AZ | RU | EN

Əmək hüquqları ilə bağlı aktual suallara cavablar

01 Oct 2019

Bir cinayət işi üzrə hal şahidi kimi  ifadə vermək üçün istintaq orqanına çağırılmışam. Bilmək istəyirəm, istintaqa getdiyim müddət üzürlü hesab ediləcəkmi və mənim əməkhaqqımdan işdə olmadığım müddət üçün pul tutulacaqmı? İşdə  buna görə problemim olmaz?

Əmək Məcəlləsinin 179-cu maddəsi ilə işçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallar müəyyən edilmişdir. Həmin maddənin 1-ci hissəsinə əsasən,işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əməkhaqqı ödənilməlidir.Maddənin 2-ci hissəsində işçinin iş yeri və orta əməkhaqqı saxlanılan hallar sadalanmışdır.
İşçinin şahid, zərərçəkmiş şəxs, ekspert, mütəxəssis, tərcüməçi, hal şahidi sifəti ilə təhqiqat, ibtidai istintaq və məhkəmə orqanlarına çağırılması da iş yeri və orta əməkhaqqı saxlanılan hallara aid edilmişdir. Əvvəlcədən işdə bilavasitə rəhbərinizi ( şöbə,sex müdirini) xəbərdar edib və sonra üzərində istintaq orqanında olmağınızı təsdiq edən qeyd aparılmış çağırış vərəqəsini təqdim etsəniz, Sizin iş yerində heç bir probleminiz olmaz.