biliklərin, müasir texnologiya yaratmaq və ondan düzgün
istifadə etmək bacarıqlarının durduğunu söylədi.
“Elə ona görə də, iştirakçısı olduğumuz konfrans böyük əhəmiyyət
daşıyır”-dedi.
İki gün davam edən konfransda qruplarda 450 elmi iş, o
cümlədən Azərbaycan Texniki Universitetinin həmkarlar ittifaqı komitəsinin sədri
Akif Cahangirovun məqaləsi dinlənildi və onlara münasibət bildirildi.
Sonra tədbir iştirakçılarına sertifikatlar təqdim olundu.
Noyabrın 9-da M.Cəfərzadə TRT radiosunda çıxış etdi,
konfrans barədə müxbirin suallarını cavablandırdı.