Sentyabrın 14-də "Hyatt Regency” otelində Beynəlxalq
Əmək Təşkilatının həmkarlar ittifaqlarının texniki əmək müfəttişləri üçün
"İş yerlərinin əməyin mühafizəsi normalarına uyğunlaşdırılmasına yönəlmiş
tədbirlərin həyata keçirilməsində Azərbaycan Respublikasının Həmkarlar İttifaqlarının
rolunun artırılması" mövzusunda tədris seminarı keçirilib.
Seminarda iş yerlərində təhlükəsiz əmək şəraitinin yaradılması, əməyin
mühafizəsi, səmərəli sosial dialoqun təşkili, gender bərabərliyinin təmin
olunması və ayrı-seçkiliyə yol verilməməsi məsələləri müzakirə olunub və uyğun
plan və strategiyalar haqqında məlumat və tövsiyələr verilib.
Seminarda AHİK sədrinin
müavini Cavanşir Alxasov çıxış edərək bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının təşəbbüsü, Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə keçirilən
tədris seminarı işçilərin hüquq və mənafelərinin müdafiəsi, layiqli iş yerlərinin
yaradılması, sosial dialoqun səmərəliliyinin artırılması, gender bərabərliyinin
təmini və bazar iqtisadiyyatı şəraitində iş yerlərində ayrı-seçkiliyə yol
verilməməsi sahəsində əmək müfəttişlərinin biliklərinin daha da genişləndirilməsi
məqsədi daşıyır. O, qeyd edib ki, Azərbaycan həmkarlar ittifaqları üçün bu məsələlər
müstəsna əhəmiyyətə malikdir. Çünki biz yaxşı bilirik ki, əmək müfəttişliyinin
fəallığı və işinin səmərəliliyi dövlətin sosial siyasətinin vacib tərkib hissəsidir.
Azərbaycan həmkarlar ittifaqları dövlətin iqtisadi-sosial siyasətinin həyata
keçirilməsində fəal iştirak edərək yarandığı ilk illərdən başlayaraq həmkarlar
ittifaqının ictimai nəzarətinin formalaşdırılmasında öz yolunu axtarıbdır.Öz
müdafiə funksiyalarımızı müəyyənləşdirərkən biz Beynəlxalq Əmək Təşkilatının əsas
sənədlərinə – konvensiya və tövsiyələrinə istinad edirik.
Əmək Məcəlləsində
geniş hüquqlar spektrinin təmin edilməsinə nail olmaqla, Azərbaycan həmkarlar
ittifaqları ictimai nəzarət institutunun formalaşdırılması istiqamətini seçib.
AHİK-in İcraiyyə
Komitəsinin qərarları ilə texniki və əmək müfəttişləri haqqında, etimadlı həkimlər
haqqında, ilk təşkilatların həmkarlar ittifaqı komitələri nəzdində əməyin
mühafizəsi komissiyaları və əməyin mühafizəsi üzrə ictimai müvəkkillər haqqında
hüquqi aktlar təsdiqlənib.
Həmkarlar
ittifaqları mərkəzi, sahə həmkarlar ittifaqları sosial tərəfdaşlarla birlikdə həmkarlar
ittifaqı fəallarının mütəmadi olaraq təhsilləndirilməsinə, tematik zona
seminarlarının, iclasların, konfransların, dəyirmi masaların, baxış-müsabiqələrin
keçirilməsinə, istehsalat zədələnməsinin və xəstələnmələrin profilaktikasına
ictimai nəzarətin həyata keçirilməsinə böyük diqqət yetirirlər.Bu işdə həmkarlar
ittifaqları ÜHİK-in, BƏT-in və BMT-nin 28 Aprel Ümumdünya «Əməyin Mühafizəsi
Günü»nə, 5 iyun «Ətraf Mühitin Mühafizəsi Günü»nə, 7 oktyabr «Layiqli əmək
uğrunda hərəkat» gününə həsr olunmuş uğurlu beynəlxalq aksiyalardan geniş
istifadə edirlər.
Təkcə cari ildə
xüsusi hazırlanmış plan-qrafikə əsasən rayon, şəhər komitələrinin, ilk həmkarlar
ittifaqı təşkilatlarının 2 min nəfərdən çox nümayəndəsinin və əməyin mühafizəsi
üzrə ictimai müvəkkilini iştirak etdiyi 114 zona seminarı keçirilib.
Seminar-müşavirə
iştirakçıları sosial dialoqun inkişafına və işçilərin sosial müdafiəsinə yönəlmiş
bir çox yeni, qabaqcıl fikirlər irəli sürmüşlər.Biz hesab edirik ki, bu sosial
tərəfdaşlarla real dialoqun parlaq nümunəsidir və əmək münasibətlərinin
optimallaşdırılmasına əhəmiyyətli töhfə verir.AHİK və sahə həmkarlar ittifaqı
orqanları əmək şəraitinin yaxşılaşdırılmasına, istehsalat mədəniyyətinin və
estetikasının yüksəldilməsinə, qəza, xəsarət və bədbəxt hadisələrə yol verilməməsinə
stimul verən müxtəlif mövzulu baxış-müsabiqələrin keçirilməsinə böyük diqqət
ayırırlar.
