ƏMTKK-nın iclasında AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin çıxışı
25 Dec 2018
Biz bu gün komissiyanın iclasında “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Sərəncamın icrası ilə əlaqədar qarşıda duran vəzifələr barədə cənab sədr, hörmətli Əli müəllimin çıxışını və müvafiq nazirliklərin işçi qruplarının rəhbərlərinin görülmüş işlərlə bağlı məruzələrini dinlədik.
Təbii ki, Tədbirlər Planında nəzərdə tutulan məsələlərin
həyata keçirilməsi sahəsində görülmüş işlər təqdirəlayiqdir və onlar davam
etdiriləcəkdir.
Eyni zamanda qeyd etmək istəyirəm ki, Tədbirlər Planının
1.2, 1.8, 1.9, 1.12, 4.5. bəndlərində nəzərdə tutulan tədbirlərin icrası
ilə bağlı, baxmayaraq ki, biz orada əsas icraçı qismində deyilik, komissiyanın,
onun işçi qrupunun iclaslarında əməkdaşlarımız öz fikir və təkliflərini səsləndirmişlər.
Bildiyiniz kimi, bu gün dünyada heç bir ölkə iddia edə
bilməz ki, orada qeyri-rəsmi məşğulluq tamamilə aradan qaldırılmışdır. Çünki bu
problemin mövcudluğunda bəzi hallarda işçilərin özləri də maraqlıdırlar. Sirr
deyil ki, qeyri-rəsmi iqtisadiyyatda əməkhaqqı rəsmi iqtisadiyyatın bəzi sahələri
ilə müqayisədə daha yüksəkdir və digər tərəfdan, əmək bazarının gərginliyi də
buna öz təsirini göstərir. Məhz bu baxımdan işaxtaranların bir hissəsi “günəmuzd”
çalışaraq aldıqları əməkhaqqı ilə kifayətlənir, gələcəkdə sosial müdafiə məsələlərindən,
sosial sığortadan məhrum ola biləcəklərinə göz yumur və ya bəzi hallarda rəsmi
iqtisadiyyatda iş tapmaqda çətinlik çəkdiklərindən qeyri-rəsmi iqtisadiyyatda
çalışmağa üstünlük verirlər.
Bildirmək istəyirəm ki, Azərbaycanda qeyri-rəsmi
iqtisadiyyatdan rəsmi iqtisadiyyata keçidi ilə bağlı məsələ Azərbaycan
Respublikası Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın 11 may
2018-ci il tarixli yığıncağında müzakirə edilmişdir. Məsələ ilə bağlı BƏT-in
eksperti, Seffild Universitetinin professoru Kolin Vilyams məruzə ilə
çıxış etmişdir. İlk növbədə professor Azərbaycan Respublikası Prezidentinin 09
oktyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan
Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər
Planı”nda bütün məsələlərin ətraflı əhatə olunduğunu xüsusi vurğuladı. Sonra məsələyə
BƏT-in yanaşmasını izah etməklə, 204 saylı Tövsiyədə təsbit edilən
iqtisadi fəaliyyət növləri barədə ətraflı məlumat verdi.
Ekspert qeyri-rəsmi iqtisadiyyatın azaldılmasında nəzarət
və həvəsləndirmə tədbirlərinin həyata keçirilməsi məqsədilə elektron sistemlərin
səmərəliliyinin artırılması üçün qabaqlayıcı nəzarət tədbirinin
xüsusi əhəmiyyətini vurğulamışdır. Müzakirə olunan məsələ ilə əlaqədar təşviqat
və maarifləndirmə işlərinin daha səmərəli olduğunu diqqətə çatdırmışdır.
Ekspertin Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli
Komissiyaya tövsiyələri də olmuşdur. Onun fikrincə, Komissiyanın aidiyyəti
nazirlik, komitə, sahə üçün sahələrarası strateji məqsəd və hədəflər işləyib
hazırlaması bu qurumların qarşılıqlı əlaqəsinə böyük imkanlar açardı. Etiraf
etdi ki, dünyanın az ölkəsində Azərbaycandakı kimi tərəfdaşların bu səviyyədə
qarşılıqlı faydalı əməkdaşlığı mövcuddur ki, bu da çox təqdirəlayiqdir.
Azərbaycan həmkarlar ittifaqları qeyri-rəsmi
iqtisadiyyatın azaldılması ilə bağlı maarifləndirməni vacib amil hesab edərək
bu istiqamətdə fəal iş aparır.
Biz bu məsələdə öz potensialımızdan maksimum istifadə etməklə
yanaşı, Beynəlxalq Əmək Təşkilatı və Beynəlxalq Həmkarlar İttifaqları
Konfederasiyasının imkanlarından da yararlanmağa çalışırıq. Son illərdə qeyri-rəsmi
iqtisadiyyatın və qeyri-rəsmi məşğulluğun azaldılması sahəsində həmkarlar
ittifaqının vəzifələri ilə bağlı 11 tədbir (seminar və konfrans) keçirilmişdir.
Dinləyicilərin qarşısında sosial əməkdaşlarımızın nümayəndələri, həmkarlar
ittifaqlarının rəhbərləri və fəalları ilə yanaşı, yerli və beynəlxalq təşkilatların
ekspertləri də çıxış etmiş, təklif və tövsiyələrini vermişlər.
Bu istiqamətdə sonuncu tədbir AHİK-in BƏT-lə birlikdə
oktyabrın 18-19-da 80 nəfərin iştirakı ilə “Qeyri-rəsmi sektorun rəsmiləşdirilməsi
üzrə Azərbaycan Respublikasının tədbirlər və fəaliyyət planının yerinə yetirilməsində
həmkarlar ittifaqlarının rolu” mövzusunda keçirilmişdir. Konfransda sosial əməkdaşlarımızın
nümayəndələri ilə yanaşı, beynəlxalq ekspertlər (Azərbaycanda Avropa
İttifaqının layihə rəhbərləri Audras Bitinas və Audra Mikalauskayt), müstəqil
ekspert İlkin Nəzərov iştirak etmişlər. Dinləyicilər tərəfindən bir sıra təkliflər
də irəli sürülmüşdür.
Mən istərdim səsləndirilən bu təklifləri Komissiya üzvlərinin
nəzərinə çatdırım. Hesab edirəm ki, gələcəkdə onların reallaşdırılması istiqamətində
müəyyən addımlar atmaq olar. Bu da Tədbirlər Planının icrasının təmin edilməsinə
öz müsbət təsirini göstərə bilər.
Bu təkliflər aşağıdakılardır:
- işçiləri əmək münasibətlərini rəsmiləşdirməyə
stimullaşdırmaq (pensiya, müavinət, xəstəlik vərəqələri, iş vaxtına dəqiq riayət
edilməsi və s.);
- əmək bazarında təklif və tələb arasındakı uyğunsuzluğun
və işçilərin sahələr üzrə bölüşdürülməsində qeyri-mütənasibliyin aradan
qaldırılması;
- qeyri-rəsmi əmək münasibətlərində olan işçilərin
statistikasının dəqiqləşdirilməsi;
- qeyri-rəsmi iqtisadiyyatda çalışanların əmək və sosial
müdafiə hüquqlarının tanınması, habelə işçilərin maraqlarını qoruyacaq nümayəndəli
təşkilatların yaradılması imkanlarının öyrənilməsi;
- əmək bazarında diskriminasiyaya son qoyulmasına nail
olunması;
-sosial partnyorlarla qarşılıqlı əməkdaşlıq çərçivəsində
BƏT-in 204 saylı Qeyri-Rəsmi İqtisadiyyatdan Rəsmi İqtisadliyyata keçid Tövsiyəsinin
təbliğ olunması və bu sahədə BƏT-lə əməkdaşlığın davam etdirilməsi.
Qeyd etmək lazımdır ki, bu gün respublikamızda bir sıra
sahələrdə hələ də qeyri-rəsmi məşğulluğa şərait yaradan iri təsərrüfat müəssisələri
mövcuddur. Bu yaxınlarda dövlət vergi orqanları tərəfindən özəl tibb müəssisələrində
də külli miqdarda vergiyə cəlb olunmayan əməkhaqqı ödənişləri aşkar edilmişdir.
Bütün bunlar bir daha bizim əvvəl də təklif etdiyimiz mobil monitorinq
qruplarının yaradılmasını zəruri edir. Hesab edirik, komissiyanın işçi qrupu nəzdində
mobil monitorinq qrupları yaradılmalıdır. Bununla biz qarşıya çıxan məsələlərə
operativ yanaşmanı və onların həllinin tezləşdirilməsini təmin etmiş olarıq.
Diqqətinizə görə minnətdaram!