Beynəlxalq
aksiyalardan və beynəlxalq təşkilatların sənədlərindən istifadə etməklə, milli
qanunverici və normativ aktları əldə rəhbər tutaraq Azərbaycan həmkarlar
ittifaqları texniki əmək müfəttişliiynin simasında iş yerlərində sağlam və təhlükəsiz
əmək şəraitinin yaradılmasında müəyyən uğurlar əldə ediblər. Onu da nəzərə
almaq lazımdır ki, bu işə respublikada bütün sahələr üzrə cəmi 32 texniki əmək
müfəttişi cəlb olunub.
26 sahənin texniki əmək
müfəttişləri dövlət nəzarət orqanları və müəssisədaxili nəzarət xidməti ilə
birlikdə 2015-ci il ərzində hər 17 nəfərdən bir işçi üçün iş yerlərində həyat və
sağlamlıq üçün risk faktorunun aradan qaldırılmasına nail olublar. 2016-cı ilin
yekunlarına görə isə bu göstərici hər 14 nəfərdən biri üçün olubdur.Aparılan iş
müəyyən mənada istehsalat zədələnməsinin aşağı salınmasına şərait yaradıb.
Əgər AHİK-in
yarandığı dövrdən keçən 24 ili götürsək bu dövr ərzində həmkarlar
ittifaqlarının əhatə dairəsində olan müəssisə və təşkilatlarda xəsarət
alanların sayı 3 dəfə, istehsalat xəsarəti nəticəsində ölənlərin sayı isə 2,2 dəfə
azalıb.
Bununla yanaşı, son
illər əməyin və sağlamlığın mühafizəsinin vəziyyəti, ayrı-ayrı illərdə
istehsalat xəsarəti hallarının artması həyəcan doğurur.Belə ki, 2006, 2011,
2014 və 2016-cı illərdə həm ümumilikdə respublika üzrə, həm də həmkarlar
ittifaqı mövcud olan təşkilatlarda işdə xəsarət alanların sayı artıb.Belə vəziyyət
onu sübut edir ki, tam kompleks tədbirlərin yerinə yetirilməsinə baxmayaraq biz
hələ respublika üzrə bütün səviyyələrdə daim fəaliyyətdə olan əməyin mühafizəsinin
effektiv idarəetmə sisteminin həyata keçirilməsinə nail olmamışıq.
S.Alxasov deyib ki,
AHİK əməyin mühafizəsi problemlərinin həllinə yeni yanaşma prinsiplərini müəyyən
edibdir.Belə yanaşma formalarından biri də həmkarlar ittifaqlarının texniki əmək
müfəttişləri ilə əməyin mühafizəsi üzrə mütəxəssislərin birgə tədris
seminarlarının təşkil edilməsidir. Bu seminarların keçirilməsində məqsəd geniş
biliklərin formalaşdırılmasına kömək, iş yerlərində əməyin mühafizəsi üzrə
sosial təminatların, gender bərabərliyinin təmin edilməsi üçün plan, strategiya
və siyasətin işlənib həyata keçirilməsində hər kəsin rolunun dərk edilməsidir. Bu
məqsədlə də AHİK BƏT-lə əməkdaşlığa önəmli əhəmiyyət verir.
BƏT-lə 1993-cü ildən
həyata keçirməyə başladığımız sıx əməkdaşlıq 2006-2009-cu illər və 2016-2020-ci
illər üçün layiqli əməyə dair ölkə proqramının hazırlanıb qəbul etdirilməsinə
kömək edib.
2016-2020-ci illərdə
layiqli əmək üzrə ölkə proqramına əsasən həmkarlar ittifaqlarının fəaliyyəti əməyin
mühafizəsinin milli sisteminin təkmilləşdirilməsinə, BƏT-in təməl prinsiplərini
əks etdirən konvensiya və tövsiyələri nəzərə almaqla nəzarət profilaktika
işinin gücləndirilməsinə yönəlib.
AHİK hesab edir ki,
əməyin mühafizəsinə dair qanunvericiliyin təkmilləşdirilməsi prosesində BƏT-in
təməl konvensiyalarının tezliklə ratifikasiya olunmasında və icrasında həmkarlar
ittifaqları davamlı iştirak etməlidir.
Bu Konvensiyalar
aşağıdakılardır:
- № 155 «Əməyin təhlükəsizliyi,
gigiyenası və istehsalat mühiti barədə»
- № 184 «Kənd təsərrüfatında
əməyin təhlükəsizliyi və gigiyenası barədə»
- № 187 «Əməyin təhlükəsizliyinə
və gigiyenasına təsir edən əsaslar barədə»
Bu konvensiyalar
işçilərin sağlamlığının qorunması üçün müvafiq şəraitin yaradılmasına, iş yerlərində
sağlam mühitin formalaşdırılmasına xidmət edir və bizim təşəbbüsümüzlə, sosial
tərəfdaşlar tərəfindən imzalanmış Baş Kollektiv Sazişdə əksini tapıb.
Biz öz işimizin
forma və metodlarının yenilənməsi məsələsinə baxmalı və öncə həmkarlar
ittifaqının ictimai nəzarətinin gücləndirilməsi məsələsinə diqqəti cəmləməliyik.Öz
növbəsində AHİK sahə həmkarlar ittifaqı orqanlarına kömək məqsədilə, ştatdankənar
texniki əmək müfəttişləri institutunun yaradılması fikrindədir.Bu barədə
normativ sənəd hazırlanıb və yaxın zamanlarda sahə həmkarlar ittifaqı
orqanlarına göndərilməsi nəzərdə tutulub.
AHİK sədrinin
müavini bildirib ki, biz həmçinin sosial tərəfdaşlarla texniki əmək müfəttişliyi
tərəfindən həyata keçirilən nəzarət-profilaktika işinə qoyulan məhdudiyyətlərin
aradan qaldırılması, işçilərin səhhətinə və təhlükəsizliyinə real təhlükə mənbəyi
olan avadanlıq və istehsalatların fəaliyyətinin dayandırılmasına sərbəst şəkildə
göstəriş verməsi hüququnun verilməsi məsələlərini müzakirə etməliyik.
Qanunverici və
normativ bazanın gələcəkdə təkmilləşdirilməsi məqsədilə biz əməyin mühafizəsi
xidmətinin müəssisə, təşkilat, baş idarə və nazirliklərdə əsas struktur bölmələri
siyahısına daxil edilməsinə nail olmaq fikrindəyik.Bu seminarda əldə olunmuş
bilikləri də nəzərə almaqla işlərin təhlükəsiz yerinə yetirilməsinin təbliğini,
həmkarlar ittifaqı kadrlarının tədrisinin yeni formalarının tətbiqini fəallaşdırmaq
vacib məsələlərdəndir.Əmək prosesinin bütün iştirakçılarının təhsilləndirilməsinə
və təhlükəsiz əmək şəraitinin yaradılmasının stimullaşdırılmasına xüsusi diqqət
yetirilməlidir.İşəgötürənlərlə əməyin mühafizəsi üzrə mütəxəssislərin birgə təhsilləndirilməsi
mexanizmi təklif olunmalıdır.
İşəgötürənlər üçün
bütün aspektlərdə əmək qanunvericiliyinə dair biliklərin əldə olunması üçün məqsədli
və davamlı kursların təşkil edilməsi və mütəmadi attestasiya və yenidən
attestasiya prinsiplərinin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Çıxışçı diqqətə
çatdırıb ki, hazırda sahə həmkarlar ittifaqı təşkilatlarında hesabat-seçki
kampaniyası yekunlaşmaq üzrədir.
İlkin məlumata görə
01 sentyabr 2017-ci il tarixinə həmkarlar ittifaqı orqanlarında əməyin mühafizəsi
üzrə 6 mindən yuxarı komissiya formalaşdırılıb. Bu komissiyaların işinə 18 minə
yaxın əməyin mühafizəsi üzrə ictimai müvəkkil cəlb olunub ki, bunların
hamısının biliklərinin təkmilləşdirilməyə ehtiyacı var.
İşçilərin bilavasitə
iş yerlərində sosial müdafiəsinin təmin edilməsi məqsədilə AHİK həmkarlar
ittifaqı komitələrinə, əməyin mühafizəsi üzrə komissiyalara, ictimai əmək müvəkkillərinə
kömək məqsədilə metodiki vəsait hazırlayıb ki, hazırda bu çapa hazırlanır.
Bu yeni seçilmiş həmkarlar ittifaqı fəallarının təkmilləşdirilməsinə
əhəmiyyətli dərəcədə kömək edəcək.
Seminarda əldə
olunan biliklər iş yerlərində ayrı-seçkiliklə mübarizədə, gender bərabərliyinin
təmin olunmasında əməyin və sağlamlığın mühafizəsinə dair beynəlxalq
standartların tətbiq olunmasında, əməyin mühafizəsinə dair həmkarlar
ittifaqlarının aksiyalarında səriştəli surətdə istifadə edilməlidir.
Şübhə etmirəm ki,
seminarda əldə olunan biliklər həmkarlar ittifaqı fəallarının, mütəxəssislərin
layiqli əmək uğrunda, iş yerlərində sağlam və təhlükəsiz şərait yaradılması sahəsində
fəaliyyətində əlavə impuls olacaq.
Daha sonra BƏT-in əmək müfəttişliyi, sağlamlıq və təhlükəsizlik
üzrə mütəxəssisi Valentin Mokanu “Əmək müfəttişliyi, onun rolu və
funksioanllığı”, “Kimlər əmək müfəttişləri hesab olunur və onların işi nədən
ibarətdir”, “Yoxlama səfərləri necə aparılır”, BƏT-in işçilərin fəaliyyəti üzrə
baş mütəxəssisi Sergius Qlovaskas “Sosial müdafiənin təmin olunmasında dövlət
siyasətinin və qurumlarının qarşılaşdıqları problemlər” haqqında təqdimat
nümayiş etdiriblər.
Sentyabrın 15-də seminarda
növbəti müzakirələr keçiriləcək.